Uşağın dünyaya göz açması gənc ailələrin, eləcə də nənə-babaların ən böyük arzularından biri olur. Uşağın sağlam və ya xəstə doğulması, hətta hansı qan qrupu, hansı rezusla doğulmağı da gendən asılı olur.

Bəzən uşaq ananın və atanın qan qrupunda yox, fərqli qan qrupunda doğulur. Bu zaman isə "uşağımın damarlarında mənim qanım axır” ifadəsi sanki ikinci plana keçir. Bəzi ailələrdə bu narazılıqla qarşılanır, hətta boşanmaya qədər gətirib çıxara bilir. Bəs bütün bunların səbəbi nədir?

Məsələ ilə bağlı ATV.az-ın suallarını B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun İmmunalogiya şöbəsinin İmmuno-hemotologiya laboratoriyasının müdiri Günel İbrahimova cavablayıb.

- Uşağın hansı qan qrupunda doğulmağı nədən asılıdır?

- Bildiyiniz kimi, 4 qan qrupu var – I, II, III, IV. Bu qan qruplarının tibbi formasına nəzər salaq. I qan qrupu – 0; II qan qrupu – AA; III qan qrupu – BB, IV qan qrupu isə - AB adlanır. II və III qan qrupları özləri də heteroziqot və homoziqot ola bilər. Yəni, II qan qrupunda homoziqot AA , heteroziqot isə A0 deməkdir. III qan qrupunda isə homoziqot – BB, heteroziqot isə BO deməkdir. Məsələn, deyək ki, ailə quran şəxslərin hər ikisi II qan qrupudur. Onlar evlənən zaman biz deyə bilmərik ki, onlar homoziqotdur, yoxsa heteroziqot. Bu yalnız uşaq doğulandan sonra müəyyən olunur. II qan qrupunda həm qadın, həm də kişi heteroziqotdursa, (A0) bu qan qrupunun çarpazlaşması ilə dünyaya gələn uşağın qan qrupu– AA, A0 ola bilər. Və 25 faiz halda hər ikisi II qrup olmasına baxmayaraq, doğulan uşaq I qan qrupu ola bilər. Çünki ana və ata genetik olaraq, heteroziqotdurlar, yəni, onlar 0-ı daşıyırlar, ona görə də I qrup olma ehtimalı var. Bu cütlüyün bir neçə uşağı olursa və hər ikisi AA olursa, demək valideynlər homoziqotdular. Amma bu, bütün qan qruplarına aid deyil.

Əlbəttə ki, elə qan qrupları var ki, məsələn, I və III qrup evlənsə, II qan qrupu uşağın doğulma ehtimalı heç cür yoxdur. Çünki burada II qan qrupunda dediyimiz A yarana bilməz. Və ya IV qrup I qrupla evlənir. Burada I qan qrupu heç cür doğula bilməz. IV qan qrupu – AB-dir və I qan qrupu 0-dır. Burada deyək ki, qadın IV qrupdur, AB, kişi isə I qrup, yəni 0. Bunlar ailə quranda, yenə qan qruplarının çarpazlaşması nəticəsində doğulan uşağın qan qrupu ola bilər – II, III, homoziqut və heteroziqot formada. Terminoloji olaraq da görsənir ki, burada doğulan uşaq heç zaman I qan qrupu ola bilməz.  Bu evlilikdə uşaq ata və ananın qan qrupunda olmur. Və ya deyək ki, men homoziqotam II qrupda, həyat yoldaşım heteroziqotdur III qan qrupunda. Bu evlilik zamanı uşaq II qan qrupu ola bilər, amma heteroziqot formada. Ya da uşaq III qan qrupunda olacaq, ancaq heteroziqot formada. Bunları bilmək sırf ixtisasla bağlı bir şeydir.

- Bəs homoziqot və heteroziqot nə deməkdir?

Homoziqot o deməkdir ki, yəni safdır. Məsələn, qaradərili ilə ağdərili ailə qurur. Bir neçə nəsil uşaq ağdərili olur. Amma neçə vaxtdan sonra həmin nəsildə doğulan uşaq qaradərili olur. Yəni, bu genetikdir. Bax, məsələn, deyilir ki, qohum qohumla evlənməsin. Çünki gen getdikcə saflaşır, bu isə yaxşı bir şey deyil. Heteroziqot isə o deməkdir ki, əlavə bir gen olur. Məsələn, AA homoziqotdur, artıq A-nın yanında 0 olursa, bu, heteroziqotdur. Burda isə saf deyil, amma bu, yaxşı bir şeydir. Yəni, bütöv olaraq eyni deyil, tərkibində başqa əlamətlər də mövcuddur ki, bu da lazımlı bir şeydir.

Dediyim kimi həm II, həm də III qan qrupunun homoziqot və heteroziqot formaları mövcuddur. II və III qan qrupu olan evliliklərdə doğulan uşaqların hansı qan qrupunda doğulmağı homoziqot və heteroziqot formalardan asılıdır. I və IV qan qrupunda isə şərtlər bir az dəyişir. Burada homoziqot və heteroziqot formalar yoxdur, biri 0, biri isə AB-dir. Amma məsələn, I və IV qrup evliliyində, yəni 0 və AB-də uşaq birini atadan götürür, birini də anadan. Tutaq ki, atadan 0-ı götürür, anadan isə A-nı və ya B-ni. Bu çarpazlaşmada da yenə də, II və III qan qrupu uşaq doğulur, yəni olur ya A0 (heteroziqot), ya da B0 (heteroziqot). Evlilik zamanı iki 0 bir yerə düşməlidir ki, doğulan uşaq I qan qrupu olsun.

Tutaq ki, ana I qan qrupudur, yəni 0, ata isə II qan qrupudur, yəni A0. Bu zaman anadan 0 və atadan da A0-dan 0-ı götürür və olur I qan qrupu. Və ya valideynlərin biri I (0), biri isə II (AA, AO) qan qrupudur. Doğulan uşaq IV qan qrupu ola bilməz, çünki o qrup AB-dir, ata və ananın qan qruplarında da B yoxdursa, bunu hardan alsın? Bu səbəbdən də I və IV qrup evlilikləri dediyim kimi, ancaq II və III qan qrupu olur. Eyni ilə, dediyim kimi II və III qrupda, deyək ki, xanım AA-dır (II), ata isə BB-dir (III). Onlar da evlənəndə, uşaq A-nı anadan aldı, B-ni atadan aldı, olur IV qan qrupu, homoziqut formasında. Hər ikisi heteroziqot formadırsa, onda uşağın I qan qrupunda doğulma ehtimalı var. Yəni, ana A0, ata B0-dır tutaq ki, uşaq həm anadan, həm də atadan 0-ı alacaq və I qan qrupu olacaq.

- Bəs hansı qan qrupunda olanda uşaq mütləq ya ana, ya da atanın qan qrupunda olur? Yəni orada başqa qan qrupu ola bilməz.

- Məsələn, hər iki valideyn yalnız II qrupdular və hər ikisi homoziqot formadır. Yəni ana da AA-dır, ata da. Burada heç cür başqa qan qrupu yarana bilməz. III qrup yenə, hər iki valideyn homoziqot formadırsa, burada da ana da BB-dir, ata da. Burada da yenə, başqa qan qrupu yarana bilməz. Və ya götürək, I və III qan qruplarını. Burada fərqi yoxdur, III qan qrupunda olan şəxs homoziqot BB, yoxsa heteroziqotdur BO formamadır.

Burada əgər III qan qrupunda olan valideyn homoziqotdursa, uşaqlar hamısı I qan qrupunda olur, heteroziqotdursa, bu zaman həm I, həm də III qan qrupu ola bilər. Heç valideynlər özləri də bilə bilməz ki, o, homoziqotdur, yoxsa, heteroziqot. Bu uşaq doğulandan sonra müəyyən olunur. Bunu isə ixtisas həkimləri bilir. Eyni şey I (0) və II qan qrupuna (AO) da aiddir. Əgər II qrupda olan şəxs homoziqotdursa, uşaq I qan qrupunda doğulacaq, əgər heteroziqotdursa, bu zaman həm I, həm də II qan qrupunda doğula bilər. Dildə də belə bir söz var ki, I qan qrupu daha təmizdir. Hər bir halda I qan qrupu 0-dır, əlavə heç nə daşımır, yəni təmiz bu qan qrupuna aiddir.

Burda ən maraqlı budur ki, I və IV qan qrupu ailə quranda yalnız II və III qan qrupu, II və III qan qrupu evlənəndə isə hər ikisi heteroziqotdursa, bu zaman yalnız I və IV qan qrupunda uşaq doğulur. Əgər hər ikisi homoziqotdursa, bu zaman ancaq IV qan qrupu olur uşaq. II və III qan qrupunda biri homo, biri heteroziqotdursa, bu zaman həm III, həm IV qrup ola bilər. Əgər II qrup heteroziqot, III homoziqotdursa, burada olacaq III və IV qan qrupu. Yox əgər, II homo, III heteroziqotdursa, o zaman da burada olacaq II və ya IV qan qrupu.

- Təxmini bir statistika varmı ki, doğulan uşaqlar daha çox ata və ananın qan qrupu ilə doğulur, yoxsa fərqli?

- Elə bir statistika yoxdur, sadəcə olaraq mən 7 ildir bu işlə məşğul oluram. Şahidi olduğum budur ki, daha çox valideynlərdən hansınınsa qan qrupu ilə uyğunluq daha çox olur. Çox az rast gəlmişəm uyğun olmamağına.

- İndi isə qanın mənfi və müsbət rezusu haqda danışaq

- Rezusun, yəni qanın mənfi və ya müsbət olmağının anaya və ataya heç bir aidiyyatı yoxdur. Nəsildə kimdəsə mənfi varsa və ya keçmişdə olubsa, bu üzə çıxa bilər. Rezus RH (+) və (-) deməkdir. Ümumiyyətlə, rezus faktoru D hərfi ilə işarə olunur. Böyük D və kiçik d. Dominant (D) və resesif (d) gen deyilən bir şey var. Bunun dediyim kimi, ataya və anaya aidiyyatı yoxdur. Bu, dominant və resesif olaraq ötürülür. Nəsildə hətta bir nəfərdə mənfi rezus varsa, o, uşaqda da çıxa bilər. Yəni, ata və ana hər ikisi müsbət ola bilər. Böyük D müsbət, balaca d mənfi rezus deməkdir. Böyük və kiçik d-lər nəsillikcə ötürülür və nə zamansa mənfi olur. Amma kiçik d böyük D-nin yanında kiçik qalır, ona görə yenə də olur müsbət rezus. Çünki burada dominantlıq edən böyük D olur. Amma nəsillər ötdükcə nə zamansa, balaca d-lər yan-yana düşür, bu zaman böyük D olmur, yəni dominantlıq edən olmur deyə qan olur mənfi rezuslu. Dediyim kimi, bunun ailəyə heç bir aidiyyatı yoxdur, genlə ötürülür. Rezus faktorun qan qrupuna heç bir aidiyyatı yoxdur. Qrup tamamilə başqa bir elmdir. 

- Uşaq doğulmamışdan öncə, onun mənfi və ya müsbət rezuslu doğulacağını müəyyən etmək mümkün ola bilər?

- Müsbət rezus daha çox üstünlük təşkil etdiyi üçün, 90 faiz halda ehtimal edilir ki, uşağın rezusu müsbətdir. Amma biz uşaq ana bətnində olanda rezus uyğunsuzluğu analizini edirik. Mənfi rezuslu analara hamilə zamanı mütləq anti-tela qoyulur, yəni anti-cisimlər. Yəni, 9 ay müddətində hər ay yoxlanılır. Ana mənfi, uşaq müsbət rezusludursa hər ay hamilə qadın anti-tela göndərilir. Çünki o uşaq müsbət, ana mənfi rezuslu olanda, bu zaman orqanizmdə konflikt yaranır. Ananın qanı mənfi olduğuna görə, orqanizmi uşağı yad cisim kimi qəbul edir.

Birinci uşaqda bu çox zaman yaranmır, çünki orqanizm hələ tam bilmir vəziyyət necədir, onu yad kimi qəbul eləmir. Amma ikinci uşaqda mütləq yaranır, o yaranandan sonra da uşaq ana bətnində qalmır. Çünki orqanizm onu yad bir şey kimi qəbul edir. İndi immunoqlabinlər kəşf olunub, yəni, mənfi rezuslu qadın hamilə qalanda onu təcili olaraq anti-tela göndərirlər. Əgər anti-tela təmiz çıxırsa, uşaq da çox zaman təmiz çıxır. Bu dərman vasitəsidir, immunoqlabinlər qəbul edilir ki, ananın orqanizmi uşağı yad bir şey kimi qəbul etməsin. İkinci uşaqda da hamiləlik normal keçsin. Amma ana da, uşaq da mənfi rezusludursa, heç bir problem yaranmır. Sadəcə olaraq, bunu hələ uşaq doğulmamış müəyyən etmək mümkün olmadığına görə, ana 9 ay o analizi verir. 

- Bəzən mənfi qan rezusu olan şəxs, istəyir ki, yalnız mənfi rezuslu biri ilə ailə həyatı qursun. Bunun həqiqətən də uşağın necə doğulmasına bir aidiyyatı var?

- Heç bir aidiyyatı yoxdur. Sadəcə hər iki valideyn mənfidirsə, demək o uşaq 99,9 faiz mənfi rezusludur və hamiləlik zamanı anti-tela qoyulmur. Əgər ana müsbət, ata mənfi rezusludursa, bu zaman yenə anti-tela qoymağa ehtiyac olmur. Uşağı daşıyan anadır. Çünki ananın qanı müsbətdirsə, böyük D-dir, yəni, dominantdır. Dominant ananın orqanizmidirsə, o uşağı da qəbul edə bilir, yad kimi qəbul etmir.

.