Türk dünyasında tələbə mübadiləsi proqramlarına ayrılan vəsaitin artırılması təklif olunub.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türk Dövlətləri ilə Əlaqələr Başqanlığının koordinasiyası ilə oktyabrın 9–11-də Kocaelidə keçirilən “Türk Dünyası Gənclər Görüşü: Ortaq miras, tək ürək” proqramının yekun bəyannaməsi qəbul edilib.
Bəyannamədə Orhun Mübadilə Proqramının inkişaf etdirilməsi və büdcəsinin artırılması, Türk Universitetləri Birliyinin fəaliyyətinin təkmilləşdirilməsi, elm və süni intellekt sahələrində əməkdaşlığın gücləndirilməsi, gənc diplomatlar üçün proqramların inkişaf etdirilməsi və ortaq mədəni irsin təbliği ilə bağlı ümumilikdə 11 təklif irəli sürülüb.
Sənəddə media, musiqi və incəsənət sahələrində əməkdaşlığın genişləndirilməsi, gənclər üçün sosial məsuliyyət layihələrinin həyata keçirilməsi də nəzərdə tutulub.
Növbəti Türk Dünyası Gənclər Görüşünün 2027-ci ildə Kayseridə keçirilməsi təklif edilib.
Bundan başqa, türk əsilli futbolçuların Türk Dövlətləri Təşkilatına üzv ölkələrin milli liqalarında yerli oyunçu statusunda çıxış etməsi üçün müvafiq işlərə başlanması təklifi də bəyannaməyə daxil edilib.
.
