Siyasi analitik Tahir Cəfərli hesab edir ki, Türkiyədə antimilli Avropalaşmaya qarşı inqilab baş  verir…
 
-Tahir müəllim, artıq bir həftədən  çoxdur ki, dünyanın  bütün aparıcı mediası Türkiyədən və orada baş tutmayan dövlət çevrilişinə cəhddən danışır.  Qardaş ölkədə növbəti uğursuz qiyamdan  sonra nə baş verir?
-Əlbəttə ki, inqilab… Bəli, təəccüblənməyin. Hesab edirəm ki, Türkiyə xalqının hərbiçilərə qarşı, daha doğrusu, Qərbin nökərləri olan Türkiyə generalitetinə və kamalistlərin süni şəkildə ölkənin avropalaşdırmaq siyasətinə qarşı xalq üsyanı baş verir…
 
 
-Bunu necə anlayaq?
-Çox sadə.  500 illik nəhəng Osmanlı dövlətini dağıdanlar Türkiyə xalqını on illər ərzində əzib, onların beyinlərinə avropalılardan geri qaldıqlarını yeridirdilər. Osmanlı tarixini təhrif edərək bu dövlətin yaratdığı yüksək mədəniyyətin, mənəviyyatın üstündən xətt çəkirdilər. Ölkə bir qrup Amerika-Avropa əlaltısı olan hərbçinin əlində oyuncağa çevrilmişdi. Nə deməkdir Avropalaşmaq? Öz köklərindən uzaqlaşmaq? Nə üçün Şərqli ola-ola bir zaman qüdrətli olan ölkə, Avropanın özünə mədəniyyət gətirən ölkə, özünü alçaltmalı, kamalistlərin ölkəni Qərbdən asıı vəziyyətə salmalarına dözməlidir?..
Bunlar eyni zamanda Türkiyəni, fransızların təbirincə desək, Qərbin "konon de şeyasına” çevirmişdilər. Türk balaları Qərbin maraqlarını qorumaq üçün Yaxın Şərqdə toqquşmaların qurbanı olurdular. Niyə? Bu, Türkiyəyə nə verirdi. 25 il bundan öncə Türkiyənin baş naziri  Nəcməddin Ərbakan Qərbin Türkiyəni parçalamaq  və onun ərazisində "Kürdüstan” yaratmaq planları ilə bağlı faktları üzə çıxardı.  Ərbakan kürd peşmərgələrinə silah verənlər arasında Türkiyə hərbçiləri də olduğunu bildirmişdi.  Bundan əlavə, sabiq baş nazir Qərbdən asılı olmayan uqtisadi siyasət yeritmək üçün Türkiyədə Mallayziya modelində iqtisadiyyat formalaşadırmağı planalaşdırırdı. Bu isə Qərbin maraqlarına zidd idi. Odur ki, hərbi xunta Ərbakanı yıxıb hakimiyyəti əlindən aldı. Və  bütün bunlar Türkiyə xalqının həyat səviyyəsini aşağı endirdi.
Hərbçilər dövlət çevrilişləri nəticəsində on minlərlə insanın qanını axıdıb, ölkəyə faciələr gətiriblər. Ama etdikləri cinayətlərə görə biri də cəzalandırılmayıb. Bütün bunlar xalqın onlara olan nifrətini artırmışdı. Odur ki,  hərbçilərin son çevriliş cəhdlərinin qarşısını xalq aldı və onların nökərlərindən uzaqlaşmaq üçün Prezidentləri  ətrafında birləşdilər. Bu günkü Türkiyə üçün bir ən paradoksal hadisə odur ki, son qanlı qiyama qarşı müxalifət də xalqın və Prezidentin ətrafında birləşdi. 

-Bu proseslər nə ilə nəticələnə bilər?
-Hər şeydən əvvəl xalq öz mənəvi və dövlətçilik dəyərlərinə qayıdacaq, tarixin "ağ ləkələri” açılacaq, ölkəyə qarşı 95 il ərzində edilmiş xəyanətlərin üstü açılacaq. Türkiyə xalqı öz dövlətçilik təməllərini bərpa edəcək. Bu, əlbəttə ki, Osmanlı dövlətinin əsas ideoloji  prinsiplərindən olan "Bütün müsəlmanlar qardaşdır, irqindən, milliyyətindən, cinsindən asılı olmayaraq  bütün müsəlmanlar bir ümmətdir” formulu əsas rol oynayacaq...
 

-Bu,  Türkiyəyə nə verə bilər?

-Birincisi, bu, ölkədə vətəndaşlıq prinsipinin aliliyini təmin edəcək. Türkiyə Atatürkün qoyub getdiyi hərbi kasta sistemindən uzaqlaşaraq müstəqil, Qərbdən asılı olmayan siyasət yeridəcək. Ölkədə stabillik təmin olunacaq. Bundan əlavə, Türkiyə ancaq dövlət maraqlarından çıxış edəcək. Və  bu əsasda qonşularıyla, o cümlədən Rusiya və İranla iqtisadi zəmində ittifaq quracaqdır. Bu, Türkiyənin yeganə xilas yoludur və ölkəni regionun ən qüdrətli dövlətinə çevirməkdədir...
-Bəs sizcə, Qərbin buna reaksiyası necə olacaq?
-Qərbin reaksiyası əvvəllər olduğu kimi yenə də hərbi çevrilişin hazırlanmasıyla və həyata keçirilməsi cəhdiylə özünü göstərdi. Lakin bu dəfə Qərb  oyunu uduzdu. İnşallah, növbəti düşmən oyunları da iflasa uğrayacaq...
 
 
-Niyə xalq və Prezident İslam cərəyanı kimi tanıtdırılan nurçulara qarşı mübarizəyə qoşulub? 

-Çünki illərdir ki, nurçuluğun hərbi xunta ilə əlaqəsi üzə çıxıb. Bundan əlavə, onların dövlət idarəçiliyində geniş  şəbəkə qurması və faktiki olaraq bu məmurların Qərbin oyunçularına çevrilməsi ölkədə dərəbəylik yaradırdı. Odur ki, çevriliş təşəbbüsündən sonra Türkiyə höküməti  növbəti dəfə fətullahçı-nurçulardan təmizləmə prosesini başlatdı...
 

-Bütün bu təmizləmə nəyin əsasında baş verir? Bəzi Ərdoğan əleyhdarları bir sıra hərbçi və məmurların qondarma ittihamlarla işdən çıxarıldıqlarını və həbs edildiklərini iddia edirlər?

- Bu, tamamilə yanlış bir fikirdir. Əsassız heç kimi heç yerdən uzaqlaşdlrmırlar. Türk xalqının gözü önündə minlərlə insana qarşı belə bir prosesi qanunsuz olaraq aparmaq mümkün deyil. Deməli, Türkiyənin xüsusi orqanları uzun müddətdir ki, onların fəaliyyətini izləmiş, konkret qərar vermiş və bunlar əsasında həmin təmizləmələr başladılımışdır...
-Vəzifədən uzaqlaşdırılanlar arasında minlərlə dekan, professor, müəllimlər və s. var. Hətta İstanbul universiteti bağlanıb...
-Səbəb əlbəttə ki, nurçuluqla əlaqəlidir və bu, həmin təriqət  imamlarının Qərbin xüsusi orqanları ilə yaxınlığından xəbər verir. Və onu da qeyd etməliyik ki, hər çevrilişin ideoloji bazası olduğu kimi, Türkiyədə baş tutmayan sonuncu çevriliş cəhdinin də ideloji bazası nurçuluq olub. Odur ki, bu təriqət üzvləri ölkəyə növbəti dəfə zərər vurmasınlar deyə, vəzifələrindən uzaqlaşdırılmaqdadırlar. Ümumiyyətlə, nurçuluğun siyasi mahiyyəti dövlət daxilində dövlət yaratmaqdır. Və heç bir ölkə bununla razılaşmaz. Odur ki, Türkiyə iqtidarı nurçularla mübarizəni hələ bir neçə il bundan əvvəl başalmışdı.  Və onların dövlət çevrilişinə cəhdi bu prosesi daha da gücləndirdi...

-Bəzi KİV yazırlar ki, nurçuluğun Azərbaycanda da kök  salması faktını Ərdoğan Azərbaycan Prezidenti İ.Əliyevə Soçi olimpiadasında deyib və bu şəbəkənin dövlət aparatında da vüsət aldığını bildirib. Odur ki, o dövrdə bir neçə məmur vəzifədən uzaqlaşdırılıb...

-Burada həqiqət var. Azərbaycan Prezidenti bu təriqətdən gələcək  zərbələri bilirdi və Ərdoğanın mübarizəsinə dəstək verdi. Azərbaycanda da nurçu yuvaları dağıdılmaqdadır. Dövlətçilik nöqteyi-nəzərindən bu düzgün addımdır...
 
 
-Prezident R.T. Ərdoğanın F. Güləni ABŞ-dan tələb etməsinə necə baxırsınız?
- Düzgün siyasi addım kimi. Əgər ABŞ F.Güləni Türkiyəyə qaytarmasa (inanmıram ki, qaytaracaq), Türkiyənin ABŞ-dan uzaqlaşma prosesi başlayacaq. Nurçularla bağlı son hadisələr onu göstərir ki, Türkiyə "dövlət içində dövlət” yaradan nurçuları idarəçilikdən və ordudan tam uzaqlaşdır. Bu da Türkiyədə Qərbin təsir agentlərinin sonu deməkdir. Deməli, xalq ölkə rəhbərliyindən Qərbın oyunlarından uzaq olmağı tələb edir. 
 

-Bunu nə ilə izah edə bilərsiniz?

-Yadınızda varsa, Petersin planı... Bu, Türkiyəni parçalamaq planı idi və MKİ və Pentaqon tərəfindən hazırlanmışdı. Bu planın üzə çıxması Türkiyə vətəndaşlarının Qərbin onlara qarşı siyasətinə nifrət yaratmışdı. Bu faktı o zaman, bayaq dediyim kimi, Türkiyənin mərhum Baş naziri Ərbakan açmışdı. Odur ki, , hərbi xunta onu vəzifədən uzaqlaşdırıb həbs etdirmişdi. Xalqın istəkli liderinə qarşı edilən bu xəyanət, əlbəttə ki, cəzasız qaldı, ancaq xalqın yaddaşından silinmədi . Bu nifrətin nəticəsidir ki, xalq bu gün Ərdoğana dəstək verərək hərbi xuntanı darmadağın etdı. 
 

-Qərb Türkiyəni gücdən salmaq üçün onu regional müharibəyə sövq edirdi. Türkiyənin Liviya, Suriya, İraqdakı proseslərdə bu və ya digər formada iştirakı bununla izah olunurdu...

-Elədir. Belə şəraitdə Türkiyə xalqın boğazından kəsib, Qərbin avantüralarına pul ayırmalı olurdu və faktiki olaraq bu ölkələrdə hərbi əməliyyatlar aparmaq ölkəyə heç nə vermirdi. Əksinə, gücdən düşdükcə Türkiyəyə düşmən kəsilmiş qüvvələr hərəkətə keçirdi. 
 

-Bəs indi?

- Fikir verin. Xuntaya qarşı xalq inqilabından sonra "PKK” tərəfindən elə  bir  təxribat yoxdur. Belə təsəvvür yaranır ki, onlar bir mərkəzdən idarə olunurdular və bu mərkəz daha yoxdur. Və həmin  mərkəzin elə son dərbə təşəbbüsündə bulunan hərbi xunta olduğu təsəvvürü yaranır. Sizə elə gəlmirmi ki, xuntanın həbsi buna son qoyub? Yadıma O.Pamukun "Qar” əsəri düşür. Orada türk-kürd xalqlarını bir-birinə qarşı qoyanların Qərbin tapşırığı ilə hərəkət edən həbi xuntanın olduğu göstərilir və kürdlərın məhz satqın hərbçilərin vasitəsi ilə silahlandırıldığı açıqlanır... 
 

-Qərb mətbuatı Türkiyədə gedən inqilabı prosesləri İslamçılıqla əlaqələndirirlər və Ərdoğanın Qərbdəki siyasi opponentləri onun İslam dövləti yaradacağına işarə edirlər...

-Ərdoğanın opponentləri, Türkiyədə törətdikləri dövlət çevriliş cəhdinin baş tutmamasını bununla ört-basdır etmək istəyirlər. Fikir verin, Türkiyənin müxalifət partiyalarına. Onların hamısı dünyəviliyin tərəfdarlarıdır. Bəs onda nə üçün onlar Ərdoğanı müdafiə etdilər? Ərdoğan müsəlmandır, həqiqi müsəlmandır, dini dəyərlərə arxalanıb , ölkəsini idarə edir. Kim deyə bilər ki, İslamın həqiqi dəyərləri, dünyaya fəlakət gətirə bilər? Türkiyə öncə Allaha güvənən və İslami dəyərləri daim uca tutan dünyəvi dövlət olaraq qalacaq... 
 

- Bəzi KİV-lər bu çevrilişi Türkiyə-Rusiya yaxınlaşması ilə də əlaqələndirirlər...

-Rusiya 11 mart 2011-ci ildə Atatürk-Lenin müqaviləsini bərpa etməklə, Türkiyəyə daha da yaxınlaşırdı. Türkiyədə atom elektrik stansiyasını öz hesabına tikməyi planlaşdırırdı. Və  qaz kəmərlərinin buradan keçməsini təklif edirdi. Bu birlik yaransa idi, Türkiyə Avropa ilə diktə ilə danışa bilən çox güclü bir dövlətə çevrilirdi. Çünki Avropanın bütün enerji xətləri Rusiyadan Türkiyədən keçməklə gedəcəkdi. Zənnimcə, bu qiyam aktı Türkiyə ilə Rusiyanın yanaşmasını istəməyən qüvvələrin də işi ola bilər. Rusiyanın təyyarəsinin vurulması da bununla bağlıdır. Beləliklə, Türkiyə böyük imkanlar itirirdi: Rusiyadan bura gələn turistlər gəlmədi. Türk biznesmenlərinin açıq şəkildə Rusiyadan qovulması, kənd təsərrüfatı mallarına sanksiya qoyulması və s. Türkiyəyə böyük zərbə vurdu. Təyyarənin vurulması iki ölkə arasında başlayan dostluğa son qoya bilərdi. Ancaq indi məlum olur ki, "Su-24”-ün vurulması da  qiyamçı xuntanın əməli olub.
 

- Tahir müəllim, bəs Türkiyədə baş verən son hadisələrin Azərbaycana  gələcək  təsiri necə  ola bilər?

-Əllbəttə ki, müsbət. Hadisələr göstərir ki, Türkiyə rəhbərliyi Rusiyaya ilə əlaqələri daha da bərpa edəcək və dünyanın ən qüdrətli xammalı olan ölkənin bazarını ələ keçirəcək. Bu, Qərbin sanksiyalarına sinə gərən Rusiyanın da xeyrinədir və hər iki ölkə üçün geniş imkanlar yaradır. Türkiyə -Rusiya yaxınlaşmasında isə Azərbaycan körpü rolunu oynaya bilər. Belə olduğu halda Ermənistan Rusiya üçün öz strateji əhəmiyyətini itirəcək və nəticədə Qarabağın azad edilməsi üçün də şərait yaranacaq...
.