Ədəbiyyatşünas, nəqqaş, xəttat, musiqişünas, rəssam Mir Möhsün Nəvvab XIX əsrin ikinci yarısında Azərbaycan mədəniyyəti və ədəbiyyatı sahəsində özünəməxsus yer tutur. Onun “Teymurləngin portreti”, “Quşlar”, “Çiçəklər” rəsmləri, “Vüzuh-ül-ərqan” musiqi əsəri bədii yaradıcılığı ilə yanaşı, rəssamlıq və musiqi sahəsində də həvəslə çalışdığını ğöstərir. “Vüzuh-ül-ərqan” əsərində Nəvvab muğamatı təhlil edərək onu şöbə və guşələrə ayırmış, bu xüsusda bir cədvəl tərtib etmişdi. “Vüzuh-ül-ərqan” klassik musiqi tarixini öyrənmək sahəsində qiymətli bir təşəbbüs idi”.
M.M.Nəvvabın təşəbbüsü ilə təşkil edilən “Məclisi-fəramuşan” və ya “Məclisi-xamuşan” ədəbi məclisləri ədəbiyyat tarixində klassik bədii irsin öyrənilməsi və təbliği sahəsində böyük rol oynamışdır. Nəvvab özü mollaxana təhsili alsa da, ədəbi və pedaqoji fəaliyyətində yeniliyə meyilli idi. O, məclisə toplaşanları dünyada baş verən yeniliklərdən xəbərdar etmək üçün Bakıdan, Tiflisdən “Əkinçi”, “Ziya”, “Kəşkül” qəzetləri gətirdir, onları məlumatlandırırdı.
Ədibin yaradıcılığında “Təzkireyi-Nəvvab” əsərinin xüsusi yeri var. Özünün də təzkirədə etiraf etdiyi kimi, “bu əsəri yaxın dostlarının xahişi ilə 1881-ci ildə yazmağa başlayıb və bitirdikdən sonra da (1892) ardıcıl üzərində işləyib”. Daha çox Şuşa ədəbi mühiti ilə bağlı olan təzkirənin böyük bir hissəsi fars dilində yazılmışdır. Əsər 2 hissədən ibarətdir. Birinci hissədə 32, ikinci hissədə 56 şair haqqında məlumat verilir. Təzkirəni yazarkən haqqında bəhs etdiyi şairlərin bəzilərini Nəvvab tanıyır, bir qismi isə artıq dünyasını dəyişmişdi. Əsərin bitirilmə tarixini müəllif əvvəldə qeyd edir: “Qarabağın Şuşa şəhərində 1310-cu il səfər-əl-müzəffər (1892-ci il sentyabr) ayında çərşənbə axşamı xitama yetdi”.
Klassik ədəbi ənənəyə uyuğun olaraq, Nəvvab əsəri uca Allahın adı ilə − “bismillahir-rəhmanir-rəhim”lə başlayır. Allahın böyüklüyü qarşısında onun qüdrətindən qüvvət aldığını bildirir. Əsərin yazılma səbəbi ilə bağlı alim göstərir ki, din qardaşları və ruhani dostların arzusu ilə “tarixin səhifələrində bir yadigar kimi qalması üçün Qarabağ şairlərinin əziz adları, onların keçdikləri həyat yolunu toplayıb” bir təzkirə tərtib etməyi qərara alır. Təvazökarlıqla özünün bu böyük işin qarşısında “yüksək ləyaqət və bacarığa” malik olmadığını etiraf edən Nəvvab əsəri yazır və “Təzkireyi-Nəvvab” adlandırır. Onun fikrincə, əlinə qələm alıb bədahətən şeir yazmaq özünü dövranın alimi adlandıranların əməllərindən üstündür. “Bahar gəldi, gül gəldi, bülbül gəldi, Bənövşə məst olub sünbül gəldi” beytini misal çəkən ədibə görə, bu beyti deməklə yer üzündə heç kimə “xardal dənəsi boyda” zərər dəymir, baharın, gülün, bülbülün gəlib-gəlməməsindən şəriətə də ziyan dəymir. Bu, nə Allaha, peyğəmbərə, xalqa böhtan və iftira, nə də paxıllıq, həsəd və şərdir. Nəvvab yazır: “Baharın, gülün və bülbülün gəlməsi üçün heç kəs şahid-dəlil istəmir. İntəhası biz deyirik ki, bahar gəldi, güllər açıldı, − əgər gəliubsə, düz demişik və əgər gəlməyibsə, yəqin ki, gələcək və gər bahar gəlib, yəqin ki güllər və reyhanlar da gələcək. O vaxt ki güllər açılır, mütləq bülbüllər də cəh-cəh vurur”.
Şeir yazmağı savab və günahsız iş sayan Nəvvab zəmanə zahidlərinin əməllərini pisləyir, onların əməllərindən vilayətdə qarışıqlıq yarandığını, islamın nüfuzunun alçaldığını, övladların valideynlərinin üzünə ağ olduğunu dilə gətirir. Nəsrlə verdiyi giriş hissədən sonra o, “dinə rəxnə salan” şəxsləri tənbeh edir.
Müqəddimə adlandırıla biləcək hissədə Nəvvab əsərin 3 hissədən ibarət olacağını göstərir; birinci hissə − həyatda olmayan şairlərin əhval və şeirləri, ikinci hissə − həyatda olan şairlərin əhval və şeirləri, üçüncü hissə − kitabın xatiməsi (sonluğu), məzhəkəli şeir parçaları, satiralar, əvvəlki hissələrdə adları getməyən və Qafqaz şəhərlərinin şairləri. Özünəqədərki təzkirələrin bir dildə yazıldığını vurğulayan ədib öz əsərini iki dildə − fars və türk dilində yazacağını da qeyd edir.
Təzkirənin “Mərhum Qarabağ şairlərinin həyatı və şeirləri” adlanan birinci hissəsi nəsrlə yazılmışdır. Bu şairlər sırasında Nəvvab ilk olaraq XVIII sər şairi Molla Pənah Vaqifdən söz açır. Qarabağ xanlığının eşikağası, daha sonra vəziri olmuş Vaqif uzun müddət Şuşada yaşayıb-yaratdığına görə Nəvvab onu Qarabağ şairləri sırasında verir. Vaqifin Şuşa qalasına gəlməsi, Məhəmməd bəy tərfindən edam edilməsi, şairin ağköynək təriqətinə mənsub olduğu barədə danışır, təxəllüsünün “Vaqif” olduğunu göstərir. Lakin mənbələrdən fərqli olaraq, Vaqifin ölüm tarixi ilə bağlı yazıçı 1215-ci (1800-1801) ildə sağ olduğunu yazır. Şairin bədii irsindən 5 müxəmməs, 1 mürəbbe, 1 müxəmməs-müstəzad, Vidadi ilə 47 bənddən ibarət deyişməsi, Vidadinin Vaqifə cavabı, 6 qəzəli, 4 qoşması və “Saqqal” şeiri təzkirədə yer almışdır. Təzkirədə şairin yaradıcılığından diqqət çəkən “Saqqal” müxəmməsidir. 10 bənddən ibarət müxəmməs satirik ruhda, satirik üslubda yazılmışdır. Şeirdən Vaqifin hələ XVIII əsrdə satiraya da meyil etdiyi, həyatsevər, nikbin şairin satirik ab-hava ilə şeirlər yazdığı məlum olunur. Görünür, Nəvvab da Vaqif yaradıcılığının yeni bir ruhunu ədəbiyyata gətirməyi vacib bilmişdir.
XIX əsrdə ictimai satiranın banisi Qasım bəy Zakir, Cəfərqulu xan, Rəhim bəy Uğurlu bəy oğlu, Axund Molla Abbas Cavanşir, Abdulla bəy Asi Qarabaği, Mirzə Bəybaba, Kərbəlayı Qulu Xarrat Yusifidən danışarkən Nəvvab onları şəxsən tanıdığını, görüşdüklərini yazır. Hər bir şair haqqında həcmcə çox kiçik hissədə onların doğum-ölüm tarixi, zahiri görünüşü, hansı janrlarda əsərlər yazdığı barədə ətraflı məlumat verməyə müvəffəq olur.
Təzkirədə verilən şairlər içində adları tanış olmayan, ilk dəfə Nəvvab tərəfindən çəkilən, yaradıcılıqlarından cəmi bir-iki beyti təqdim olunan şairlər də var. Əsərin elmi dəyəri və Nəvvabın ən böyük xidməti də bu şairlər haqqında məlumat toplamaq, onları özündən sonrakı nəsillərə tanıtmaq və yadfigar qoymaqdır. Yusif Kosa Qarabaği, Qarabağın keçmiş qazısı mərhum Mirzə Əli, Kərim bəy, Abbas bəy, Xudadad bəy Əli bəy oğlunun yaradıcılığından bir neçə misra verməklə Nəvvabın Şuşada əlinə qələm alıb söz deyən, tanıyıb-tanımadığı bütün şair və ədiblər haqqında məlumat toplayıb qələmə aldığı görünür.
Əsərin ikinci hissəsi yaşayan – Nəvvabın müasiri olan Qarabağ şairlərinin həyatı barədə məlumatlar və şeirləridir. Bu hissəni də ədib Allahın adı ilə başlayıb bu dünyanı tərk etmiş şairlərin həyatı və qiymətli şeirlərini toplayıb bitirdiyinə görə Allaha şükür edir. Nəvvab müasir şairlərin yaşadığı dövrün xülasəsini verir, onların İran padşahı Nəsirəddin şah bin Məhəmməd şah Qacar, rus imperatoru III Aleksandr və osmanlı sultanı Sultan Əbdülhəmidin müasiri olduğunu da qeyd edir. Bu hissədə verdiyi şairlər arasında Hacı Mirzə Məhəmməd Həsən Şirazini şairlərin ən məşhuru və islam dini, şəriəti təbliğ edən qüvvə kimi təqdim edir. 56 şairdən bəhs olunan bu hissədə Nəvvab ilk olaraq “möhtərəmə və möhtəşəmə Natəvan”dan bəhs edir. XIX əsr şairəsi, xan qızı Xurşidbanu Natəvanın “həmişə səxavət və xeyriyyə mənbəyi olan, hörmətli nəsli və əcdadı kimi ehsanlar verdiyini”, “o əzizənin” ona da köməyi dəydiyini ilk sətirlərdən bəyan edir. Xarici görünüşcə eyibsiz, zərif qadın olan, qadınlara xas əməllərdə çox mahir, rəssamlıq sənətində kamil biri olan Xurşidbanunun böyük oğlu Mehdiqulunun ayrılığı, kiçik oğlu Mirabbasın ölümünə həsr etdiyi on qəzəlini – “Olaydı”, “Getmə”, “Sən idin”, “Məni”, “Eylər” və digərlərini Nəvvab təzkirədə verir.
Natəvanın oğlu Mehdiqulunun − “ləkziyyə (ləzgi) əhalisinin nəciblərindən sayılan knyaz Xasay xanın oğlunun Nəvvab anası kimi ucaboy, xoşxasiyyətli, xoşsurət və xoştəbli bir gənc olduğunu yazır. Mehdiqulunun rus və fars dillərində təhsil aldığı, Rusiya dövlətində böyük mənsəbə çatdığını göstərən ədib özünün musiqiyə aid yazdığı “Vüzuh-əl-ərqam” əsərini onun adı ilə başlayıb adı ilə bitirdiyini yazır.
Qarabağın – Şuşanın qadın şairəsi Fatma xanım Kəminənin 300-400-ə yaxın şeiri olduğunu təzkirədən öyrənirik. Şəhər ziyalılarından Mirzə Bəybala Əliyarbəyzadənin qızı Mirzə Fatma xoşsurət, xoşəhvallı bir qadın olmuş, müxtəlif mövzularda şeirlər yazmışdır. Təzkirədə verilən nümunələrdə şairənin giley-güzarı, bivəfalardan küskünlüyü, dövrə, zəmanəyə etirazı duyulur. Bu etiraz bəzən o həddə çatır ki, şairə onu cəfaya salanlara qəzəbini, qarğışını gizlədə bilmir. Əslində Fatma xanım Kəminə şəxsi kədərinin altında ictimai kədəri dilə gətirir, üsyan edirdi.
Qəzəllərindən birində qəmdən ürəyi qan ağlayan şairə qəlbindən axan qanda sevgilisinin dodağının rəngini görür. Qıvrım saçlarının arasından görünən xalın divanələri o xalın həsrətindədir. Sübh açılarkən cümlə-cahan yanağını onun qapısına (üzünə) sürtür. Gecənin rəngi onun ömrünə, gününə, qəlbinə çöküb. Ancaq şairəni qəmləndirən, dərdə salan sevgilisinin qəmi deyil, onun şikayəti zəmanənin əlindəndir:
Qəminin əlindən heç bilirsən nə üçün ürəyim qan ağlayır?
Bəlkə qəlbinə gecə ahəngləri təsir edir?
Kəminə qəmindən qəmgin deyildir,
O, hər an zəmanənin əlindən şikayət edər.
Gərgin axtarışların və zəhmətin nəticəsi olan təzkirə ilə tanışlıqdan bir daha məlum olur ki, Qarabağın hər guşəsində şair yetişib, hər sənət sahibi həm də söz ustası olub. Onlar rus dilini də bilmiş, rus ədəbiyyatı ilə yaxından tanış olmuş, tərcümələr etmişlər. Şair Balaca ağa xan Qaradaği rus satiriki Krılovun bəzi təmsillərini nəzmlə ana dilinə çevirmişdir. Mirzə Növrəs klassik şeirin müstəzad, mürəbbe, qafiyə, təcnis janrlarında yazmışdır. Mirzə Həsən, Məmo bəy Məmayi, Hacı Abbas Agəh, Məşədi Əyyub Baki, İsmayıl bəy Daruğə “Məclisi-üns” və “Məclisi-fəramuşan” ədəbi məclislərinin fəal üzvlərindən olmuşlar.
Təzkirənin ikinci hissəsində maraqlı məqamlardan biri də müəllifin özü haqqında – Mir Möhsün Nəvvab Ağamirzə Qarabaği haqqında geniş həcmli − 164 səhifəlik məlumatın verilməsidir. 7 yaşından təhsil almağa başlayan Nəvvab fars, ərəb, Azərbayan dillərini mükəmməl bilmiş, bu dillərdə həm nəsrlə, həm də nəzmlə əsərlər yazmışdır. “Təzkireyi-Nəvvab” əsərini ədib şahənşah Nəsirəddin şah Qacarın adına bağladığını göstərir. Nəvvabın sanballı elmi-bədii əsərləri ilə də biz alimin öz “tərcümeyi-halında” tanış oluruq. Məlum olur ki, ədib təzkirəni yazana qədər artıq müxtəlif elm sahələrinə aid sanballı əsərlərini ərsəyə gətirmişdir. Bu əsərlər aşağıdakılardır:
1.“Batil-üs-sehr” – islam əlifbasının xeyri və onun başqa əlifba ilə əvəz edilməsinin zərəri haqqında;
2.“Kifayət-ül-ətfal” – nücum elminə dair;
3.“Nurü-ənvar” – peyğəmbərin şəriət ehkamlarının faydası haqqında;
4.“Şəmasül-hidayə” − 500 öyüd-nəsihətdən ibarət;
5.“Kəşfül-həqiqə” – 3 cildlik təmsil və hekayətlərdən ibarət;
6.“Muxtarnamə” və “Kənz-ül-Məhən və bəhr-ül-Həzən” – 12 min beytdən ibarət;
7.“Vüzuh-ül-ərqan” – musiqi elmi haqqında;
8.“Məsayib-əl-əxbar” – peyğəmbərlərin və şiə imamlarının həyatı haqqında;
9.“Erməni və müsəlman davasının tarixi” – 1905-1906-cı illər erməni-müsəlman davasından bəhs edir;
10.“Müsibətnamə” – türkcə yazılmışdır.
Bədii yaradıcılığından Nəvvab əsasən qəzəl, müxəmməs, rübai, müəşşər janralarında şeirlərindən, məclis üzvləri, həməsrlərinə yazdığı cavab-məktublar, dördlüklərdən nümunələr verilmişdir.
Təzkirənin üçüncü hissəsi Qarabağın dünyadan köçmüş və həyatda olan şairlərinin həcv, satira və s.şeirlərindən ibarətdir. Müəyyən səbəblərdən şeirləri və adları ədəbiyyat tarixinə düşməyən Gəncə, İrəvan, Ordubad, Dərbənd, Badikubə (Bakı), Quba, Lənkəran və Qafqaz şairləri haqqında təzkirədən məlumat alırıq.
M.M.Nəvvabın seçib topladığı bədii nümunələr Şuşada yaşayan, təbində, ruhunda “Qarabağ sevgisi duyulan hər bir kəsin peşəsindən, ictimai mənşəyindən asılı olmayaraq,”nərmü nazik bayatı” söylədiyini bir daha sübut edir. Bu şairlərin çoxlarının adları ilk dəfə təzkirədə xatırlanır. Onların içərisində molla (Molla Məhəmməd, Şaki Abdal, Molla İsmayıl Məhzun), müəllim (Şayiq, Mirzə Əli Aşiq, Mirzə Süleyman, Mirzə Muxtar), tacir (Mirzə Hüseyn Çakər), sadəcə yeyib-içən, dəfçalan (Həsən Lələ), ölüyuyan (Molla İbrahim), tacir (Məşədi Mürtəza, İbrahim Tahir), mömin (Kərbəlayı Ələkbər), xanəndə (Məşədi Məhəmməd Bülbül), alverçi (Həsən Qara Qarabaği), təbib (Mirzə Heydər Təbib), qaçaqçılıq edən (Kavaler Qarabaği), rövzəxan (Mola Saleh) da var. Müxtəlif peşə sahibləri olan bu adamlar klassik şeir nəzəriyyəsini bilmiş, ədəbiyyat tariximizə öz imzalarını ata bilmişlər.
Təzkirədə adları çəkilən şairlərin həyatı barədə danışarkən Nəvvab Şuşanın tarixini də ilmə-ilmə çözür; şuşalıların Zərgər tayfasına mənsubluğu, XIX əsrdə Şuşada Kəbirli mahalı, Mamırlı, Hindarxı, Abdal, Bağbanlar, Qazyan, Lənbəran kəndlərinin, Hacı Yusifli, Qurtlar, Çuxur məhəllələrinin olduğu məlum olur. Bildiyimiz kimi, onomastik vahidlər tarixi keçmişimizi, xalqın dilinin, mədəniyyətinin nəsillərdən nəsillərə ötürülməsində mühüm rol oynayır. İstər şifahi, istərsə də yazılı ədəbiyyat nümunələrində işlənən onomastik vahidlərin hər biri – məhəllə, küçə, şəxs, heyvan, gül-çiçək və s. adlar tarixin daşıyıcıları, mənəvi dil abidələridir. Təzkirədə işlənən antroponimlər (ləqəb, titul, təxəllüs), etnonimlər (tayfa), toponimlər (yer) bir daha Şuşanın qədim tarixindən xəbər verir. ə qayıtmışlar.
Bütün bunlar bir daha “Təzkireyi-Nəvvab” əsərinin təkcə XIX əsr Şuşa ədəbi mühiti deyil, digər şəhərlərdə də yaşayıb-yaratmış, bəzilərinin adları belə ilk dəfə çəkilən şairlərin həyatı və yaradıcılığı haqqında ətraflı elmi-tarixi əsər olduğunu təsdiqləyir.
Nazilə Abdullazadə
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti
pedaqogika üzrə fəlsəfə doktoru, dosent