"Madriddə keçiriləcək Sammitdə biz mühüm qərarlar qəbul edəcəyik".

Bunu NATO Baş katibi Yens Stoltenberq AMNA-ya müsahibəsində deyib.

O bildirib ki, bu qərarlardan ən vacibi alyansın yeni Starteji Doktrinansının qəbul olunması olacaq.

"Şimali Atlantika Müqaviləsi ilə yanaşı, Strateji Doktrina NATO-nun ən mühüm sənədidir. Bu, NATO-nun dəyərlərini, məqsəd və vəzifələrini bir daha təsdiqləyir. O, təhlükəsizlik mühitinin kollektiv qiymətləndirilməsini təmin edəcək və Alyansın gələcək mühitə uyğunlaşması üçün plan kimi xidmət edəcək".
Stoltenberq deyib ki, 2010-cu ilin Strateji Doktrinası qəbul olunan zaman Avropada sülh hökm sürürüdü. "Lakin Putinin Ukraynaya qarşı müharibəsi bu sülhü pozdu. Həmçinin, 2010-cu il Doktrinasında Çindən bir dəfə də olsun bəhs edilməyib. Bu gün Çinin artan təsiri təhlükəsizliyimiz və demokratiyalarımız üçün nəticələri ilə dünyanı yenidən formalaşdırır. Kiber təhdidlər və iqlim dəyişikliyi kimi digər çağırışlar 2010-cu il Doktrinasında demək olar ki, qeyd olunmur və indi onları gözardı etmək mümkün deyil", - o vurğulayıb.

Stoltenberq Rusiya-Ukrayna müharibəsinə cavab olaraq NAT-nun daha güclü çoxtərəfli institutlara və Avropa ilə ABŞ arasında daha dərin əməkdaşlığa ehtiyac olduğunu qeyd edib.

NATO Baş katibi: "Türkiyə PKK-dan əziyyət çəkib, onun narahatlıqları ciddi qəbul olunmalıdır"

Türkiyənin əsaslı narahatlıqları var və bu narahatlıqlar müttəfiqlər tərəfindən ciddi qəbul olunmalıdır.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq AMNA-ya müsahibəsində deyib.

Yens Stoltenberq İsveç və Finlandiyanın alyansa üzvlüklə bağlı müraciətlərinin tarixi bir qərar olduğunu və onların üzvlüyünü alyansı daha da gücləndirəcəyini bildirib: “Biz indi Türkiyənin PKK terror təşkilatı ilə bağlı ciddi narahatlığı da daxil olmaqla, bütün müttəfiqlərin təhlükəsizlik problemlərini həll etməli və yol tapmalıyıq. Türkiyə PKK-dan əziyyət çəkib, eləcə də bu ölkə digər müttəfiqlərdən daha çox terrordan əziyyət çəkib. Beləliklə, Türkiyənin bütün müttəfiqlərin ciddi qəbul etməli olduğu əsaslı narahatlıqları var.

Həmkarlarım və mən Türkiyə, Finlandiya və İsveç nümayəndələri ilə Türkiyənin narahatlığını aradan qaldırmaq, eyni zamanda, iki ölkənin üzvlüyü ilə bağlı prosesə davam etmək üçün sıx dialoqu davam etdiririk".

O deyib ki, İsveç və Finlandiyanın təhlükəsizliyi NATO üçün vacibdir və alyansın üzvləri bunu bəyan ediblər.

Stoltenberq: "Yunanıstan və Türkiyə arasında insident riskini azaltmaq üçün çalışmalıyıq"

NATO müxtəlif coğrafiyası, tarixi və siyasi partiyaları olan 30 ölkənin ittifaqıdır. Bəzən ölkələrimiz arasında kəskin fikir ayrılıqlarının olması bizi təəccübləndirməməlidir.

Bunu NATO Baş katibi Yens Stoltenberq AMNA-ya müsahibəsində Türkiyə və Yunanıstan arasındakı münasibətlərlə bağlı sualı cavablandırarkən deyib.

"Fərqli baxışlar və müzakirələr bizim demokratiyamızın vacib hissəsidir. Həm Yunanıstan, həm də Türkiyə onilliklərdir ki, müttəfiqlərdir və hər gün Yunanıstan və Türkiyə ən aktual təhlükəsizlik çağırışlarına cavab vermək üçün 28 digər müttəfiqlə birlikdə NATO-da birgə çalışır.

Aralıq dənizi NATO üçün həyati əhəmiyyət kəsb edir. Yunanıstan, Türkiyə, bir çox müttəfiqlər və digər ölkələr burada müntəzəm olaraq fəaliyyət göstərir. Keçmişdə Yunanıstan və Türkiyə qüvvələri arasında insidentlər olub və biz gələcəkdə belə insidentlərin riskini azaltmaq üçün əlimizdən gələni etməliyik.

Belə halların təkrarlanmaması hər kəsin marağındadır", - NATO Baş katibi vurğulayıb.

O, 2020-ci ildə NATO-nun Şərqi Aralıq dənizində insident riskini azaltmaq üçün Yunanıstan və Türkiyə arasında xüsusi hərbi mexanizminin yaradılmasına köməyi xatırladıb: “Yunanıstan və Türkiyəni Egeydəki fikir ayrılıqlarını etimad və müttəfiq həmrəyliyi ruhunda həll etməyə çağırırıq. Bu, təmkin və vəziyyəti gərginləşdirə biləcək hər hansı hərəkət və ya ritorikadan çəkinmək deməkdir. Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı apardığı müharibənin Avropada sülhü pozduğu bir vaxtda müttəfiqlər üçün birləşmək daha vacibdir”.

.