Teleqraf.com tanınmış fotoqraf Şahin Yüksəl Sərkərovla müsahibəni təqdim edir:
-Şahin, gəl lap əvvəldən başlayaq. Fotoya marağın nə vaxtdan başlayıb, sənətə gəlişin necə olub?
-Atam hərbçi olduğuna görə biz tez-tez rayonları dəyişmişik. Kəlbəcərdə doğulmuşam, amma əslən Qaxlıyam. Lap balacalıqdan Kəlbəcər və Qax təbiətinin gözəlliyini görmüşəm. Məktəbdə oxuyanda rəsm dərsinə böyük marağım vardı, həmişə 5 alırdım. Elə o zamandan məndə rəssamlığa həvəs oyandı. Doğulandan gözəllik görürdüm və düşünürdüm ki, bu gözəlliyi çəkmək lazımdır. Uşaq idim, rəsm çəkmək üçün mənə karandaşla vərəq bəs edirdi, amma fərqinə varırdım ki, rəssam olmaq üçün bu, azdır. Yağlı boya, fırçalar gərəkdir. Rayonda bunlar tapılmırdı. Bu kimi şeylər məni rəssamlıqdan bir az soyutdu, amma istək içimdə hər zaman qaldı. Böyüyəndə bunu davam etdirəcəyimi düşünürdüm. Evimizdə atamın "Smena” fotoaparatı vardı, onunla şəkillər çəkirdim. 8-ci sinifi bitirib Bakıya köçəndə qəzetlərin birində orta təhsil peşə məktəbində fotoqrafiya təhsiliylə bağlı elan gördüm.
O vaxtlar Bakıda foto sənətini öyrədən institut, texnikum yox idi. Beləcə, peşə məktəbində üç il foto sənəti üzrə təhsil aldım, amma sözün açığı, bizə çox az şey öyrətdilər. Sonra rəhmətlik qardaşım, aktyor Ramiz Sərkərov məni fotoqraf dostu Rauf Umudovun yanına gətirdi. Bu sənəti mənə Rauf Umudov öyrətdi desəm, daha doğru olar. Ona çox minnətdaram. Artıq 32 ildir bu sənətdəyəm.
-Rəssamlar, fotoqraflar bizim cəmiyyətdə birmənalı qarşılanmayıblar. Üstəlik, bu işin maddi gəliri də aşağı olub. Dolanışıq baxımından çətinlik çəkmisənmi? Və nə vaxtsa bu sənəti seçməyinə peşman olmusanmı?
-Yox, peşman olmamışam. Düzünü deyim ki, çətinlik çox olub, elə indi də çətindir. Sovet vaxtı nisbətən yaxşıydı, çünki sifarişlər daha çox olurdu. Telefonlar çıxandan sonra şəkil çəkdirmək istəyənlərin sayı azalıb. Sovet vaxtı foto-atelyelər çox dəbdə idi. Orda əsasən sənəd fotoları və adi portretlər çəkirdilər. Neçə dəfələrlə atelye sisteminə keçmək imkanım olub. Amma mən o yola getmədim.
Bu sənətə maddiyyata görə gələnlər, bir müddətdən sonra gedirlər. Ələlxüsus da cavanlar...Kimsə toyda pul qazanmaq istəyir, kimsə bir-iki qız şəkli çəkir, fotoşopda təmizləyib təqdim edir. Amma evlənəndən sonra görür ki, bu sənətlə ailə saxlamaq olmur və başqa istiqamətə yönəlir.
Burda iş və maddi gəlir stabil deyil. Gərək sənəti o qədər sevəsən ki, qalasan. Şükür ki, kimsə acından ölmür. Yaxşı fotoqrafsansa az da olsa dolanırsan.
-İndi texnika çox inkişaf edib və az qala hamının bir fotoqraf olma həvəsi və iddiası var. Sən özün müasir proqramlardan istifadə edirsənmi və eləyənlərə necə baxırsan?
-80-ci illərdə biz sovetin istehsal etdiyi fotoaparatlardan istifadə edirdik. Onun da keyfiyyəti o qədər yüksək deyil. O vaxtlar ən populyar aparat "Zenit” idi. İndi köhnə adamların əksəriyəti mənim əlimdə "Canon”u görəndə gileylənirlər ki, "Zenit”in yoxdur. O adamların fikrincə, "Zenit” hələ də ən yaxşı aparatdır. (gülür)
Texnikanın inkişafı yaxşıdır, amma insanı tənbəlləşdirir. Gənclər işığı, kompozisiyanı bilmədən bu işlə məşğul olmağa başlayırlar. Fikir vermişəm, indiki cavanlar fotoaparat alanda əsas zuma fikir verirlər. Elə fikirləşirlər ki, zum nə qədər böyük olsa bu daha çox professional sayılır.
Foto elə bir şeydir ki, texnika nə qədər inkişaf etsə də sən əgər kompozisiyanı, işığı bilmirsənsə çəkdiyin hər şey qurama görünəcək. Bu işin peşəkarları o dəqiqə biləcək ki, sən professional deyilsən.
Bir nəfər foto çəkmişdi, soruşdum bunun neçə faizi fotoşopdu, dedi 70 faiz. Dedim onda bu, sənin iş deyil, kompüterin işidir.
Biz "Zenit”lə çəkəndə nə fotoşop varıydı, nə də digər texniki təchizatlar. Çəkdiyimizi elə çəkirdik ki, düzəlişə ehtiyac olmasın.
Proqramlardan çox primitiv nüansların düzəldilməsində istifadə etmək olar. Bəziləri şəkli çəkir, sonra təmizləmə işlərinə başlayır. Bəzən elə təmizləyirlər ki, insanın üzündəki ifadə belə yoxa çıxır.
-Çox məşhurlarla işləmisən. Yəqin içərilərində kaprizliləri də olub...
-Ad çəkmək istəməzdim. Çoxlarıyla münasibətimiz yaxşıdır. Adam var ki, portretini işləyirsən, çox çətin başa gəlir. Çünki özünü büruzə verməyi sevmir. Gərək gözləyəsən ki, özünü unutsun və rahat olsun. O anı tutmaq vacibdir. Adam da var ki, onun portretini çəkmək asandır. Yəni içində nə varsa üzündədir. Bu mənada şair Əlisəmid Kürü çəkmək asandır.
-Bəs çətin kimdir?
-Qadınlarla çətinliklər çox olur. Orta yaşı keçən qadınlar cavan görünmək istəyirlər, ona görə fotoşopda üz cizgilərini təmizlətməyə meyillidirlər. Mən də bunu xoşlamıram. Mən insanı çəkdiyim kimi göstərmək istəyirəm.
-Modellərlə işləmisən?
-Çox. Sizə deyim ki, 80-ci illərdə çılpaq qadın obrazını çəkmək daha asan idi, nəinki indi. İndi çılpaq qadını çəkmək problemlidir. Çünki o vaxt sənətə başqa cür yanaşırdılar, indi isə tamam başqa cür münasibət göstərilir.
Rəssam bir çılpaq qadın obrazı çəkəndə onun qabağında saatlarla dayanıb baxırlar. Amma fotoqraf çəkəndə adamlara qəribə gəlir. Rəssamın çılpaq qadın obrazını qəbul edənlərin əksəriyyəti elə bilir ki, o obraz rəssamın təxəyyülünün məhsuludur. Amma belə deyil, bununla məşğul olan xüsusi insanlar var. Onlar buna görə maaş alırlar. Amma fotoqraf çılpaq qız çəkən kimi həm qız, həm də fotoqraf haqda pis fikir yaranır.
-Uzun illərin fotoqrafısan. Həm sovet, həm keçid, həm də müasir dövrün Azərbaycanını görübsən. Nədən narazısan?
-Fotoqraflara münasibət hələ də dəyişmir, bu məni narahat edir. Mən istəyirəm ki, ucqar bir kənddə fotoqraf deyəndə insanlar dərk eləsinlər ki, bu yalnız pasport şəkli çəkən adam deyil. Kənddə yaşayan Tükəzban xanımdan "Rəssam kimdir?” soruşsanız cavab verəcək. Amma fotoqraf deyəndə fikrinə yenə pasport şəkli çəkənlər gələcək. Bu fikri insanların beynindən çıxarmaq lazımdır.
Ondan başqa, bizim Fotoqraflar Birliyinin Rəssamlar, Bəstəkarlar İttifaqı kimi bir yeri, ünvanı olsaydı, fotoqraflar orda tez-tez əsərlərini nümayiş etdirə bilərdilər. Hazırda Fotoqraflar Birliyi bu istiqamətdə əlindən gələni edir. Axı sərgilər üçün salon kirayələmək çox baha başa gəlir. Yaxşı sərgi 9-10 min xərc istəyir.
-Sərginə nə qədər xərcləmişdin?
-Sərgini Rus Mədəniyyət Mərkəzi etdi, mən yalnız şəkillərin çapına pul xərclədim. Sağ olsunlar, qalan işləri onlar elədi. Bu, böyük işdir.
-Başqa sərgin olub?
-Yox.
-Bəs Mədəniyyət və Turizm Nazirliyinə bu barədə müraciət etmisən?
-Etməmişəm. Deyilənə görə, müraciət etsəm həll edərlər. İnşallah, müraciət edərəm və köməklik göstərərlər.
-Söhbətimizin sonuna gəlirik, amma məni bir nüans maraqlandırır. Dedin ki, Kəlbəcərdə, Qaxda böyümüsən. O yerlərdə ən çox hansı rənglər, hansı mənzərələr yadında qalıb, sənə nələr ilham verib?
-Dağlar, çaylar, dərələr, qayalıqlar. Kəlbəcərdə dağların içində bir tunel vardı. Atamın maşınıyla hər dəfə ordan keçəndə məni vahimə basırdı. O mənzərə hələ də yadımdadır.
-İnsanın yaradıcı adam kimi formalaşmağında uşaqlığı rol oynaya bilərmi?
-Çox. Atam hərbçi olsa da incəsənətə meyilli adam idi. Buna görə də gizlincə incəsənət təhsili almışdı. Şair, rejissor, aktyor dostları çox idi. Onlar bizə gəlib-gedirdilər, evimizdə həmişə sənət söhbətləri olurdu.
-Demək istədiyin başqa sözün varsa buyur...
-İndiki gənclərə sözüm odur ki, bu sənətə sevərək gəlsinlər. Ancaq pul qazanmaq üçün gəlməsinlər. Hər halda indi fotoqrafiyada böyük pul yoxdur. Sevib gəlsələr, pul da olacaq. Yaxşı sənətkar heç vaxt acından ölmür.
Sənətdə çətinliklər həmişə olub. Baxın, rəssamların heç biri işə başlayanda milyoner olmayıblar. İllərlə özlərini təsdiqləyə-təsdiqləyə irəliləyiblər. Rəssam var 60-70 yaşında normal yaşamağa başlayıb. Van Qoq acında ölürdü, amma bu gün dünyada ən bahalı rəssamdır.