Dəmiryol nəqliyyatı vasitəsilə dövlət sərhədindən buraxılış məntəqələrindən (DSBM) şəxslərin və malların Azərbaycan Respublikasının ərazisinə daxil olması proseduru müəyyənləşib.

Bu, Nazirlər Kabinetinn təsdiqlədiyi “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən, dəmiryol nəqliyyatı vasitəsilə DSBM-dən şəxslərin və malların keçidi üzərində sərhəd mühafizə və gömrük orqanlarının qanunvericiliklə onlara həvalə olunmuş nəzarət tədbirləri həmin məntəqələrdən keçən dəmiryol nəqliyyatının növü, məntəqələrin yerləşdiyi ərazi üzrə infrastruktur və coğrafi şərait nəzərə alınmaqla, Dövlət Gömrük Komitəsinin sədri və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən təsdiq edilmiş texnoloji sxemə əsasən DSBM-də vaqonların yerdəyişmə və dayanma məntəqələrində, həmçinin qatarların hərəkəti zamanı həyata keçirilir. Sərhəd stansiyasında sərnişin qatarlarına sərhəd və gömrük nəzarəti həyata keçirilərkən rejim zonasının bütün girişləri (çıxışları) mühafizəyə götürülür və ya bağlanılır. Sərhəd mühafizə və gömrük orqanlarının əməkdaşları (zərurət yarandıqda qanunla müəyyən edilmiş səlahiyyətlərinin icrası ilə əlaqədar digər orqanların əməkdaşları ilə birgə) xidməti vəzifələrinin icrası ilə əlaqədar sərnişin qatarlarına buraxılırlar.

DSBM-dən buraxılan sərnişin qatarlarına daxili və xarici baxış keçirilir. Qatarlara daxili və xarici baxış keçirilərkən sərhəd mühafizə və gömrük orqanları tərəfindən xidməti itlərdən istifadə edilə bilər. Sərnişin qatarlarında şəxslərin sənədlərinin yoxlanışı bilavasitə vaqonlarda həyata keçirilir. Sərhəd naryadı şəxslərin dövlət sərhədindən keçmək hüququ verən sənədlərin mövcudluğunu yoxlayır, sərhədkeçmə sənədində olan fotoşəkli sənədi təqdim edən şəxslə eyniləşdirir, onların biometrik qeydiyyatını aparmaqla, sənədlərin rəsmiləşdirilməsini “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemin (İAMAS) səyyar stansiyaları vasitəsilə həyata keçirir. Qanunda nəzərdə tutulmuş əsaslarla dövlət sərhədindən buraxılmayan sərnişinlərin biletlərinin qaytarılmasının təmin edilməsi üçün sərhəd mühafizə orqanları tərəfindən qatar rəisinin (vaqon bələdçisinin) iştirakı ilə üç nüsxədən ibarət tərtib olunmuş aktın bir nüsxəsi qatar rəisinə (vaqon bələdçisinə), bir nüsxəsi qatardan düşürdülmüş şəxsə təqdim olunur, bir nüsxəsi isə sərhəd mühafizə orqanlarında saxlanılır.

Sərhəd mühafizə və gömrük orqanları qatarda sərhəd və gömrük nəzarətini, o cümlədən Azərbaycan Respublikasının dövlət sərhədini pozanların və qaçaqmalın aşkar edilməsi məqsədilə kupelərin, tamburların, qızdırıcı və sanitar qovşaqlarının, keçid meydançalarının, vaqonun tavanı ilə örtük arasındakı boşluqların və digər şübhəli olan yerlərin yoxlanışını birgə həyata keçirirlər. Sərnişin qatarlarında yoxlama 60 dəqiqədən çox olmamalıdır. Sərnişinlərin sayından və sutkanın vaxtından asılı olaraq, zərurət yarandıqda, sərhəd və gömrük nəzarətinin vaxtı uzana bilər. Sərnişin və yük qatarlarında daşınan (keçirilən) mallar, o cümlədən baqaj və poçt vaqonlarında göndərilən müşayiət edilməyən və baqaj vaqonlarında daşınan müşayiət edilən mallar üzərində sərhəd və gömrük nəzarəti, həmçinin rəsmiləşdirmə işləri Azərbaycan Respublikasının sərhəd və gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aparılır.

.