"Qarşıdakı ildə Bakı şəhərində Dünya Şəhərsalma Forumu keçiriləcək. Ölkəmiz və cəmiyyətimiz bu mühüm tədbirə aktiv şəkildə hazırlaşır".

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov ADA Universitetində təşkil edilən “Baku Archifest 2025” memarlıq və şəhərsalma festivalında deyib.

O bildirib ki, ölkəmizdə şəhərsalma və quruculuq prosesləri torpaqlarımız işğaldan azad olunduqdan sonra geniş vüsət alıb: “Hazırda Azərbaycanın bütün bölgələrində, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə intensiv yenidənqurma işləri həyata keçirilir. Şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz – bir vaxtlar viran edilmiş yaşayış məskənlərimiz – demək olar ki, sıfırdan yenidən qurulur. Bu prosesdə təmsil etdiyim Dövlət Şəhərsalma və Arxitektura Komitəsi çox fəal iştirak edir. Komitə istər yaşayış məskənlərinin, şəhər, qəsəbə və kəndlərimizin şəhərsalma sənədlərinin, baş planlarının hazırlanmasında, istərsə də həmin layihələrin bilavasitə icrasında mühüm rol oynayır”, - o bildirib

.