"İran strateji tərəfdaşları olan və Tehranın mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır".

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

"Biz həm Rusiya, həm də Çinlə sıx təmasdayıq. Çin və Rusiya bizim strateji tərəfdaşlarımızdır və mövqeyimizi yaxşı bilirlər", – o, mətbuat konfransında deyib.

Diplomatın sözlərinə görə, Rusiya ilə məsləhətləşmələr daim davam edir.

Tehran müxtəlif məsələləri, o cümlədən regional problemləri həm telefon danışıqları, həm Moskvadakı səfirlik, həm də Tehrandakı Rusiya səfiri vasitəsilə mütəmadi müzakirə edir.

İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

"Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünki agentliyin özü də ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələrin hazırkı vəziyyətə səbəb olduğunu etiraf edir", – o, mətbuat konfransında deyib.

Bəqainin sözlərinə görə, İran danışıqlar mərhələsində iki dəfə hücuma məruz qalıb. Zərbələr BAEA-nın təminatları altında olan nüvə obyektlərinə də endirilib. Lakin agentlik, onun Rəhbərlər Şurası və baş direktoru bu faktı görməzdən gəlir.

XİN sözçüsü Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NSYM) ilə bağlı məsələyə də toxunub. O bildirib ki, bu barədə qərarı qanuni prosedurlar çərçivəsində müvafiq qurumlar qəbul etməlidir. Hələlik İran müqavilənin iştirakçısı olaraq qalır və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək.

Noyabrın 13-də "Reuters" agentliyi BAEA-nın məxfi hesabatının məzmununu açıqlayıb. Hesabatda agentlik İranı müfəttişlərin ölkəyə qayıtmasını təmin etmək üçün mərhələli addımlar atmağa çağırıb.

Sənəddə İranın nüvə obyektlərinə endirilən zərbələrin görünməmiş vəziyyət yaratdığı etiraf olunsa da, əməkdaşlığın yetərli olmaması səbəbindən bəyan edilmiş nüvə materiallarının başqa məqsədlərə yönəldilmədiyini təsdiqləməyin mümkün olmadığı bildirilib. Hesabatın gələn həftə BAEA-nın Rəhbərlər Şurasının iclasında müzakirə olunacağı gözlənilir.

.