Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Cəbrayıl Orucov ifadə verib.

O bildirib ki, iki hərbi hissədə və hərbi polisdə maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb. Onun sözlərinə görə, qanunsuz ödənişlərə yol veriblər, mənimsəmə faktları olub.

Şahid deyib ki, hərbi hissələrdə maliyyə hesabı açılıb: “Dövlət büdcəsindən həmin hesablara ödəniş edilib. Biz də həmin pulları nağdlaşdırıb götürmüşük. Vəsaitin 60 faizini rəisimə vermişəm, 40 faizi isə özünə qalıb”.

Şahid qeyd edib ki, "ölü kart"lar yaradılıb, həmin kartların sahibləri olmayıb: "Pullar həmin kartlara köçürülüb. Hər ay 25 nəfərin adına ödəniş olub. Onlardan da 14-ü qadın olub. Bu əməkhaqqı cədvəlinin siyahısını hərbi hissə komandiri təsdiqləyib. Amma bu qanunsuzluqdan hərbi hissə komandirin xəbəri olmayıb".

Şahid onu da qeyd edib ki, iki hərbi hissədən ona ümumilikdə 800 min manat qalıb, qalan pulu isə təftişə gələnlər götürüb. O əlavə edib ki, sonuncu yoxlama 2021-ci ilin yanvarında aparılıb, həmin yoxlama qrupuna isə rəhbərliyi Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Rəfael Xələfov edib: “Həmin yoxlama zamanı bilinməyən məbləğlər olurdu ki, bunu da ancaq biz özümüz bilirdik. Bunu da heç kimə məruzə etmirdik. Rəfael Xələfov bunu müəyyən etdi və həmin məbləğin 60 faizini götürdü”.

Daha sonra ifadə verən Sadiq Hacıyev bildirib ki, maliyyə hesabatına köçürülən şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. Şahid qeyd edib ki, onun tərəfindən mənimsənilən pulun 1 milyon 500 min manat olduğu yazılıb: "Mən bununla razı deyiləm. Çünki bu qədər pulu mən görməmişəm. Maliyyə sənədləri məhv edilib, bunu da yoxlama aparan şəxslərə sübut edə bilməmişəm. Yoxlama aparan şəxslər mənə dedilər ki, sənəd gətir, sən deyəni yazaq. Mən də həmin sənədləri təqdim edə bilməmişəm. Çünki həmin sənədlər məhv edilib. Bunun da günahkarı mən deyiləm".

Şahid deyib ki, Nizami Məmmədovdan heç bir göstəriş almayıb. Onun sözlərinə görə, qanunsuzluqlarla bağlı göstərişi ona maliyyə xidmətinin rəisi verib. Şahid bildirib ki, mənimsənilən puldan heç bir ödəniş etməyib, evini, maşınını satışa qoyub: "Amma ev və maşını sata bilməmişəm. Buna görə də ödəniş etməyim mümkün olmayıb".

Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, həmin ifadəsində mənimsəmə faktlarını etiraf edib.

Növbəti proses yanvarın 19-da davam edəcək.

Qeyd edək ki Nizami Məmmədov, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin, nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

.