Yenizaman.az Teleqraf.com-a istinadən şair-publisist Rasim Qaracayla müsahibəni təqdim edir:
–Rasim bəy, Azad Yazarlar Ocağının yaranması ilə bağlı vaxtaşırı müxtəlif fikir və iddialar ortaya atılır. Bu qurumun yaradılması tarixçəsini bu dəfə sizdən eşitmək istəyirik.
–Mən AYO-nu yartmaqda iddialı deyiləm, onu kim istəyirsə yarada bilər, hətta ədəbiyyat tarixində də necə yazılacağında maraqlı deyiləm. Mənim üçün əsas olan prosesdir, onun nə cür olmasıdır, müstəqil yazıçı sözüdür, onun yaşaması, var olmasıdır.
–Neçə gündür Murad Köhnəqalanın AYB-yə yenidən üzv olmağı müzakirə olunur, onu qınayanlar da az deyil. Murad bəy deyir ki, onu qınayanların başında Rasim Qaraca durur. Siz nə deyirsiniz? Bu qınağın səbəbləri nədir?
–Murad Köhnəqala mənim nəzərimdə azad söz abidəsi kimi şəxsiyyət idi, indi azad olmayan yazıçılara qoşulur, siyasi hakimiyyətə bağlı bir quruma üzv olur. Bundan sonra o da susacaq, bax buna təəssüf edirəm və qınayıram.
– Murad bəy bildirir ki, mənim və digərlərinin AYO-dan getməyimizə Rasimin eqoizmi, kaprizləri səbəb olub. Ədəbi və ictimai həyatda alternativ düşüncəyə iddialı şəxs kimi buna münasibətiniz necədir?
– Ola bilər Murad haqlıdır, şübhəsiz, hansısa nöqsanlarım var, ancaq Murad bunları mətbuatdan demədən öncə özümə desəydi, bəlkə də, səhvlərimi düzəldərdim. Muradla aramızdakı ilk narazılıq Paşa Qəlbinurun şeirlərini "Alatoran”da çap etməyimi istərkən olub, bir neçə dəfə bu xahişi edib, ancaq razı olmamışam, bununla jurnalın simasını itirəcəyini ona demişəm, o inciyən inciyib. Bu cür "alternativ” düşüncəyə qarşı olmuşam.
Özümə görə prinsiplərim olub, bu prinsiplər şəxsi çıxarlarımdan qaynaqlanmayıb, jurnalda ümumən yeni ədəbiyyata meydan açmaq, köhnə düşüncənin izlərini yox etmək istəmişəm. Bəzən bu cür ziddiyyətli məqamlar olub.
–Doğrudanmı, Murad Köhnəqala sizin əbədi düşməninizdir?
–Murad ədəbi düşmənim ola bilməz, çünki ədəbiyyat düşüncəsi ibtidaidir, istedadı var, ancaq təfəkkürlə cilalanmayıb, indi AYB-yə girəndən sonra artıq heç nə yaza bilməyəcəyindən əminəm.
–Həmişə Anarı AYB-yə uzun müddət sədrlik etməsinə görə tənqid etmisiniz. Amma sizin də başından bəri AYO-nun rəhbərliyindən getmək istəmədiyiniz deyilir.
–AYO sədrliyində uzun müddət qaldığıma dair ilk iradı mətbuatda Elnur Astanbəyli bildirib və cəmi bir irada görə mən sədrlikdən istefa vermişəm. AYO rəhbərliyindən getmək istəmədiyim söhbəti həqiqətə uyğun deyil.
–AYO-çuları Anarı tənqid etməyə sizmi təşviq edirdiniz?
–Sizcə, mən Muradı nəsə yazmağa təşviq edə bilərəm? Anara ən sarsıdıcı zərbəni Murad vurub – "Quş qripindən ölən şair” şeiriylə.
–Sizə görə, AYB-yə üzv olanların hamısı ədəbiyyatdan uzaqdır? Qurumun üzvlərindən oxuduğunuz, izlədiyiniz imza varmı?
–AYB dövlət qurumudur, rəsmidir, cavabdehliyi var, qəzet və jurnallarında hər sözü üfürüb çap edirlər? Əlbəttə ki, orada istedadlar var, ancaq hamısı boğulmuş istedadlardır. AYB üzvlərinin yazdığını cəfəngiyat hesab edirəm, ütülü sovet ədəbiyyatıdır, başqa bir şey deyil. Ədəbiyyat azad olmalıdır.
–Elə bir vaxt gələ bilərmi ki, siz də Anarla barışasınız, AYB-yə üzv olasınız?
–Elə bir vaxt gələ bilər, Anar Yazıçılar Birliyinin sədri olaraq varisi olduğu Azərbaycan Yazıçılar İttifaqının Stalin repressiyası illərində yazıçılara qarşı törədilmiş cinayətlərə görə Azərbaycan xalqından üzr istəsə.
–Rasim bəy, sizə də elə gəlmirmi ki, bizdə ədəbiyyat yox, daha çox ədəbiyyat adamlarının qovğaları müzakirə olunur? Oxucuya lazımdırmı bu?
–Bu qovğanı siz jurnalistlər yaradırsınız, suallarınızın çoxu intriqa mövzusundadır, yaradıcılıq barədə suallar verin, mən də cavab verim. Məncə bu qovğa mövzusu oxuculara lazım deyil, mənə də lazım deyil.
–"Alatoran” jurnalı və saytının fəaliyyət göstərməməsi və ya çox zəif fəaliyyəti maliyyə çətinliyi ilə əlaqədardımı? Yeri gəlmişkən, bu nəşr daha çətin iqtisadi dönəmdə fəaliyyət göstərib.
–Qismən maliyyə çətinliyi ilə əlaqədardır, bir az da mənim ictimai işlərdən uzaqlaşmağmla bağlıdır.
–AYO-nun indi və perspektiv fəaliyyəti barədə nə deyə bilərsiz?
–AYO-ya yeni sədr seçmişik, Fərhad Ylquzaq həvəsli, entuziast bir insandır. Yenidən revanş götürəcəyimizə inanıram.
–Bir müddət nəsrə keçdiniz. Yaradıcılığınızın proza mərhələsini bitmiş hesab edirsizmi? Tərcümələrə davam edirsizmi? Naşir kimi hansı planlarınız var?
–Hazırda avtobioqrafik bir roman üzərində işləyirəm, paralel şeirlərimi də yazıram, amma tərcümə etmirəm. Öz yaradıcılığım mənim üçün daha önəmlidir. Yaxın aylarda esselər və yeni şeirlər kitabımı – iki kitab – nəşr etdirəcəyəm.
–Azərbaycan ədəbiyyatından kimləri oxumağa davam edirsiz və sizin üçün son 50 ilin ən böyük 3 Azərbaycan yazıçısı (şairi) kimdir?
–Azərbaycan ədəbiyyatı çox kasaddır, 25 yaşda artıq yaxşı nə varsa hamısını oxuyub qurtarırsan. Həm ədəbiyyatımız yenilənməyib, hələ də Anarın "beşmərtəbəsi” yaxşı əsər hesab olunur. Yeni ədəbiyyat adına nə yazıbsa bizim AYO-çular yazıb: Rafiq, Seymur, Ələkbər, Şərif, Tural və s.
Sevinc FƏDAİ