Sevil Bünyatova azərbaycanlı qılıncoynadandır. O, 2015 Avropa Oyunlarının gümüş medalçısı olub. Buna qədər bir çox uğuru olsa da, o ən böyük uğurunu məhz bu yarışda qazanıb. Onu qızıl medaldan sadəcə bir xal geri salıb. Elə həmin ildə də "Tərəqqi" medalına layiq görülüb. 

Sevil Bünyatovanın əkiz bacısı da var. Sevil və Sevinc Bünyatova bacıları bir birlərinə çox oxşayırlar. Onları seçmək çox çətindir. 

Sevil kimi, Sevinc də Avropa Oyunlarında ıştirak edib və bürünc mükafat qazanıb. 

Xatırlatma … 

Bünyatovalar 5 oktyabr 1989-cu ildə Rusiyada anadan olub. Bacılar 1998-ci ildən idman ilə məşğul olurlar. 

Bünyatova bacıları orta təhsilini Bakı şəhəri 84 nömrəli tam orta məktəbdə alıblar.


*** 

Sevil Bünyatovanın AzNews.az-a müsahibəsi.

- Maraqlıdır, niyə ikinizi də eyni idmana – qılıncoynatmaya qoyublar?

- İstəməyiblər ki, ayırsınlar. Həm də bacım Sevinc bir az zəif, qorxaq olub. Fikirləşiblər ki, mən ondan cəldəm, çevikəm, həmişə onun yanında olmalıyam. 

- Ailənizdə başqa idmançı olub?

- Bəli, qardaşım güləşlə məşğul olub bir müddət. Kasıb ailə olmuşuq. Çətinliklə böyümüşük. 

- Karyeranız boyu qazandıqlarınız sizi qane edirmi?

- Qızıl medallarım azdır, istəyirəm daha da çox olsun. Buna görə də üzərimdə daha çox çalışıram. 

- Bacınızla bir-birinizə rəqib olmusunuz?

- Respublika turnirlərində çox qarşılaşmışıq. 

- Bəs kim güzəşt edir?

- Güzəştə getmək yoxdur. (gülür) 

- Bəs yarışöncəsi öz aranızda söhbət olubmu ki, hansınızsa güzəştə gedəsiniz?

- Etiraf edim ki, bir dəfə belə hadisə olub. Bacımla rəqib olmuşdum. Mənim milli komandada yerim var idi, bacıma da yığmada yer etmək üçün ona uduzdum. Amma bu hal bir dəfə baş verib. 

- Bəs sizcə kim güclüdür? 

- Sevil Bünyatova - yəni mən özüm (gülür) … Mən ondan daha təcrübəliyəm və milli komandaya ondan daha tez düşmüşəm. Sevinc məndən bir-iki il sonra yığmaya qəbul olunub. 



- İkiniz də ailəlisiniz. Həyat yoldaşlarınız da idmanla məşğul olub?

- Mənim yoldaşım bir müddət qılıncoynatma ilə məşğul olub. Ancaq bacımın yoldaşı tamam başqa səhədə çalışır. 

- Yoldaşınız idmançı xanımla ailəli olmağın çətin olduğundan şikayəti etmir ki? 

- Xeyr, o heç vaxt karyerama qarışmır. Çünki görür ki, mən hər şeyi vaxtında yerinə yetirirəm - həm ev işlərimi, həm də digərlərini.

- Məşqlərə gedərkən qızınızı kimin yanında qoyursunuz?

- Mən məşqlərdə, yarışlarda olanda anam baxır. 

- Anasından şikayətlənmir?

- Bəzən şikayət edir. (gülür) Ən çox da başqa ölkələrə gedəndə… 

- Sevil və Sevinci necə seçmək olar?

- Bizi ilk görəndə seçmək çətin olur. Vaxt keçdikcə seçmək olur. Məsələn hər gün bizimlə ünsiyyətdə olsanız, hər gün danışdırsanız seçə biləcəksiniz. 

Amma qarışıq salanlar çox olur. Bir dəfə tanışlarımdan biri Sevinci mən bilib hər şeyi danışıb. Sevinc də səsini də çıxarmayıb. Sonradan anlayıb ki, o, mən deyiləm. (gülür) 
Amma beynəlxalq yarışlarda heç vaxt rəqiblərə görə yerimizi dəyişməmişik. Bir dəfə də Ukraynada idmançı qızlar bacımı mən bilib salamlaşıblar. Bilmirdilər mənim əkiz bacım var. Ona görə də bacımı mən bilib iki dəfə salamlaşıb, hal-əhval tutublar. 3-cü dəfə isə mən gedib onlarla salamlaşanda dedilər ki, biz səninlə bir az əvvəl 2 dəfə salamlaşmışıq. O zaman güldüm və dedim ki, o, mən deyiləm, bacımdır. 



- Bacılar adətən dalaşırlar. Sizin aranız necə olub bəs?

- Mehriban vaxtlarımız da olub, dalaşdığımız vaxtlar da… Amma heç vaxt bir-birimizin sirrini başqa yerdə açmamışıq. Yəni dərdlərimizi demişik, dalaşanda da bir-birimizi satmamışıq.

- Loru dillə desək, yola verən hansınız olub? Barışmağa kim daha çox meyillidir?

- Mən çox vaxt küsürdüm, o gəlib barışırdı. O, bir az qorxaq idi. Həmişə atam onu qoruyurdu, deyirdi Sevincə vurmayın, o, sizdən zəifdir. (gülür) 

- Xasiyyətiniz necədir? 

- Mən ondan daha zaraftcılam. Bacım məndən ciddidir. Hər şeyə gülən deyil. Amma mən tam əksinəyəm. 

- Siz uğurlar qazandıqdan sonra ailənizin maddi durumuna xeyriniz dəydimi?

- Təbii ki, qazandığımız pul mükafatları ailəmiz üçün xərclənib. Həmçinin biz üzvü olduğumuz "Neftçi” klubundan da maaş alırıq.

- Avropa Oyunlarında 2 Azərbaycan bayrağı birlikdə yan-yana yüksəldi. Bu, gözlənilən idimi?

- Elədir, ən maraqlısı isə ilk dəfə idi ki, iki bacıya görə belə hadisə baş verirdi. Düzünü deyim, bunu heç kim gözləmirdi. Bizim medal qazanmağımız hər kəs üçün surpriz oldu. Çünki bunu bizdən gözləmirdilər. 
.