Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında son vaxtlat onsuz da gərgin olan münasibətlər daha da kəskin hala gəlib. Bu iki böyük güc mərkəzləri arasında bir sıra məsələlərdə olan fikir ayrılıqları bəzən hətta diplomatic etiketin sərhədlərini də aşır. Buna missal kimi Dövlət Departamentinin nümayəndəsi Con Kirbinin: "Rus əsgərləri Suriyadan qara torbalarda evlərinə göndəriləcək və Suriyadakı müharibə Rusiyanın ərazisinə daşınacaq” sözlərini də göstərmək olar. Rusiya tərəfdən səslənən bəyanatlar da öz kəskinliyi ilə seçilirdi. Son günlər isə Rusiyanın Suriyada S-300 raket komplekslərini yerlşdirməsi Vaşinqtonu daha da hiddətləndirib. Bu fonda rəsmi Bakının rəsmi Moskva ilə yaxınlaşması ABŞ-ın qəzəbinin vektorunu Azərbaycana da çevirib. Bu məsələləri Bizimyol.info portalına politoloq Musa Ağayev şərh edib.
- ABŞ dövlət katibi Con Kerrinin "Qarabağ münaqişəsinin həlli üçün şərait yetişməyib", "liderlər hələ buna hazır deyil" kimi açıqlamalarına Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov sərt reaksiya bildirib. Bu bəyanatın məğzi nə idi? "Rusiya ilə Azərbaycan nə qədər yaxınlaşır-yaxınlaşsın, problemin həllinə imkan verməyəcəyik" deməkdirmi? Azərbaycan tərəfinin reaksiyasından sonra Vaşinqtonla Bakı arasında münasibətlərin sonrakı durumunu necə görürsünüz?
- Mən Əli Həsənovun fikirlərini mətbuatdan oxudum və haqq verirəm. Böyük dövlətlər dünyada konfliktləri əslində ona görə yaradırlar ki, onlar arasında təsir dairəsini genişləndirmək uğrunda mübarizə gedir. Bu dəqiqə Amerika və Rusiya arasında bu mübarizə daha qabarıq görünür.İstəyir Con Kerri olsun, istər Amerikanın maraqlarını müdafiə edən başqa bir siyasətçi olsun, istər sabah hakimiyyətə gəlmək ehtimalı daha güclü olan Hillari Klinton olsun,- onlar hamısı ilk növbədə Amerikanın siyasi maraqlarından çıxış edirlər və hazırda prioritet məsələ öz siyasi təsir dairəsini gücləndirməkdən ibarətdir. Buna görə biz amerikalıların bu məsələni həll edəcəyinə ümid etməməliyik.
- Ancaq bu günlərdə Ziyafət Əsgərov belə bir fikir səsləndirdi ki, ABŞ Qarabağ münaqişəsinin həllində Azərbaycana kömək göstərməlidir...
- Amerika kömək göstərməyəcək. Əslində Yaxın Şərqdə və bir çox ölkələrdə münaqişələr iqtisadi maraqlar xatirinə qəsdən yaradılıb. Amerika hansı ölkəyə girirsə, iqtisadi ekspansiya məqsədi güdür. Yəni iqtisadi ekspansiya alınmırsa, hərbi ekspansiyaya gedirlər. Ona görə Con Kerrinin bu bəyanatı səsləndirməsi o deməkdir ki, onlar bu münaqişənin hərbi güc, müharibə yolu ilə həllinə yol verməyəcəklər. Əli Həsənovun bu problemin beynəlxalq hüquq çərçivəsində, BMT-nin Azərbaycanla bağlı qəbul etdiyi qətnamələr çərçivəsində həllinin vacibliyini vurğulaması normaldır. Lakin mən onu deyə bilərəm ki, beynəlxalq hüquq artıq demək olar ki qüvvədən düşüb, işləmir. Birinci və ikinci dünya müharibələri dünyanın böyük güclərinin təsir dairəsini müəyyənləşdirməsi uğrunda aparılıb. İndi də üçüncü dünya müharibəsi aparılır. Sadəcə, başqa müstəvilərdə. İndiyədək Amerika özünü vahid supergüc, hegemon kimi aparırdı. İndi Rusiya ona qarşı öz gücünü göstərir. Rusiya öz təsir dairəsini genişləndirməyə çalışır. Amerikadan bu gözlənitilər hesab edirəm ki, özünü doğrultmayacaq. Yadınızdadırmı, Əhməd Davudoğlunun "qonşularla sıfır” problem siyasəti yürütməsi. Davudoğlu əslində sırf amerikanpərəst siyasət yürüdürdü. Onun elə hakimiyyətdən uzaqlaşdırılmasının bir səbəbi də bu idi. Amerika Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq istəyirdi, bunun üçün də Türkiyənin dəstəyini alırdı. Biz Amerika nə deyib onu etmişik, hava məkanımızdan istifadə ediblər. Əfqanıstanda dəstək vermişik. İndi azərbaycanlılar deyirlər ki, bəs niyə Amerika bizi müdafiə etmir. Çünki Amerika öz maraqlarından çıxış edir. Amerika indi Ermənistanı bizdən çox müdafiə edir.
- O halda bəs biz nə etməliyik?
- Məncə, biz Avrasiya İqtisadi İttifaqına, Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinə daha çox önəm verməliyik.
- Konkret olaraq ABŞ-la Rusiya arasında bugünkü diplomatik savaşın Azərbaycan üçün nəticələri nə ola bilər?
- Bu diplomatik savaş deyil. Sadəcə, qalıb qaynar xəttə keçmək. Amerikada prezident seçkiləri başa çatdıqdan sonra, ola bilsin ki, bizim qarşımızda seçim şərti qoyulsun. Yəni biz konkret olaraq ya Rusiyanı, ya da Amerikanı seçməli olacağıq.Yenə də məhz təsir dairəsi məsləsinə görə. Buna görə mənə elə gəlir ki, biz müstəqilliyimizi qorumaq şərti ilə bizə strateji cəhətdən daha yaxın olan Rusiya ilə əməkdaşlığa daha çox önəm verməliyik.
-Bütün bu proseslər fonunda Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı durumu necə görürsünüz?
- Azərbaycan yeni qaz və neft kəmərləri çəkir, müqavilələr bağlayır. Böyük dövlətlər bu münaqişənin müharibə yolu ilə həllinə yol verməzlər. Bu münaqişənin həllində aparıcı rol isə Rusiyaya məxsus ola bilər.