Manera.az-da hər həftə yayımlanan "Ədəbi Künc” silsiləsinin müsahibi şair Qismət Rüstəmovdur. Yenizaman.az müsahibəni öz səhifəsində tirajlayır:
Yaradıcılıq Fondunda vəziyyət nə yerdədir?
- Həmişəki axarında. Bir neçə gəncin kitabını çap etmək istəyirik: Aqşin Evrən, Fərhad Amur, Ulucay Akif... Bundan başqa, mənim tərcüməmdə Vladimir Nabokovun "Rus ədəbiyyatından mühazirələr” kitabı var, yaxın aylarda o da nəşr olunacaq. Bugünlərdə Umberto Ekonun "Gənc romançının etirafları” kitabı çapdan çıxdı. Sonra... "Paris Review” müsahibələrindən seçmələr tərcümə etmişik, kitab hazırdı, onun dərcini düşünürük. Bunlar qarşıdakı aylarda planladığımız işlərdir. Gündəlik işimiz də Sim-sim.az saytı ilə bağlıdır. Çalışırıq ki, az olsa da, təzə, yeni müsahibələr, yazılar dərc edək.
- Sim-sim.az necə yarandı, proses necə baş verdi?
- Mən Azərbaycan Yaradıcılıq Fonduna aparat rəhbəri təyin olunandan sonra, müzakirələrdən birində sayt ideyası ortaya çıxdı, sədrimiz Kamal Abdulla ideyanı dəstəklədi, təxminən, iki aya yaxın məsləhətləşmələr oldu və nəticədə saytı yaratdıq. Mənə elə gəlir ki, sim-sim.az artıq öz yerini tutub, bir boşluğu doldurub.
- Dedin ki, Sim-sim.az bir boşluğu doldurdu. O boşluq nədən ibarət idi?
- Birincisi, hamımız bilirik ki, bizdə maddi bazası olan saytları daha çox konkret şirkətlər yaradır, maddi dəstəyi verən şirkət İP gözləyir, reytinq gözləyir və bu, çox normaldır. Mən isə həmişə düşünmüşəm ki, istənilən ədəbi orqan ehtimal olunan hansısa qrupla ünsiyyət cəhdidir, amma bu ünsiyyətin alınması üçün ədəbiyyat daim özünü qarşı tərəfin dünyagörüşünə hesablamalı deyil, çünki bu dərininə yox, eninə münasibət olacaq. Deyl Karneqinin məşhur bir kitabı var: "Dostu necə qazanmalı və insanlara necə təsir etməli?” Orda deyir ki, tutalım, qarşı tərəfin gəmiçilikdən xoşu gəlirsə, gəmilərdən söhbət sal, onun maraq dairəsinin orbitinə daxil ol. Bu formulun bəlkə də gündəlik həyatda, sosial şəbəkədə kiminləsə tanış olmaq istəyəndə faydası var, amma fikrimcə, böyük sənətdə belə şeylər keçmir. Şübhəsiz ki, informasiyanın sadə çatdırılması məsələsi var, amma sadəliklə yüngüllük ayrı şeylərdir, indi bizim tv-lərdə və elektron mediada bunu qarışdırırlar.
İkincisi, fikrimcə, məqsəd həm də belə olmalıdır ki, dünya ədəbiyyatındakı proseslərdən bacardıqca zamanında xəbərdar ola bilək. Söhbətlər, müzakirələr göstərir ki, elə eyni yazıçıların, şairlərin adları çəkilir, eyni sitatlar çəkilir. Dünyada artıq kifayət qədər tanınan hər hansı bir yazıçıya beynəlxalq mükafat verirlər, biz baxıb deyirik ki, bu kimdir? Məsələn, neçə ildi Nquqi Tionqonun, Adonisin adı Nobel mükafatında hallanır, heç kimin ağlına gəlmir ki, götürüb bir şeirini, bir hekayəsini tərcümə etsin. Elə gərək mükafat alsın sonra çevirək? Mənə elə gəlir ki, sim-sim bu mənada da az da olsa müəyyən boşluğu doldurur.
- Niyə biz Adonisi və digərlərini az tanıyırıq, amma Markesi hamı tanıyır?
- Bu, ilk növbədə yazarların dünyagörüşündən, naşirlərin çap strategiyasından, tərcüməçilərdən seçimindən asılıdır. Başa düşmək lazımdır ki, bizim kitab dünyamız, naşirlik sistemimiz, tərcümə fəaliyyətimiz dünyadan bir neçə əsr geridir. Ona görə, məsələn, Markesin 15 kitabını tərcümə etməkdənsə, onun əsas 3-4 əsərinin tərcüməsi kifayətdir, qalan enerjini isə başqa müəlliflərə xərcləmək olar. Dünya ədəbiyyatının məhək daşı olan, amma bizdə adı-sanı eşidilməmiş o qədər yazıçılar var ki. Mən sizə bir şey deyim, bizdə indi gülməli bir vəziyyət yaranıb, Latin Amerika ədəbiyyatı bəlkə də heç özlərində bizdəki qədər təkrar-təkrar nəşr olunmur. İndi daha o dövran deyil, açıq dünyadır, camaat təzə informasiyaya acdır, 30 il başımızı Markesin, Kafkanın tərcümələri qatıblar, daha keçmir belə şeylər. Fikrimcə, indi daha çox adam xaricdən, əsasən də Türkiyədən öz təşəbbüsü ilə kitab gətirib münasib qiymətə satan gənclərə müraciət edir, bu gənclər gərək seçici olsunlar, bir az zövq diqtə etsinlər. Problem çoxdur, qonorar sistemi çöküb, ya da elə vəziyyətdədir ki, əməyin qarşılığından çox, sədəqəyə oxşayır. Ölkədə hər sahədə peşakar kadr çatışmazlığı var, binalar tikmişik, amma peşakarlar yetişdirməyə pul buraxmamışıq. Elmi ədəbiyyatın tərcüməsi və nəşri yox dərəcəsindədir. Sonra da narahat oluruq ki, amandır, radikal dini meyllər güclənir, dünyəvilik əldən gedir. Bizim canımızda nuhdanqalma bir neçə zərərli vərdiş var:
Birincisi, bir problemi dilləndirən kimi, deyirlər ki, gəlin yığışaq iclas keçirək. Bir də ayılırsan ki, il bitib, amma iclaslar davam edir.
İkincisi isə bizdə reaksiyalar adətən problemi həllinə yönəlməkdən çox, həmin problemi dilləndirənin cavabını vermək üçün olur.
Üçüncüsü, bizdə ailədən başlayaraq məktəbə, ordan cəmiyyətin bütün təbəqələrinə qədər hər yerdə təlqin edirlər ki, hamı kimi ol. "Qonum-qonşu, dost-tanış, camaat nə deyər?” – düşüncəsinin kökündə bu var, yəni birdən sən özün olarsan, uğur qazanarsan, məlum olar ki, belə də olurmuş, rüsvay olarıq, təcili bizə oxşa!
Dördüncüsü, hələ də psevdo-vətənpərvərlik pafosu canımızdan çıxmır. Düstursa, məncə, çox sadədir: ən böyük vətənpərvərik peşakarlıqdır!
- Deyirsən ki, biz dünya ədəbiyyatı ilə ayaqlaşa bilmirik. Sənin özün də daxil olmaqla, niyə biz dünya ədəbi proseslərindən kənarda qalmışıq?
- Yazıçılar yazdıları ilə dolanmır, buna görə də heç kim ancaq öz yaradıcılığına fokuslana bilmir. Kitab tirajları çox aşağıdır, regionlarda kitab evləri yoxdur, ədəbi proses ölkə boyunca getmir, hər şey paytaxta, burdakı bir neçə məhdud tirajlı ədəbi orqanın, saytın ətrafında baş verir. Ən pisi odur ki, insanların kitaba, elmə olan inamı sarsılıb. Belə bir müqayisə nə qədər pis səslənsə də, bu yerdə Pavlovun itlər üzərində apardığı təcrübəni xatırlamalıyam. O, qaranlıqda saxladığı itlərə əvvəlcə zəng səsi eşitdirir, sonra yemək verirdi. Beləliklə, itlər üçün zəng səsi şərti refleksə çevrilib yeməklə eyni mənaya gəlmişdi. Cəmiyyət də bir az belədir. Ona davamlı şəkildə hansı siqnal, hansı impuls ötürülürsə, o da həmin şeyə reaksiya verir. Burda ən vacib məqam davamlılıqdır, yəni tutalım, "bir elmi yazı verdik oxunmadı, bir ədəbi veriliş açdıq reytinqi olmadı, bağladıq” deməklə iş bitmir, nəticə yalnız sürəklilikdən sonra baş verə bilər. Tele-kanallardan cəmiyyətə ötürülən siqnal budur ki, normal həyata şəraiti qurmaq üçün elmin, kitabın yox, manıslığın, təlxəkliyin, yaltaqlığın arxasınca getmək lazımdır. Biri ekranda cin çıxardır, o biri fala baxıb gələcək haqda ictimai-siyasi proqnozlar verir, başqa necə olmalıdır ki? Biz hamımız azman bir simulyasiyanın içindəyik. Bilirsən, indi fırıldaqçılığın adı diribaşlıq, alicənablığın adı fərsizlik olub. Bütün bu həngamənin içində kimlərsə oturub hələ yazılar yazırsa, tərcümələr edirsə, onlar yalnız hörmətə layiqdir.
- Bu yaxınlarda 12 AZN qiyməti olan bir kitab oxudum, çox keyfiyyətsiz idi redaktəsi də, kitabın tərtibatı da. Kitab bazarındakı bu keyfiyyətsizlik və bahalığı necə şərh edirsən?
- Bəzi naşirlər, elə bil, tərcüməçidən də, oxucudan da acıq çıxırlar. Əksər nəşriyyatların redaksiya heyəti yoxdur, fast-food məntiqi ilə işləyirlər, tez-bazar, necə gəldi. Azərbaycan dilində inşa yaza bilməyən yeniyetmələrə roman tərcümə elətdirirlər. Bu tərcümələrdən kitab oxuyub böyüyən uşaqlar gələcəkdə hansı dildə danışacaqlar görəsən? Mən öz dilimizdə oxumağa normal tərcümə tapa bilmirəm, ona görə rusca, ya da türkcə oxuyuram. İndi ingilis dilini təkmilləşdirməklə məşğulam deyə, xırda-xırda bu dildə də oxumağa başlamışam. Yaxşı tərcümələri qoyduq bir yana, bəs kitabların tərtibatına nə deyirsən? "Anna Karenina” romanının üz qabığına, həmin əsərin motivləri əsasında çəkilmiş filmin baş rolu ifaçısı Kira Naytlinin fotosunu veririk. Kimsə deyə bilər ki, dünyada da belə edənlər var, fərqi yoxdur, kim eləyir, harda eləyir, kitaba təhqirdir bu.
- Bu dediklərinə uyğun gəlməyən naşir və nəşriyyatlar heç yoxdur?
- Var, məsələn, Səlim Babullaoğlu kiçik komanda ilə peşəkar, zövqlü işlər görür. Təklif etdikləri çeşid hələlik azdır, amma yenidir, keyfiyyətlidir. Mətnlər bir neçə peşakar redaktorun əlindən çıxır. Bu komanda böyük olsa, gör nələr edər. Biz üzdə olana çox bel bağlayırıq. Naşirlik təkcə populyar müəlliflərdən divident qazanmaq deyil, həm də yeni müəlliflər, əsərlər təqdim etməkdir.
- Bəs NLP texnikası, fərdi motivasiya mövzulu, siqareti tərgitməyin yolları və sair səpgili kitabların çapına necə yanaşırsan?
- Sadaladıqların kommersiya maraqlarına hesablanmış kitablardır. Dünyanın hər yerində belə kitablar böyük tirajla çıxır. Belə kitablar kriminal ədəbiyyat kimi, populyar kültürün ikonaları haqqında əsərlər kimi, bazarda lokomotiv rolu oynayır. Kariyera ilə bağlı bu cür kitablar, tutalım, "böyük imkanlar ölkəsi” ABŞ-da nəyəsə yaraya bilər, amma bizdə o kitabları oxuyub ancaq xəyal qura bilərsən. Yadıma düşdü deyim, bir dəfə kitab dükanlarının birindəydim, içəri bir dəstə qız girdi. Qızlardan biri evlənməyin yolları haqqında bir kitabı götürdü, vərəqlədi, gülüşməyə başladılar. Sonra kitabdan təxminən belə bir parça oxudu, münasibət qurmaq üçün daha çox adam içinə çıxın, sosiallaşın. Rəfiqələrindən biri gülə-gülə qayıtdı ki, evə yarım saat gec gedəndə anam mənimlə yaxşıca sosiallaşır...
- Bu təkliflərini naşir və nəşriyyatlara bölüşmüsən?
- Məndə ideyalar, təkliflər həmişə var. Məsələn, birini deyim. Dünyanın ciddi nəşriyyatlarında klassik müəllifləri çap etməyin standartı var. Kitabın əvvəlində, ya da sonunda, həmin müəllif və ya əsər haqqında yazılmış məşhur esselərdən biri önsöz yerinə verilir. Tutalım, Coysun kitabıdırsa, Stüart Cilbertdən bir yazı, Bodlerdirsə, Valter Benyamindən bir yazı və s. Kitabın axırında, ya da önsözdən əvvəl iki sütunlu xronologiya olmalıdır. Soldakı sütunda müəllifin bioqrafiyası, sağdakı sütunda isə həmin illərdə müəllifin ölkəsində və dünyada baş verən vacib hadisələr göstərilməlidir. Bunlar klassiklərin çapında elementar tələblərdir.
- Heç bəyəndiyin tərcüməçilər yoxdur?
- Nadir Qocabəylinin Knut Hamsundan, Seyfəddin Hüseynlinin Culian Barnsdan, Ülkər Nəsibbəylinin çağdaş dünya ədəbiyyatının ən müxtəlif müəlliflərindən etdiyi tərcümələri xatırlayıram. Bunlar ilk ağlıma gələnlərdir, əlbəttə ki, az da olsa, başqaları da var. Amma vəziyyət elədir ki, mübtədası ilə xəbəri uzlaşan cümlə görəndə şükr edirik. Qonorar olanda, sayt üçün öz inandığım adamlara, lazım bildiyim mətnləri sifariş verirdim, indi tərcümələri özümüz edirik. Əksəriyyətini mən çevirirəm və sözsüz ki, xeyli qüsurlar da olur, mükəmməllik iddiasında deyiləm. Amma bu saytdır, həmin mətnləri kitab kimi dərc edəndə, səhvlər minimuma enməlidir. Redaktə sonsuz prosesdir, amma gərək tərcümə də, redaktə də ortadan aşağı olmasın. Hamıda tələskənlik var, elə bil, öhdəlik götürmüşük ki, hər ay bir klassikin kitabını pis günə qoymalıyıq. Ən pis tərcümələr türk dilindən çevrilənlərdir. Elə əsərlər var ki, onun estetikasını bilmək lazımdır, müəllifin üslubuna bələd olmalısan. Məsələn, Flober, yaxud Kortasar. Bu cür müəllifləri çevirmək üçün iki dili bilmək kifayət deyil, üslubların tarixindən xəbərin olmalıdır, bəzən hətta bioqrafik məqamların da əhəmiyyəti olur. Bizim tərcüməçilərin bir problemi də odur ki, çevirdikləri müəllifi özlərinə oxşatmaq istəyirlər, özlərinə xoş gələn arxaik, dialekt sözləri üslub yaratmış adamın lüğətinə, tərkibinə dürtüşdürmək istəyirlər. Bir də görürsən, Saramaqonun qəhrəmanı qəfildən başladı Qazax dialektində danışmağa. (gülür)
- Sizin saytdakı simalardan danışaq. Məsələn, Ömər Xəyyam. Onun yaradıcılığını necə xarakterizə edirsən?
- Ömər Xəyyam bizim saytın şef redaktorudur. Onu mənimlə gərək ki, Cəlil Cavaşir tanış etmişdi, onda şeirlər yazırdı, sonra nəsrə keçdi, düz də elədi. Yazdığı hekayələrdə psixologizmə meyli təqdirəlayiqdir, amma fikrimcə, sistemli mütaliə problemi var, əksər gənclər kimi öz mənsub olduğu ədəbiyyatla bağlı komplekslərini aşmalıdır. Ən yaxşı cəhəti odur ki, ənənəvi yollarla getmək istəmir, fərqli olmaq istəyir. Hələlik yeganə kitabı olan "Sarışan hallar”da dediyim bu cəhətlər hamısı qabarıq görünür. Ədəbiyyatdan kənarda isə işgüzardır, zəhmətkeşdir, enerjilidir. Arada kinoya olan meyli ədəbiyyatı üstələyir, tərəddüd keçirir, elə bil. Əgər özünü tam mənası ilə nəsr yazmağa həsr etsə, yaxın gələcəyin ən orijinal yazıçılarından biri olacaq. Amma bu istək gərək təkcə bizdə yox, həm də onun özündə olsun.
- Saytınızın ən bəyəndiyin xüsusiyyəti nədir?
- Həmişə olmasa da, əksərən çalışırıq elə yazılar verək ki, google-da axtarış verəndə, öz dilimizdə həmin kitabla, müəlliflə bağlı heç olmasa bir nəticə görünsün.
- Bəyənmədiyin və tənqid etdiyin tərəfləriniz nələrdir?
- Qonorar fondumuz yoxdur. Hələlik hər şeyi özümüz etməyə məcburuq, bu məni narahat eləyir. Daha çox sifariş vermək, daha çox müəlliflə əməkdaşlıq etmək istəyirəm. Bir də saytın dizaynı hələ də məni qane etmir.
- Digər ədəbiyyat saytlarına münasibətin necədir?
- Çox yaxşıdır, hamısını diqqətlə izləyirəm. Əfsus ki, bizdə bütün böhranlar birinci mədəniyyəti vurur. Bütün çabalarla elmin və mədəniyyətin yanında olmaq lazımdır. Əgər açıq, qabaqcıl cəmiyyət qurmaq, yaxşı vətəndaşlar yetişdirmək, fərdlərin sayının çoxalmasını istəyiriksə, ancaq və ancaq elmə, mədəniyyətə inanmaq lazımdır. Başqa yolu yoxdur, heç vaxt da olmayıb. "Kulis.az” da, "Oxu Zalı” da, "kultura.az” da hərəsi bir rəngdir, bir daddır, öz funskiyası var, öz çevrəsi var. Ədəbiyyata meyxana yarışması kimi baxmıram deyə, ədəbi saytlara da bir-birinin rəqibi kimi baxmıram, mənim dünyagörüşümdə biz hamımız bütövün tərkib hissələriyik. Sözün müsbət mənasında rəqabət varsa, bu yalnız estetik planda mümkündür. İndi gənclər müstəqil şəkildə yekə-yekə təşkilatlardan daha maraqlı və böyük işlər görməyə başlayıblar. Məncə, bu zamanla daha da çoxalacaq və daha effektiv olacaq.
- Sənin şeirlərini çox sevirlər. Bir çox müsahib şair kimi səni yüksək qiymətləndirir, səbəb nədir? Şeir yazmağa necə başladın?
- Şeir haqqında danışmaq çətin məsələdir. Yunan mifologiyasındakı cildən-cildə girən Fetida kimi, poeziya da, elə bil, həmişə adamın əlindən sürüşüb çıxır, bir tərəfi ilə daim sirli qalır. "İstedad” yarışmalarına qatılanlar kimi "məxsusi” bioqrafiyam yoxdur. Ziyalı ailədə doğulmuşam. Uşaqlığımı xatırlayanda gözümün qabağına gələn görüntüdə həmişə kitab var, kitabxana var, kitab oxuyan adamlar var. Babalarımın böyük kitabxanası vardı, atamın böyük kitabxanası var, mən həmin kitabxanaların içində böyümüşəm, sonradan ordan kitablar oğurlayıb öz kitabxanamın əsasını qoymuşam, illər keçdikcə isə özüm də kitablar ala-ala özümə kitabxana düzəltmişəm. Nənələrim xalq şeirini gözəl bilirdilər, ortancıl dayım saatlarla rus poeziyasından şeirlər oxuyurdu, balaca dayımın böyük film kolleksiyası vardı, rejissor olmaq istəyirdi. İncəsənət bizim evdə gündəlik həyat ritmi olub. Mən də o havanı udub yazmağa başlamışam, əvvəl məktəb illərində müəllimlərə parodiyalar, sonra universitet illərində sevgi şeirləri və s. Əlbəttə ki, zamanla dəyişən şeylər olub, tələbəlik illərində ağlıma hər gələnin şeiri olduğunu düşünürdüm, qəlibləşmiş fikirlərin diqtəsi altındaydım, şeiri yalnız yazıldığı nüsxədə olan spontan yaradıcılıq forması kimi dərk eləyirdim. Amma zamanla öyrənirsən ki, bəzən bir şeirin hasilə gəlməsi üçün aylar, hətta illər də keçə bilər. Borxesin Horatsidən borc götürdüyü bir öyüd var ki, mən də ona uymağa çalışıram. O deyir ki, yazdığınız şeiri tələsik dərc etməyin, dincə qoyun, bir müddət sonra soyuq başla qayıdın mətnə. Tələbəlikdə bir gecəyə üç şeir yazırdım, amma indi nə qədər yazıramsa, o qədər də narahat oluram, tərəddür keçirirəm. İnanıram ki, həmişə daha yaxşı variant mümkündür.
-Ötən müsahibələrdən birində Bəxtiyar Əlirzayev konkret səninlə bağlı olmasa da, üzdə olan çağdaş şairlərin bir çoxunun 90-cı illər jurnalistikasını poeziyaya köçürməklə məşğul olduğunu demişdi. Münasibətin necədir?
- 90-cı illərdə uşaq olmuşam, o dövrün jurnalistikasından xəbərsizəm. Amma lap xəbərim olsaydı da, fərqi yoxdur, heç vaxt bir kanaldan qidalanmamışam, jurnalistikadan da, fəlsəfədən də, kinodan da, tibbdən də, küçə elanlarından da bəhrənlənmişəm. Bir də ki, əgər əlindəki müqayisə predmeti yalnız 90-ci illərin jurnalistikasıdırsa, onda məsələ aydındır. Öz yazdıqlarımdan danışmaq istəmirəm, təzə ildə bir seçmə şeirlər kitabı dərc etdirəcəm, elə bilirəm ki, o kitabda hər şey daha aydın görünəcək. Hə, bir də, öz taleyini ən müxtəlif səbəblərə görə ədəbiyyatda reallaşdırmaqdan vaz keçmiş dostlarımız unutmasınlar ki, ədəbiyyatla yaşamaq təkcə bizim seçimimiz deyil, həm də ədəbiyyatın seçimidir.
- Çağdaş şairlərdən kimləri oxuyursan, bəyənirsən?
- Sevdiyim bütün şairləri oxuyuram: Səlim Babullaoğlunu, Rasim Qaracanı, Aqşin Yeniseyi, Fərid Hüseyni, Aqşin Evrəni, Esmira Məhiqızını, Könül Həsənqulunu və s. Siyahı uzundur, sən hələlik bu qədər adamı tag elə, bəsdir (gülür) Çünki əslində siyahı çox aydındır, ona yalnız zaman-zaman yeni imzalar əlavə olunur, amma həmişə yoxa çıxanların, duruş gətirə bilməyənlərin, bir atımlıq barıtı olanların sayı, qalıcı olanların sayından çox olur. Ötən müsahibələrdə də demişəm, konkret müəlliflər var ki, onların poeziyası haqda yazmaq istəyirəm, xeyli qeydlərim də var. Sağlıq olsun, yanvardan yazmağa başlayacam.
- Dünya ədəbiyyatında sənin şairlərin kimlərdir?
- Sadalayası olsam, antik yunan-roma şeirindən, yaxud klassik çin poeziyasına tutmuş, Transtörmerə qədər uzun bir siyahı alınar, bir xeyli tərcümə də etmişəm, gələcəkdə bəlkə bir kitab oldu. İllah ad istəyirsənsə, bir neçəsini deyim: Mallarme, Oden, Lorka, Ginzberq, Yahya Kamal, Cemal Süreya, Mandelştam və s.
- Nəsr yazırsan?
- Yazıram. 5-6 hekayə yazmışam, məncə, cəmi ikisi alınıb. Çoxdandır xırda-xırda bir roman yazıram, nə vaxt bitər bilmirəm, amma bu aralar əsasən şeir və esse yazıram.
- Azərbaycan və dünya ədəbiyyatındakı sevdiyin əsərlər hansılardır?
- İndiki ovqatda deyirəm, sabah dəyişə də bilər, "Yeddi gözəl” və "Don Kixot”
- Elm sahəsini izləyirsən?
- Əlbəttə, əvvəllər də dediyim kimi, heç bir kanaldan qidalanmamışam, özümü məhdudlaşdırmamışam. Antik yunan təbabətindən tutmuş çağdaş gen mühəndisliyinə qədər hər şey mənə maraqlıdır. Çağdaş dünyadakı radikal elmi kəşflərin yaratdığı yeniliklər, eyni zamanda yeni fəlsəfənin ortaya atdığı etik-mənəvi suallar ədəbiyyata təzə mövzular verib. Məsələn, Pulitser mükafatına layiq görülmüş, indidən XXI əsrin ən yaxşı romanlarından sayılan bir əsər var: Cefri Yevgenidisin "Middlesex”, yəni "Orta cins” adlı romanı. Bu əsərdə nəsildən-nəsilə bir bədəndən başqa bədənə keçən, axırda isə Kalliopi adlı balaca bir qızın vücudunda qərar tutmuş xarab bir gendən söhbət gedir. Genin səyahəti o qızın bədənində yekunlaşır, amma ordan sonra qızın öz hekayəsi başlayır və bir sual doğulur: Biz əslində kimik və əslimiz hardan gəlir?
Yaxşı ki, bizim mühitdə Yalçın İslamzadə kimi bir fiqur var, mübaliğəsiz deyirəm, o təkbaşına bir institun işini görür, nə qədər gəncin elmi olan həvəsini diri saxlayır, istiqamət verir. Mənə nəsə axır vaxtlar elə gəlir ki, bizim cəmiyyətdə tənbəlliklə həvəssizliyin qəribə bir hibridi var və bu vəziyyətdə ən çətin məsələ insanların həvəsini, inamını diri saxlamaqdır.
- Ən sevdiyin və sevmədiyin şeirin hansıdır?
- Bu suala belə cavab verim, yeni ildə çapını nəzərdə tutduğum seçmə şeirlər kitabında ancaq razı qaldıqlarım olacaq, ondan kənarda qalanlar isə sevmədiklərimdir.
- Həyatı və ölümü necə izah edirsən?
- Qəliz sualdır. Kamyünün maraqlı fikri var, belə yazır: ölüm elə bir təcrübədir ki, onu başqalarına ötürmək olmur. Bu fikrə əlavə edim: həyat isə elə bir təcrübədir ki, onu başqaları ilə bölüşməkdən gözəl heç nə yoxdur.
- Bob Dilan haqqında nə düşünürsən?
- Bob Dilana mükafat verilən gün dünyasını dəyişən Dario Fo çox böyük dramaturq idi...