"AKTYORLARA ROLA GÖRƏ 10 MANAT VERİRLƏR”
Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Tariyel Qasımovun AzNews.az-a müsahibəsi:
- Tariyel müəllim, 75 yaşınız tamam oldu, amma nədənsə yubileyiniz dövlət səviyyəsində qeyd olunmadı…
- Təəssüf… Görünən odur ki, mənim kimi sənətkarın yubileyi adi aktyordan seçilmədi. Bunu mən deməməliyəm, dövlət özü bilməli və nazirlik keçirməlidir. Heç kim yox idi. Sağ olsun, yenə illərimi verdiyim teatr məni yada saldı, yubiley keçirdi. Gənc Tamaşaçılar Teatrında böyük bir tədbir düzənləndi. Zal ağzına kimi dolu idi, hardasa 200-ə qədər tamaşaçı da geri qayıtdı. Bundan əlavə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev mənə yüksək səviyyədə yubiley keçirdi. Tədbir Ağstafadakı Heydər Əliyev Mərkəzində baş tutdu. Amma Mədəniyyət və Turizm Nazirliyi heç nə təqdim eləmədi. Bunun cavabı mənə də maraqlıdır. Heç nə vermədilər, heç nə eləmədilər. Hətta teatrın mənim üçün təşkil etdiyi yubiley mərasimində bir zarafat etdim. Dedim ki, Mübariz Həmidova təşəkkür edirəm. Ona görə ki, bu yubileyi o təşkil edib. Mübariz müəllim bu teatra qədəm qoyanda mənim təzə quruluş verdiyim "Ruhlar qapını döyür” tamaşasında mənim oğlumu oynadı. Bu gün oğul atasını çox istəyir deyə, mənə yubiley keçirir. Yəni, Mübariz Həmidov atasının yubileyini keçirir. Tamaşaçılar bu fikri çox bəyəndilər. Halbuki mənim 75 illik yubileyim dövlət səviyyəsində olmalı idi. Etmədilər.
- Sizcə, sənət adamlarının yubileylərinə diqqətsizliyin kökündə nə dayanır?
- Hər bir aktyorun tabutu teatrdan götürülməlidir. Aktyor ölənə kimi teatrda işləməlidir. Rusiyada aktyorlar ölənə kimi səhnədə olur. Ağasadıq Gəraybəyli 90 yaşında səhnədə idi. Öləndə də səhnədən götürdülər. Yəqin ki, get-gedə inkişaf edirik, ona görə də yubileylər təxirə salınır, ölənlər səhnədən deyil, evindən götürülür. Hələ kinonu demirəm, mənim teatr sahəsində xidmətlərim çox böyükdür. Mən teatr aktyoruyam. Qazax Dövlət Dram Teatrı pis vəziyyətdə idi. Bağlanmaq dərəcəsinə çatmışdı. Həmin vaxt Polad Bülbüloğlu nazir idi. Məni çağırdı yanına dedi ki, "o teatr ya bağlanmalıdır, ya da siz bu teatrı qaldırmalısınız". Getdim, bir il orda işlədim, acınacaqlı bir teatrı ayağa qaldırdım. Bir ildə 3 tamaşaya quruluş verdim. Mədəniyyət Nazirliyi həmin tamaşaların 3-nə də baxıb və onu yüksək səviyyədə qəbul etdi. Hətta Baş nazirin müavini Elçin Əfəndiyev kollegiya iclasında dedi ki, Qazax Teatrına diqqət artırılmalıdır, çünki bu teatr yaşayır. Dağıstanda ilk dəfə Azərbaycan Dövlət Dərbənd Dram Teatrının yaradılması məsələsi qaldırılanda yenə də Polad Bülbüloğlu məni ora göndərdi. Həmin teatr bu gün də işləyir. Öz teatrımızla yanaşı başqa mədəniyyət ocaqlarında da tamaşalara quruluş vermişəm. Bütün teatrların tamaşalarında baş rollarda oynamışam. Bu da mənim qiymətimdir, yubileyim belə aidiyyəti şəxslərin yadına düşmədi. Amma küçədə gedəndə tamaşaçı üstümə axışır, gözəl sözlər deyirlər ünvanıma. Bu, mənim bəsimdir. Bu gün də səhnədəyəm, seriallardayam.
- Deyirsiniz səhnədəsiniz. Amma tanınmış sənət adamları deyir ki, "dəvətlər gəlir, mənsə elə səviyyəsiz rollarda, seriallarda oynayan aktyor deyiləm". Bu ifadə sizə nə deyir?
- Məni çox seriallara dəvət edirlər, ancaq getmirəm. Baxmışam ki, məni seriala dəvət edən rejissor deyil, götürüb özü üçün serial çəkir. Yaxud da ssenari zəif olub, çəkilməmişəm. Adım-sanım var, adi aktyor deyiləm. Serialda çox cüzi pul verirlər. Hardasa 10-50 manat arası. Mənim üçün isə pul önəmli deyil, yaxşı ssenari və rejissor olmalıdır.
- Bu məbləğ aktyor üçün az deyil?
- Hörmətsizlikdir. Mən öz qiymətimi bilirəm, belə şeyləri də qəbul eləmirəm. Ssenarini bəyənsəm, pula baxmaram, pulsuz da çəkilərəm.
- Gənc Tamaşaçılar, Dövlət Gənclər və Kamera Teatrı birləşib bir araya gələndən bu günə kimi mədəniyyət ocağından gözəl tamaşalar deyil, ancaq qalmaqallar, dava-dalaşlar eşitdik. Bu günsə ilk dəfə olaraq siz konsert sədaları altında məzuniyyətə gedirsiniz...
- Bu qalmaqalları, teatrda bu vəziyyəti yaradan Cənnət Səlimova idi. O, baş rejissor təyin edildi, səlahiyyəti əlinə aldı. Həmin arada da müsahibə verdi, dedi ki, başda Tariyel Qasımov olmaqla guya, aktyorlar çox zəifdir. Ona görə də quruluş verdiyi tamaşalarda öz aktyorlarını önə çəkməyə məcburdur. Biz də susmadıq. Cənnət Səlimova nə dilimizə hörmət edir, nə mədəniyyətimizə, nə millətimizə, nə də özümüzə. Cənnət Səlimova Bakıda anadan olub, 79 yaşı var, amma Azərbaycan dilini bilmir. Gürcü qızı Manana 5 il burda oldu, Azərbaycan dilini məndən yaxşı bilir. Necə olur o, öyrənə bilir, amma Cənnət Səlimova yox? Bu bizi çox narahat elədi, baxdıq ki, bizə rol vermir, saymır. Vermir cəhənnəmə versin. Mən zəif aktyoram, onun bir tamaşasında belə yoxam. Teatrda bir nömrəli aktyor mən sayılıram. Onun üçün ancaq öz dəstəsi vardı, elə buna görə də güdaza getdi. Tutduğu yola görə onu baş rejissorluqdan çıxardılar.
- İndi Bəhram Osmanov baş rejissordur. Teatrda nə dəyişib?
- Hər halda Bəhram Osmanov ondan yaxşıdır, şikayət yoxdur. Düzdür, hər şey qaydasına düşməyib, amma o yerdə ki, iş gedir, orada səhv var. Heç vaxt hər şey qaydasında ola bilməz. Kollektiv mehribandır, dedi-qodular, araqarışdıranlar yoxdur. Ən gözəl tamaşalar bizim teatrda hazırlanır. Tamaşaçılar kassadan bilet alıb gəlirlər. Mən də tamaşa qoyuram. Sevdiyim aktyorlar var, həmin aktyorlara rol verirəm. Bu, bütün rejissorların adətidir. Bəhram Osmanovun da sevdiyi aktyorlar var, rolları onlara verir. Onun quruluş verdiyi bir tamaşada mənə rol verilməyib. Amma bu, məni sıxmır. Aktyorluq qabiliyyətimi itirməmişəm.
Cənnət Səlimovadan sonra qalmaqalsız yaşayırıq. Biz ildə 7-8 tamaşa hazırlayırdıq. Cənnət indi də tamaşa qoyur. Yenə də öz aktyorlarına rol verir. Həm də biz ona irad tuta bilmirik. Deyir ki, "mən həmin rolda Tariyel Qasımovu görmürəm".
- Birinci həyat yoldaşınızla aranızda ev problemi yaranmışdı. Hətta məsələ məhkəməyə kimi uzanmışdı. Bu proseslər necə başa çatdı?
- Mən ona ev vermişdim. Qadındır da, gördü ki, ayrılırıq, acıq çıxmaq üçün əlavə ev istədi. Sonda razılaşdı. Mənim evim vardı, amma sonradan prezident mənə ev hədiyyə etdi. Hazırda mən orada təzə xanımımla yaşayıram. Amma mən birinci evimi oğluma bağışladım. Onun istədiyi başqa şey idi. Deyirdi ki, "Tariyel evi oğluna bağışlayıb, mən evsizəm”. Halbuki o, oğlumla yaşayır. Ona görə də məndən əlavə ev istəyirdi.
- Nəvəniz Fariz Kərimli sizinlə bağlı açıqlaması xeyli müzakirə olundu. Doğrudanmı siz ona baxmırsınız ki, məcbur olub müalicəsi üçün ondan-bundan yardım istəyir?
- Nəvəm 2 yaşı olanda xəstələndi. Bir həkim ona səhv iynə vurmuşdu. Ondan sonra mən onun yolunda 8 il pul xərclədim. Həkim dedi ki, bu sağalmayan xəstəlikdir. Bu nə qədər yaşasa xəstəlik onunla olacaq, vəssalam. Ondan sonra mən geri çəkildim. Onun da səbəbi var. Farizin atası, babası var. Onların qazancı 10 Xalq artistini, 20 də adi aktyoru saxlayar. Bunu qəsdən ediblər ki, mənim ad-sanımı korlasınlar, hörmətdən salsınlar.
- Yəni, deyirsiniz ki, bunu sizin birinci həyat yoldaşınız edir?
- Bilmirəm. Amma oğlum Fariz və anası ilə dalaşıb. Deyib ki, baban sənin yolunda öz ağırlığında pul xərcləyib. İndi də ata baban, atan pul xərcləsin. Atası kimə lazımdır, oğlunu saxlasın da. Qızım Farizin atasından ayrılıb, amma uşaq onlarındır axı. Onun soyadı Kərimovdur, mən niyə baxmalıyam? Üstəlik, qızım təzə ailə qurub. Özü uşağına baxsın, mən onlarla qurtarmışam. Mən Farizin yolunda istədiyi qədər pul xərclədim. Daha bəsdir, o, sağalmayacaq. Eləcə də öləcək.
Bir dəfə də qızımla çıxmışdı "Space”ə, mənim adımdan 30 min pul yığdılar. Həmin adamlar mənə zəng edib deyirdilər ki, "Tariyel müəllim nəvənizə pul göndəririk”. Guya, bunlar Moskvaya gedib, həkimlər orada da Farizin sağalmayacağını deyiblər. Pulu da xərcləyib gəliblər. İndi də yenidən pul yığmaq istəyirlər. Farizin işləridir, adıma ləkə gətirmək istəyir.
Bahar RÜSTƏMLİ
AzNews.az
.