Prezident İlham Əliyev “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanunu təsdiqləyib.
Qanun ölkə Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərinə uyğun olaraq, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyir, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edir.
Bundan başqa, dövlət başçısı qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, qanunla bağlı Prezident, Nazirlər Kabineti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Neft Şirkəti və “Azərişıq” ASC müəyyən səlahiyyətlərə malikdir.
Nazirlər Kabineti ölkə qanunlarının və Prezident aktlarının “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanuna uyğunlaşdırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görə ödənilən icarə haqqının məbləğini bir ay müddətində təsdiq edib Prezidenti məlumat verməli, Qanundan irəli gələn digər məsələləri həll etməlidir.
.