Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib.
Prezident İlham Əliyev bu ilin yanvarında Markveyn Mullinin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator kimi ölkəmizə səfərini və onunla görüşünü məmnunluqla xatırlayıb, yeni vəzifəsi ilə bağlı qonağı təbrik edib.
Dövlətimizin başçısı 2026-cı ilin Azərbaycan-ABŞ əlaqələri üçün tarixi əhəmiyyət kəsb etdiyini deyib. Prezident İlham Əliyev bu xüsusda ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfəri və bu çərçivədə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının münasibətlərimizin genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.
Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin ən yüksək səviyyəyə qalxmasında və regionda sülhün təmin edilməsində Prezident Donald Trampın səylərini yüksək qiymətləndirib, ölkəmizin də ABŞ ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu deyib.
2025-ci ilin avqustunda keçirilən Vaşinqton Sammitini xatırladan Prezident İlham Əliyev artıq regionda yeni vəziyyətin yarandığını, bir ildən çox müddətdir ki, sülh şəraitində yaşadığımızı bildirib.
ABŞ-ın daxili təhlükəsizlik naziri Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb və bu xüsusda Prezident Donald Trampın rolunu qeyd edib.
Markveyn Mullin TRIPP layihəsinin əhəmiyyətinə toxunaraq, bu dəhlizin tam şəkildə işə düşməsinin Azərbaycanla Ermənistan, eyni zamanda, regionlar arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.
Söhbət zamanı Azərbaycan-ABŞ əlaqələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, müxfəlif səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlıq imkanlarını müzakirə etmək üçün yaxşı fürsət yaratdığı qeyd edilib.
.
