Böyük Britaniyanın sabiq Baş naziri Tereza Mey ölkənin Avropa İttifaqına (Aİ) yenidən üzv olması ilə bağlı müzakirələrə qarşı çıxıb.

Mey BBC-yə müsahibəsində Baş nazir Endi Börnhemin Böyük Britaniyanın Aİ-yə mümkün qayıdışı ilə bağlı açıqlamalarını tənqid edib.

Sabiq hökumət başçısı bildirib ki, britaniyalılar 2016-cı ildə keçirilən referendumda Avropa İttifaqından çıxmağa səs veriblər və bu qərara hörmət edilməlidir.

“İnsanlar Brexit-ə səs veriblər. Brexit baş tutub. Bunu qəbul edib irəli getmək lazımdır”, – deyə Mey vurğulayıb.

O, Börnhemin mövqeyini ölkənin Aİ ilə münasibətlərinə dair yeni referendum keçirilməsi cəhdi kimi qiymətləndirib.

Meyin açıqlaması Böyük Britaniya–Aİ sammitindən iki gün sonraya təsadüf edib. Sammitin ardından Börnhem Londonla Brüssel arasında gələcək münasibətlərin müxtəlif variantlarının müzakirə olunacağını bildirib.

“The Times” qəzeti isə hökumət başçısına yaxın yüksəkvəzifəli mənbəyə istinadən Börnhemin Böyük Britaniyanın Avropa İttifaqına qayıtmalı olduğuna inandığını yazıb.

Qeyd edək ki, Böyük Britaniyada 2016-cı il iyunun 23-də keçirilən referendumda seçicilərin 51,9 faizi Aİ-dən çıxmağa, 48,1 faizi isə üzvlüyün davam etdirilməsinə səs verib. Ölkə 2020-ci il yanvarın 31-də Avropa İttifaqından rəsmən ayrılıb.

.