
Bu ilin iyul-avqust aylarında Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən toqquşmalar zamanı Azərbaycanda yaşanan informasiya xaosunun əks-sədası hələ də davam edir.
Həmin hadisələr zamanı cəbhədə baş verənlər barədə Azərbaycan KİV-lərində, xüsusən də internet xəbər portallarında yaşanan xaos, hərbi sirr sayılan məlumatların yayılması, Müdafiə Nazirliyinin və digər strukturların mətbuat xidmətlərinin isə sadəcə iflis vəziyyətinə düşməsindən sonra ölkədə informasiya təhlükəsizliyi məsələsi Prezident Administrasiyası tərəfindən müzakirəyə çıxarıldı.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev KİV redaktorlarının iştirakı ilə geniş toplantı keçirərək dövlət və milli maraqlara təhlükə törədən, dezinformasiya mahiyyətli məlumatlar yayan KİV-ləri sərt tənqid etdi. Habelə dövlət strukturlarının mətbuat xidmətlərinin KİV-lərlə işi düzgün qurmadığını qeyd etdi.
Həmin toplantıdan sonra ölkədə informasiya təhlükəsizliyinin qorunması sahəsində mövcud olan ciddi problemlər, habelə informasiya siyasətinin daha yaxşı necə təşkil edilməsi bir neçə formatda müzakirəyə çıxarılıb. Bu gün isə Prezident Administrasiyası, Mətbuat Şurası və Müdafiə Nazirliyi yenidən informasiya təhlükəsizliyinin qorunmasında medianın roluna dair KİV rəhbərlərinin iştirakı ilə geniş toplantı keçirdi.
Çıxışçılardan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev Azərbaycanın "erməni lobbisinin və daxildəki "beşinci kalon”un təsirinə məruz qaldığını” bildirdi. Onun sözlərinə görə, Ermənistan cəbhə bölgəsində təkcə hərbi təxtibatlar yox, həm də informasiya təxribatları törədir və buna hazırlıqlı olmaq lazımdır. V.Əliyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bundan əvvəl keçirdiyi müşavirədə Azərbaycanın informasiya təhlükəsizliyinə dair vəziyyəti təhlil etdiyini, çıxış yollarını göstərdiyini xatırladıb.
"Daha sonra prezident İlham Əliyev tərəfindən müdafiə və təhlükəsizlik sahəsində qanunların, dövlət sirri təşkil edən məlumatların KİV-də, sosial şəbəkələrdə yayılmasının qarşısını alan tədbirləri nəzərdə tutan sərəncam imzalanıb. Bu sərəncam əsasında müvafiq strukturlar tədbirlər planı hazırlayıb həyata keçirirlər. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsi də müvafiq tədbirlər planı hazırlayıb, həyata keçirməkdədir. Avqustun əvvəlində baş vermiş hadisə ilə müqayisədə vertolyot vurulan dövrdə mətbuat məsələlərə kifayət qədər peşəkar yanaşdı. Bildirildi ki, vertolyotun vurulması təxribata layiqli cavab olub. Ancaq bunlar problemlərin aradan qalxması anlamına gəlmir. Çox təəssüf ki, bəzi internet resursları hələ də məsələlərə peşəkar yanaşmır, informasiyanı dəqiqləşdirmir. Məsələn, bu günlərdə ermənilər guya Murov dağında donmuş cəsədlərlə bağlı və digər təxribat xarakterli məlumatlar yaydılar. Ardınca bizim bəzi elektron KİV-lər bunu tirajladı.
Yaxud saytlardan biri bu yaxınlarda vertolyotun vurulması ilə bağlı sorğu keçirib, guya rəyi soruşulanların 49 faizi bunu müsbət qarşılamayıb. Bəzi qruplar Qərbin qrantlarının təsiri altında hərəkət edir. Ermənistanın sözçüsü kimi çıxış edən bəzi xarici təşkilatlara münasibətdə hücum taktikası həyata keçirilməlidir” - deyə administrasiya rəsmisi bildirdi.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə R.Mehdiyevin keçirdiyi həmin müşavirənin nəticəsi olaraq nazirliyin "Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili haqqında Təlimat” hazırlanaraq qoşunlara göndərildiyini xatırlatdı.
Onun sözlərinə görə, nazirlik "İnformasiya təhlükəsizliyi” və "Fiziki təhlükəsizlik” üzrə məlumatlar adlı toplular da hazırlanaraq şəxsi heyətə çatdırılıb və yaxın günlərdə KİV nümayəndələrinin tanış olması üçün nazirliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.
Qeyd edək ki, hərbi mövzuda informasiyaların Müdafiə Nazirliyi ilə razılaşdırılıb yayılmamasına görə əsasən jurnalistlər tənqid hədəfində olsa da məsələnin digər tərəfi-nazirliyin mətbuat xidmətinin operativliyinin aşağı olması və baş vermiş hadisə barədə rəsmi məlumatı bəzən saatlarla sonra yayması da informasiya müharibəsi şəraitində Azərbaycan tərəfinin mövqelərini zəiflədən amildir.
Bu baxımdan V.Dərgahlı çıxışında Müdafiə Nazirliyinin informasiyaların yayılmasında operativliyinin bəzən aşağı olmasına aydınlıq gətirməyə çalışdı.
V.Dərgahlının bildirdiyinə görə, mətbuat xidməti hər hansı məlumatı yaymazdan və ya şərh etməzdən əvvəl məsələni komandanlıqla, bəzən isə Prezident Administrasiyası ilə razılaşdırmalıdır. Bu baxımdan nazirliyin rəsmi məlumatı gecikə bilər. Lakin jurnalistlər hərbi sahəyə dair informasiyaları yayarkən operativliyi yox, səhihliyə və bu məlumatın dövlət maraqlarına, milli maraqlara nə dərəcədə cavab verdiyini əsas götürməlidir.
V.Dərgahlı deyir ki, iyul-avqust hadisələri zamanı yaşanan informasiya xaosundan sonra bu sahədə vəziyyət böyük ölçüdə düzəlib. İndi jurnalistlər MN-nin mətbuat xidməti ilə daha peşəkar işləyir, bir çox hallarda düşmən tərəfin yaydığı məlumatı zəng edib nazirliyin mətbuat xidmətinə çatdırırlar və hansı məlumatın təxribat xarakterli olduğunu müəyyən etməkdə təcrübə qazanıblar.
Toplantıda bildirildi ki, MN-in hərbi sirlərin mühafizəsi xidməti də prezidentin sərəncamına uyğun olaraq hərbi hissələrdə sirlərin qorunması yönündə iş aparıb, təmas xəttinə yaxın yaşayan əhalini hərbi sirlər və onların yayılmaması barədə təlimatlandırıb.
Lakin Milli Məclisin deputatı Aqil Abbas MN-in mətbuat xidmətinin işində hələ də nöqsanların qaldığını dedi. O, Ağdamda Ermənistan ordusunun vertolyotunun vurulması hadisəsinə dair nazirliyin mətbuat xidmətinin operativ işləmədiyini, hadisə haqda ancaq bir neçə saat sonra rəsmi bəyanat yayıldığını xatırlatdı.
Aqil Abbasın sözlərinə görə, vertolyotun vurulmasını əks etdirən və şübhəsiz ki, hərbçilər tərəfindən mobil telefonla şəkilən videogörüntülərin sosial şəbəkələrdə yayılmasının da qarşısı alınmalıydı. Onun fikrincə, ən azı kadrları səssiz yaymaq, əsgərlərin "vur, komandir” çağırışlarını çıxarmaq mümkün idi.
Deputatın sözlərinə görə, vertolyotu vuran hərbçinin adının, fotolarının yayılması da düzgün deyildi, jurnalistlərin isə bir-birinin ardınca onun valideyinlərinin yaşadığı evə cumub hadisə haqda şou xarakterli süjetlər hazırlamamalı idi. Çünki hərbçi sadəcə hərbi borcunu yerinə yetirmişdi və bu hadisə ətrafında daha peşəkar təbliğat qurula bilərdi.
Beləcə, internet əsrində informasiya və informasiya təhlükəsizliyinin qorunması kimi təkcə Azərbaycanda deyil, dünyanın hər yerində getdikə bir-birini inkar edən iki məsələ ətrafında növbəti müzakirələr arxada qaldı.
.