Yenizaman.az Kulis.az-a istinadən Şərif Ağayarla Xalqa artisti Nurəddin Mehdixanlının söhbətini təqdim edir.

 

- Sizi əvvəl-əvvəl Mikayıl Mirzəyə oxşadırdılar. Elə mən də oxşadırdım. Xüsusən bədii qiraətdə...

 

- Mikayıl Mirzə mənim müəllimim olub. Səhnə danışığından o və Əzizağa Quliyev dərs keçirdi bizə. Onlar sözün həqiqi mənasında böyük müəllimlər idilər. Mikayıl Mirzə çox böyük adam idi. Hamıdan seçilirdi. Daha çox işlər görə bilərdi. Amma ona zamanında çox maneçiliklər törətdilər. O, savadına, intellektinə, peşəkarlığına görə fərqlənirdi və ətrafdakılarda bir az da qıcıq yaradırdı.    

 

- "Aydın” tamaşasını da o hazırladı və baş rolu sizə verdi. Şəxsən mən sizi teatr aktyoru kimi özüm üçün bu tamaşada kəşf etdim. Yadımdadır, hər oyunda qan-tərdə qalırdınız. Sanki, sonuncu dəfə ifa edirdiniz...

 

- Əslində, mən o pyesdə yox idim.

 

- Ən böyük arzusu idi bu tamaşanı qoymaq və özü baş rolda oynamaq istəyirdi.

 

- Özü oynayacaqdı, bəli. Məşq gedirdi. Günlərin bir günü gəldi mən olduğum otağa, dedi, səndən bir xahişim var, amma söz ver ki, yox deməyəcəksən. Dedim, müəllim, sizə niyə yox deyim ki, buyurun. Dedi, istəyirəm, "Aydın”da mənə dublyor olasan. İkinci ifaçı kimi... Razılaşdım və məşqlərə başladım. Məşqlər gedir, deyirəm, müəllim, bəs siz nə vaxt hazırlaşacaqsınız? Deyir, mən hazıram, narahat olma. Gəldi, gəldi, gəldi, məşqlər qurtarana yaxın, bir də dedim: müəllim, axı siz məşq etmirsiz! Yenə dedi, mən hazıram. Çox maraqlı proses idi. Səmimi deyim ki, "Aydın” tamaşasının hazırlandığı proses məni aktyor kimi yenidən formalaşdırdı. Tamaşa hazır oldu. Əvvəl daxili baxış keçirilməli idi, sonra ictimai baxış. Dedim, müəllim, siz hansında oynayacaqsız? Dedi, sən daxili baxışı oyna, sonrasına baxarıq. Oynadım. Dedi, ictimai baxışı da oyna. Onu da oynadım. Tamaşanın müzakirəsi gedir, müzakirədə çox ciddi adamlar iştirak edir. Mikayıl müəllimə söz veriləndə dedi ki, bəs, bu rolu mən özüm oynamaq istəyirdim, özüm hazırlaşırdım, sonra tələbəm Nurəddin Mehdixanlını ikinci ifaçı kimi dəvət elədim, amma prosesin içərisində gördüm ki, əsl Aydın odur, mən rolu da, zəhmətimi də ona halal eləyirəm! Bu, mənim üçün şok effekti yaratdı. Sənə deyim, sənətdə bunu çox nadir adamlar eləyir.

 

 

- Xüsusən, bizdə...

 

- Xüsusən, aktyor sənətində! Özündən sonra gələnlərə dəyər vermək, onları ürəkləndirmək baxımından belə nümunə olmamışdı.                   

 

- Onacan böyük rolunuz vardı?

 

- 29 yaşında Vaqifi oynamışdım.

 

- Mən yaşda olanlar və gənclər o tamaşanı görməyib. Ancaq sizi Bəhram kimi tanıyırdıq. "Solğun çiçəklər” tamaşasından...

 

- Hə... (gülür). O tamaşanı Ağakişi Kazımov hazırlamışdı. Televiziya variantını Tariyel Vəliyev çəkdi.

 

- Akif Səməd demiş, nazik, qarabığ oğlandınız...

 

- Həəə... (gülür).

 

- Sizə çox qızğındım həm də. Adam elə nankorluq eləməz...

 

- Amma indi adiləşib belə şeylər. Bəhramın elədikləri az qala normaya çevrilib. İndi cəmiyyətimiz nəinki əmisi qızına, ətrafındakı hər kəsə xəyanət edən adamlarla doludur. Biz nəyi itirmişik, bilmirəm, amma yaman pis itirmişik. Ona görə, bir-birimizə qarşı bu qədər aqressivik. İnsanlar biri-birinə əvvəlki kimi diqqətli deyillər. Ancaq özlərini sevməyə, özlərinə qapanmağa başlayıblar.

 

 

- Gələk, günün əsas tamaşasına... "Ölülər”ə... Sizin təqdimatınızda yeni, fərqli Şeyx Nəsrullah gördük. Hətta, belə deyək, doğma Şeyx Nəsrullah oldu bu. Səhnəyə çıxmamış zala işarə verərək, sanki tamaşaçını da öz oyununa cəlb etdi. Oyun içində oyun qurdunuz. Bu, necə baş verdi?   

 

- Bu gün cəmiyyətdə Şeyx Nəsrullahlar daha da çoxalıb. Hətta bizim yaxın dostların arasında da var, sadəcə fərqinə varmırıq. Bu obraza birtərəfli yanaşmaq olmaz. Azər Paşa Nemətovun yozumunda Şeyx Nəsrullah səhnədə portret olmaqdan çıxıb, cəmiyyətin içindəki insanlardan birinə çevrildi. İşarə də o idi. Baxın, sizdən biriyəm haaa, yad adam deyiləm! Sizin inanclarınızla, arzularınızla, mənəviyyatınızla oynayıb özümü bir səcdəgaha çevirirəm. Şeyx Nəsrullahı soyundurursan, Maskasını çıxardırsan, bizdən birinə çevrilir.                              

 

- Belə deyək, sizin Şeyx Nəsrullah İsfahandan-zaddan gəlməyib...

 

- İsfahandan-zaddan gəlməyib, öz içimizdən çıxıb. Elə əsərin özündə də belədir. Müəllif İsfahandan sadəcə bir variant kimi istifadə edib. Bu gün nə qədər maskalanmış adamlar var ki, insanların səmimiyyətindən, dürüstlüyündən istifadə edərək xəzinələr üstündə oturur. Azər Paşa Nemətovun qoyduğu tamaşa dirilərdən dirilərə mejasdır. Bir şeir yazmışdım bir vaxt:

 

Gəl sürtmə üzünü o soyuq daşa,

O, məzar daşıdı, yaradan deyil...

 

Biz nə qədər üzümüzü daşlara sürtəcəyik, nə qədər özümüzə yalançı səccadələr düzəldib aldanacağıq? Aldana-aldana haracan gedəcəyik? Və biz tamaşada onu göstərmək istəyirik ki, baxın, heç yerdən gəlməmişəm, sizdən biriyəm, amma sizi necə aldadıram. Fikir vermisinizsə, Şeyx Nəsrullah səhnədən ayrılır və birbaş zala müraciət edir.

 

 

- "Azdrama”nın zalında səkkiz yüz yer olar?

 

- Altı yüz əlli olar...

 

- Sizcə, hər tamaşada zalda neçə nəfər potensial Şeyx Nəsrullah oturur?

 

- Yarısı Şeyx Nəsrullahdır!

 

- Maşallah, böyük rəqəmdir...

 

(Gülür). Bəlkə də idealist yanaşmadır, amma yenə deyəcəm: oxuyan və dərk edən cəmiyyəti aldatmaq olmaz. Sən bir şeyi idrak elədinsə, uzağı bircə dəfə aldana bilərsən. Hər bir insan öz içindəki Şeyx Nəsrullahlığı çıxarıb atmalı və bir az da utanmalıdır. Bir də ki, cəmiyyətimizin İsgəndərlikəri də həyatını təsəllilərlə keçirməməlidir.

 

- Yeri gəlmişkən, tərəf-müqabilləriniz haqda nə deyə bilərsiniz? Anar Heybətovun İsgəndərini mətbuatda çox tənqid etdilər... 

 

- Yanaşma müxtəlif ola bilər. Bir adamın qəbul elədiyini, başqa biri qəbul etməyə bilər. Anar Heybətov istedadlıdır. Bu vaxta qədər bir neçə tamaşada qarşılaşmışıq. "Əmir Teymur”da da Orxanı oynayır. Birincisi, İsgəndər sıradan bir rol deyil. İkincisi, bizdə qəlibləşmiş bir düşüncə var, hamı, hətta görməyənlər də, vaxtıyla oynanmış bir "Ölülər” tamaşasının kopyasını istəyir. Rejissor İsgəndəri bu cür gördü və bu cür təqdim etdi. Bu günün İsgəndərləri bu gündədirlər. İsgəndərlər Şeyx Nəsrullahların qabağında gücsüzdürlər. Nədən bu cür yanaşmayaq? Aktyor öz işini görür. Ona tapşırılanı edir. Onun monoloqu qalib monoloqu deyildir. Necə qalib monoloqu ola bilər ki, sizin kimi camaatın mənim kimi qəhrəmanı olar deyir?! Tam səmimi söyləyirəm, bu günün İsgəndəri budur və belə də olmalıdır.  

 

 

- Son illəri sizin teatr yaradıcılığınızda tərəqqi dövrü saymaq olar...

 

- Bizim nəsil bir az bəxti gətirməyən nəsildir. Yaradıcılığımızın ən parlaq dövründə inqilablar başladı. Ondan sonra müharibələr... Teatr lazım olan funksiyasını yerinə yetirə bilmirdi. Arada binamız bir neçə il təmirə dayandı. Sonra yeni rəhbərlə anlaşılmazlıqlar oldu. Beş ilimiz də belə getdi. Yəni biz çox işlər görə bilərdik, amma alınmadı. Özü də öyrəndiklərimizin əvəzini qaytarmaq məqamında.

 

- Hardasa, on beş ilinizi itirmisiniz, belə çıxır...

 

- Ən azı on beş il! İndi gəlib çatmışıq yaşımızın altmışına, vəziyyət nisbətən yaxşılaşıb və əlimizdən gələni edirik. Teatrda bədii rəhbər peşəkar rejissordur. Əslində, teatrda rəhbərin kim olması məni maraqlandırmayıb. Mən öz işimi görmüşəm və uğurlar da öz-özünə gəlib. Öz işimi gördüyüm üçün gəlib. Bunu teatr aləmində hər kəs təsdiq edə bilər. Bütün çətinliklərdən, zəhmətlərdən sonra gəlib bir yerə çıxmışıq, teatrın bədii rəhbəri yaradıcı bir adamdır və altmış yaşdayıq... (Gülür).

 

- İndiki rəhbərliklə də anlaşılmazlıqlar olur. Gənc aktyoru teatrdan qovdular, Fuad Poladov istefa verdi və s.

 

- Mən bu barədə ümumiyyətlə danışmaq istəmirəm. Çünki teatrın bədii rəhbəri Azər Paşa Nemətov bəyanat verdi və fikrini bildirdi. Məncə, bu açıqlama ilə bu məsələni bitmiş hesab etmək olar. Onlar uzun illərin dostudurlar. Uzun illər boyu yaradıcılıq münasibətləri olub. Bu münasibətlərə qarışmaq xoşagəlməz nəticələrə aparıb çıxara bilər. Yaradıcı insanlar arasında bu sayaq münasibətlər həmişə olub. Olub və bu, onların heç birinin sənətkarlığına kölgə salmayıb.  

 

- Bu yerdə belə bir sual gəlsin: Azərbaycan aktyoru nə qədər azaddır?

 

- Azadlıq mücərrəd bir məfhum deyil və azadlıq sərhədsiz də bir şey deyil. Yaşadığımız cəmiyyətin qanunları var və yaşadığımız cəmiyyətin bizdən tələbləri var. Sən bu cəmiyyətin üzvüsənsə istər-istəməz qoyulmuş qaydaları əməl etməlisən. Amma bu, öz fikrindən, öz düşüncəndən, cəmiyyətə fərqli baxışından imtina anlamına gəlməməlidir və kimlərdənsə bu imtinanı tələb etmək doğru deyildir. Bu azadlıqlar cəmiyyətin əsas sütunlarına yönəlibsə, vəziyyət dəyişir. Hamımız bir gəminin içərisindəyik. Gəminin dayaqlarına yönələn təhlükə hamımıza yönəlir. Şəxsən mən aktyor olaraq da, vətəndaş olaraq da özümü azad hiss edirəm. Və cəmiyyətin özül sütunlarına toxunmayan bu azadlıq içərisində öz yaradıcılığımı da rahatlıqla davam etdirirəm.

 

 

- Bayaq cavabsız qalan sualıma cavab aldım: yaradıcılığınızda tərəqqi məsələsi...

 

- Şeyx Nəsrullah oynamaq hər aktyora nəsib olmur. Bunu məndən əvvəl nəhəng aktyorumuz Məlik Dadaşov oynayıbdır. "Almaz” pyesində Hacı Əhməd... Çox maraqlı, çox rəngarəng bir obrazdır. Yaxud, "Əmir Teymur”da Teymur... Daha bir maraqlı əsərimiz var; Elçinin "Cəhənnəm sakinləri” pyesi. Üzərində işləyirik. Quruluşçu rejissor Anar Sadıqovdur. Gənc rejissor... Bədii rəhbər isə Azər Paşa Nemətovdur. Tamamilə fərqli bir işdir. Üç əsas ifaçıdır. Kişi, Qadın və Qonaq. Elşən Rüstəmov, Məleykə Əsədova və Mən. Çox maraqlı bir tamaşa alınacaq. İnanın, bir dəqiqə vaxtım yoxdur və boş vaxtlarımda da oxuyub öyrənirəm. Oxumalısan! Zamanı hiss eləməlisən! Öz dövrünün ədəbiyyatını bilməlisən! Qəbul etdin-etmədin. İçi boş olan sənətkarı tamaşaçı o saat tanıyır və ona baxmır. Zalda otursa da, telefonla oynayır.     

 

- Film yaradıcılığında vəziyyət necədir? "Cavad xan”, "İlahi məxluq”... Arxası gəlmədi deyəsən...

 

- Sonra bir neçə serial oldu və indi filmlər çəkilir, dəvət hələ ki, yoxdur.

 

- Məncə, Nurəddin Mehdixanlı filmdə özünü göstərə bilməyib...       

 

- Biz sənətə gələndə sənətdə elə hegemonlar vardı ki, bu, mümkün də deyildi. Sonra da, bayaq dediyim kimi, qaynar ictimai-siyasi hadisələr, çətinliklər və s. Yalnız 51 yaşında Cavad xana çəkilə bildim.   

 

- Arzularınız olmamış olmaz...

 

- Teatrda Şah İsmayılı oynamaq ən böyük arzum olub, amma, təbii, yaş keçdi. İndən belə filmdə atabəy Məhəmməd Cahan Pəhləvanı oynamaq istərdim. O, çox böyük tarixi şəxsiyyətdir. Məncə, onun obrazını yüksək səviyyədə yarada bilərəm. Filmin ssenarisini işləmək üçün Ziya Bünyadovun "Atabəylər dövləti” kitabı kifayətdir. Vətənpərvər bir oğul lazımdır ki, irəli durub, yazsın. Teatrda indən belə "Otello”nu oynamaq istərdim. Mikayıl Mirzənin böyük arzusu idi səhnələşdirmək, ömür vəfa etmədi. Daha sonra Kral Liri oynamaq istərdim. Yaşın özünün gətirdiyi istəklər var.

 

- Sağlıq olsun!

 

- Sağlıq olsun...                     

.