Şairlə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutan görüş uzun müddət tələbələrin yaddaşından silinməyəcək
Bu gün şairlə görüş deyəndə istər-istəməz Sovet dövrü yada düşür. Tanınmış şairlərlə orta və ali məktəblərdə, idarə və müəssisələrdə, mədəniyyət evlərində, fəhlə yataqxanalarında belə görüşlər mütamadi keçirilərdi. Belə görüşlərdən alınan təəssüratlar uzun müddət iştirakçıların yadından çıxmazdı. Amma çox təəssüf ki, belə bir müqəddəs ənənə unudulmaqdadır. Necə deyərlər müasir texnologiya, sosial şəbəkələr canlı ünsiyyətə qənim kəsilib.
2 il bundan əvvəl Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindəki 274 saylı orta məktəbdə, bu ilin may ayında dünyasını dəyişmiş xalq şairi Söhrab Tahirlə görüş şagirdlərə o qədər ciddi təsir etmişdi ki, sonradan öz ədəbiyyat müəllimlərinə "biz bu gündən sonra sinifdən xaric oxuda ancaq Söhrab Tahiri oxuyacağıq” kimi fikirlər bildirmişdilər. Deməli, bu gün üzdə olan tanınmış şairlərlə canlı görüşü müasir texnologiya əvəz edə bilmir. Bu səbəbdən şair və yazıçılarla görüş günümüzün əsas hadisəsinə çevrilməlidir. Belə bir hadisə isə, 16.11.2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanasında baş verdi. Həmin gün ədəbiyyatımızın canlı klassiki, dağların, daşların, qayaların, çayların, şəlalələrin, bulaqların, meşələrin dilini bilən və onları şeirə gətirən Musa Yaqubla görüş keçirildi. Şair tərəfindən bu görüşə dəvət alanda xeyli fikirləşməli oldum. Dəvəti qəbul edib-etməməkdən söhbət getmir. Musa Yaqubun adı olan yerdə istənilən işi atıb ora getməyi mən özümə borc bilirəm. Sadəcə fikirləşirdim ki, indiki gənclər nədənsə şeirə biganədirlər və bu səbəbdən görüş istənilən nəticəni verməyəcək. Axı dəqiq bilirəm ki, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəriman Həsənzadə, Söhrab Tahir, Musa Yaqub, Məmməd İsmayıl, Cabir Novruz və digər nəhəng sənətkarlar bu gün orta məktəb dərsliklərində şagirdlərə öyrədilmir. Min təəssüf!
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görüş başlamazdan öncə bir neçə tələbəyə belə bir sual verdim: - Sizi görüşə zorla gətiriblər, yoxsa özünüz gəlmisiniz? Cavablar həqiqətən məni sevindirdi ki, bəzi gənclərimizi Aygünlər, Röyalar, Faiqlər, Nadirlər tam dəyişdirə bilməyiblər. Bəli, bu gənclər Musa Yaqub yaradıcılığı ilə tanış olmasa da, şeiri, ədəbiyyatı sevirdilər. Elə bu da kifayətdir. Ona görə də şairlə canlı görüş çox yüksək səviyyədə keçdi.
Filologiya fakultəsinin dekanı Gülşən müəllimə giriş sözü ilə çıxış edərək, tələbələrin şeirə, nəsrə olan sevgisindən, bəzilərinin şeir və hekayələr yazmasından və bu nümunələrdən ən yaxşılarının toplanaraq, kitab halına salınmasından söhbət açdı. Həmçinin dəvəti qəbul edib görüşə gəldiyinə görə bütün tələbələr adından Musa Yaquba təşəkkürünü bildirdi və həmin kitabın bir nüsxəsini şairə hədiyyə etdi. M.Yaqub hədiyyəyə görə təşəkkür edərək kitabı mütləq oxuyacağını bildirdi.
Görüşün idarəçiliyi həvalə olunmuş professor Nizaməddin Şəmsizadə Musa Yaqub yaradıcılığının mahiyyətindən olduqca maraqlı çıxış etdi və şairin heç kəsi təkrarlamadığını, özünün ədəbiyyatda yeni cığır açdığını diqqətə çatdırdı. N.Şəmsizadənin çıxışının sonunda görüşə bir az gecikən, əməkdar artist, gözəl bədii qiraət ustası, Mədəniyyət və İncəsənət Universitetinin dossenti Ağalar Bayramovu görüncə dedi: "Ağalar müəllim, görüşə gecikdiyinə görə cəzalanaraq, dərhal Musa Yaqubun şeirlərindən söyləməyəni xahiş edirik”. A.Bayramov heç yerinə oturmadan Musa Yaqubun təbiət qoxuyan şeirlərindən, musiqiçilərin dili ilə desək "popuri” söyləyərək, bütün görüş iştirakçılarını sanki təbiətin qoynuna çıxartdı və Musa Yaqub böyüklüyü bir daha dərk olundu. Bədii qiraət ustası,Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Nadir Bayramovun Musa Yaqubun "Bir gözün sən əydin, bir gözün mən” məşhur şeirini çox böyük ustalıqla söylədi.
Şair Ramiz Məmmədzadə Musa Yaqubla olan dostluq münasibətlərindən, onun insani keyfiyyətlərindən olduqca maraqlı məqamlar söylədi. Hər çıxışlardan sonra Ağalar Bayramovun özünəməxsus tərzdə Musa Yaqubun müxtəlif mövzulu şeirlərini söyləməsi görüş iştirakçılarının qəlbini tam ələ almışdı və onlar yalnız bu şeirlərdən sonra kiminlə görüşə gəldiklərinin mahiyyətinə varırdılar.
Görüşü idarə edən professor N.Şəmsizadə növbəti çıxışçı kimi bu sətirlərin müəllifinə söz verdi. Eyni zamanda qəzetimiz haqqında xoş sözlər söyləyən N.Şəmsizadə bildirdi ki, "Təzadlar” öz mövqeyi, öz dəsti-xətti olan cəsarətli bir qəzetdir. Mən öz çıxışıma belə başladım: - Musa Yaqubla bu görüşün təşəbbüskarlarına və təşkilatçılarına təşəkkürümü bildirirəm. Belə görüşlər tələbələr üçün olduqca vacibdir. Bura yığışan tələbələr vaxt gələcək böyük fəxrlə deyəcəklər ki, biz Musa Yaqubu canlı görmüşük. Şairin yaradıcılığından, onun insanın hisslərini yerindən oynadan, hər bir kəsi vətəni, torpağı, təbiəti sevməyi öyrədən şeirlərindən saatlarla danışmaq olar. Ancaq vaxt darlığını nəzərə alıb şair haqqında bir neçə kəlmə deyib, Ağalar Bayramovdan və Nadir müəllimdən üzr istəyərək, iki şeirini söyləmək istərdim. Çünki belə bədii qiraət ustalarının yanında şeir söyləmək təbii ki, çox çətindir. Bayaq, Ağalar müəllim Musa Yaqubun "Klassiklərə bənzətmə” şeirini söylədi. Şeirin ilk bəndi belə idi:
...Qapında əyilib suala döndüm,
Alacağım bircə cavaba görə.
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə...
Bu şeiri bir dəfə bir mənim kimi ədəbiyyat həvəskarı olan dostumla müzakirə edirdik. Mən bildirdim ki, şair bu şeirdə ona hədsiz əzab verən sevgilisinə "Allahım sənə elə əzab versin ki, mənə verdiyin əzabı başa düşəsən” şəklində sətiraltı qarğış edib. Dostum bu fikiri qəbul etmədi. O zaman Musa Yaquba zəng edib, mübahisəni çözməyi xahiş etdim. Şair telefonda belə dedi: - Ay Elçin, daha mən onu şeirdə elə yaza bilmərəm axı, ancaq düz başa düşmüsən, həmin sətirlərin mənası bir növ qarğış etməkdir. Təbii ki, bu Musa Yaqub böyüklüyüdür ki, onu sevən oxucuları ilə belə mükalimə aparır. Deməli, Musa Yaqub "Xalq şairi” olmasa da, xalqın şairidir. Nə isə... İndi isə şairin iki şeirini sizə təqdim edirəm. Biri "Küçədən qız keçir”, o biri isə ... şairin şah əsəri sayılan və indiyə qədər bu şeirə 80-dən çox nəzirə yazılan "Bu dünyanın qara daşı göyərməz” şeiridir. "Küçədən qız keçir” şeiri tələbələrin olduqca xoşuna gəldi və çox diqqətlə qulaq asdılar. "Bu dünyanın qara daşı göyərməz” şeirindən sonra Ağalar Bayramovun ustad şair Məmməd Arazın bu şeirə yazdığı nəzirəni söyləməsi görüş iştirakçılarını olduqca məmnun etdi. Professor N.Şəmsizadə xüsusi olaraq, qeyd etdi ki, hazırlıqsız Elçinlə Ağaların söylədiyi şeirlər olduqca gözəl duet təşkil etdi.
Görüşün sonunda Musa Yaqub özünün bir neçə şeiri ilə tələbələrin qəlbində özünə əbədi yuva qurdu. Tələbələr sanki tamam başqa aləmə düşmüşdülər. Görüşdən sonra bir neçə tələbə ilə söhbət etdim. Hər biri görüşdən həqiqətən böyük zövq aldıqlarını söylədilər və bu görüşün onların yaddaşında əbədi qalacağını bildirdilər. Yüksək səviyyədə hazırlanmış görüş tələbələrin şairə müxtəlif məzmunlu sualları və Musa Yaqubun da onlara maraqlı, yadda qalan cavabları ilə sona çatdı.
Görüşün təşkilatçısı olan filologiya fakültəsinin dekanı Gülşən müəllimə Musa Yaquba və gələn hər kəsə təşəkkürünü bildirərək dedi: "Bu görüş Musa Yaqubun gələn il baş tutacaq 80 yubleyi üçün bir məşq idi. İnanırıq ki, şairin 80 illiyini daha geniş səviyyədə qeyd edəcəyik”.
Biz də bu arzuya qoşularaq, deyirik: "Sağ ol, Musa Yaqub. Nə yaxşı ki, sən varsan və ədəbiyyatımız hələlik yetim kimi görünmür”.
Elçin MƏMMƏDLİ