Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Nazilə Abdullazadə Yenizaman.AZ-ın sualların cavablandırıb. Nazilə xanım, sizə təşəkkür edirik suallarımızı cavablandırdığın üçün.

- Özünüz haqda bir az danışın zəhmət olmasa

1965-ci ildə Bakı şəhərində anadan olmuşam. Atam mühəndis, anam evdar qadın olub. Çoxuşaqlı ailədə böyümüşəm, ancaq uşaqlığım qayğısız keçib. Valideynlərim zəhmətkeş insan olublar, bu gün belə qazandığım hər bir uğura görə onlara borcluyam. Uşaqlıqda jurnalist olmaq istəyirdim, özümü ancaq əlimdə mikrafon müsahibə götürən, qəzetlərdə yazıları çıxan biri kimi təsəvvür edirdim. Lakin yuxarı siniflərə adladıqca atamın bir sözü mənim xəyallarıma son qoydu və mən filoloq olmaq qərarımı verdim. Sovet dönəmində filoloq ixtisası indiki BDU-da, müəllimlik isə Azərbaycan Pedaqoji İnstitutunda idi. Orta məktəbi bitirib sənədlərimi ali məktəbə verdim və 1982-ci ildə BDU-nun filologiya fakültəsinə qəbul oldum. O zamanlar ali məktəbə qəbul olmaq çox çətin idi; respublika üzrə filologiya, tarix, hüquq ixtisaslarına cəmi 50 yer verilirdi. Universitetlər indiki qədər deyildi, imtahanlar şifahi formada keçirilirdi, bir sözlə, seçim ağır idi. Mən ali məktəbdə oxuya-oxuya (axşam fakültəsində) Pirallahıdakı neft-qazşıxarma mədənində fəhlə işləyirdim. Hər gün səhər tezdən işə, ordan – Pirallahıdan şəhərə dərsə gəlmək çətin olsa da, tələbəlik illərim ömrümün ən unudulmaz illəri olub. Mən dilin zənginliyini, ədəbiyyatın gözəlliyini, estetikasını tələbəlik dövründə müəllimlərimdən sevə-sevə, arzu ilə öyrənmişəm. 1988-ci ildə ali məktəbi bitirib Zirə qəsəbəsi
241 nomrəli məktəbdə müəllimlik fəaliyyətinə başladım, çox çəkmədi təlim-tərbiyə işləri üzrə direktor müavini oldum. Orta məktəbdə pedaqoji fəaliyyət mənə həyat dərsi oldu, müxtəlif xarakterli uşaqlar, valideynlər, problemli ailələrlə iş bu peşənin nə qədər çətin, məsuliyyətli, eyni zamanda şərəfli olduğunu təsdiq etdi. 1994-cü ildə müsabiqə yolu ilə Respublika Müəllimlərin İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna müəllim vəzifəsinə qəbul oldum. Burada işləyə-işləyə orta məktəbdə dərs deyirdim. Qayğıkeş, savadlı insanlarla əhatə olunmağım məni elmi iş götürməyə vadar etdi. "Nəsirəddin Tusinin yaradıcılığında təhsil və təlim məsələləri” mövzusunda dissertasiya mövzusunu uğurla müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi adını aldım.
Azərbaycan Respublikası təhsil sisteminin Avropa təhsilinə inteqrasiyası prosesləri başladığı gündən bu prosesin fəal iştirakçısı olmuşam. Azərbaycan Respublikası Təhsil Nazirinin əmiri ilə Milli Kurikulum layihəsi Azərbaycan dili fənni üzrə İşçi qrupunun, Qiymətləndirmə və Monitorinq Komissiyasının, Respublika Fənn Olimpiadasının üzvü kimi uzun illər fəaliyyət göstərmişəm. Azərbaycan Müəllimlər İnstitutunda elmi katib, Tədris-metodik Şuranın elmi katibi, Elmi işlər üzrə prorektor vəzifəlırində şalışmışam. 10 il AAK-nın qəbul etdiyi jurnalların məsul katibi olmuşam. Bakı Avrasiya İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Universiteti, Bakı Dövlət Universitetində mühazirələr oxumuşam. Təhsil Nazirliyinin Ali məktəblərin Nostrifikasiyası və Akkreditasiyası Komissiyasının eksperti kimi respublikanın bir çox ali məktəblərində - ADPU, Naxçvan Dövlət Universiteti, Odlar Yurdu Universiteti, Bakı Dövlət Universiteti, "Naxçıvan” Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ekspert olmuşam. 2000-ci ildən respublikada və xaricdə keçirilən Beynəlxalq konfrans və simpoziumların Elm və Təşkilat komitəsinin üzvü, bölmə rəhbərləri kimi mütəmadi olaraq fəaliyyət göstərirəm. Milan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Makedoniya, Kipr, Qüds, Türkiyə Respublikasının Ankara, Niğde, Bozok, Sivas, Antalya, İzmir, Ərzurum, Gaziantep, Bursa, Toqat, Rizə və digər şəhərlərində müəllim hazırlığı məsələləri, təhsil sistemində keyfiyyətin məzmunu, Azərbaycan ədəbiyyatının tədrisi məsələləri mövzusunda məruzələr etmişəm.
Hazırda ADPU-nun dosenti, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiriyəm.

- Hansı Elmi iş üzərində hal-hazırda çalışırsınız?

Hal-hazırda "Azərbaycan ədəbiyyatının tədrisi tarixi” dərs vəsaitini tamamlamaq üzrəyəm. AMEA-nın elmlər doktoru proqramı üzrə "Əliağa Vahidin yaradıcılığında sənətkarlıq məsələləri” mövzusunda doktorluq dissertasiyası üzərində işləyirəm. Ə.Vahid Füzulidən sonra Azərbaycan ədəbiyyatında qəzələ orijinal məzmun, milli ruh verən böyük sənətkardır. Hələ sağlığında şeirləri dilər əzbəri olan şairin yaradıcılığı postsovet dövründə kölgədə qalsa da, bu gün yeni baxışa, yenidən araşdırılmaya ehtiyac var.


- Pis şagird olur, yoxsa pis müəllim?

Ümumavropa məkanına inteqrasiya, təhsilin Avropa təhsil sisteminə inteqrasiyası, xüsusilə təhsildə yeni texnologiyaların tətbiqi, idarəetmə, innovativ irəliləmə, təhsilalanların müasir səriştələrə yiyələnməsini təmin edən müasir təhsil sistemi qlobal dəyişikliklərlə yanaşı, hər bir müəllimin də, şagirdin də qarşısında mühüm vəzifələr və tələblər qoyur.
Nə şagird, nə də müəllim sözünün qarşısına "pis” sözünü yaraşdırmıram. Vəzifə səlahiyyətlərini bilməyən, laqeyd, yeniliyi qəbul etməyən, sevgisiz müəllim olur, onu da tədricən zaman dəyişdirir. Şagird də pis ola bilməz, uşaqlar – Tanrının bəşəriyyətə ərməğanı, lütfüdür, dünyanın bəzəyidir. Biz müəllimlər bu gün hər bir şagirdin azərbaycançılıq ruhunda, soykökünə, milli-mental dəyərlərə sadiq ruhda formalaşması üçün əlimizdən gələni etməli, pedaqoji prosesi onların tələblərinə və mənəvi zövqlərinə uyğun qurmalıyıq.


- Azərbaycan müəllimini necə görmək istərdiniz?

Bütün dövrlərdə hər bir xalqı, dövləti düşündürən ən mühüm məsələ təhsil və onun keyfiyyəti məsələsi olmuşdur. Tarix boyu müxtəlif cür yanaşılan bu məsələdə müəllim hazırlığı, müəllimin öz peşəsinə münasibəti, cəmiyyətin arzuladığı kamil insan yetişdirmək bəşəriyyətin tərəqqipərvər qüvvələrinin amalı olub.
İstər cəmiyyət, istərsə də ayrı-ayrı şəxslər, mütəfəkkirlər cəmiyyətin gələcəyinin müəllimdən həlledici dərəcədə asılı olduğunu bilmiş, müəllimə, müəllim peşəsinə, onun hazırlığına olduqca böyük önəm vermiş və ondan buna layiq olmağı tələb etmişlər. Sokrat müəllimi şama bənzətmiş, XIII əsr filosof və pedaqoqu N.Tusi müəllimin peşə professioqramını müəyyənləşdirmiş, bu şərəfli və çətin peşə sahibinin davranış normaları, təşkilatçılıq qabiliyyəti, əxlaq və mərifəti haqqında bu günümüzlə səsləşən bir-birindən qiymətli fikirlər söyləmişdir. Mustafa Kamal Atatürk müəllimlik sənətini ən yüksək qiymətə layiq olan bir peşə, bəşəriyyəti xilas edən yeganə qüvvə adlandırmışdır. Ulu öndər Heydər Əliyev müəllimlərini həmişə minnətdarlıqla xatırlamış, onlar haqqında ürəkdolusu danışmışdır. "Mən müəllimdən yüksək ad tanımıram” deyən ümummilli lider müəllim kadrlarının hazırlanmasına xüusi fikir vermiş, bəşəriyyətin gələcəyinin müəllimdən asılı olduğunu dəfələrlə vurğulamışdır.
Dövlətin təhsil siyasətinin prioritetlərindən biri kimi müəllim hazırlığı həm nəzəriyyəçiləri, həm də praktikləri eyni qaydada narahat edir. İbtidai, orta, orta peşə-ixtisas, ali təhsil sistemi iki özülün – öyrədənlərin və öyrənənlərin maraqları üzərində qurulub. Tərəflərdən birində olan çatışmazlıqlar nəticə olaraq digərinin fəaliyyətində özünü göstərir.
Azərbaycan təhsil sistemində Milli Kurikulum çərçivə sənədinin tətbiqi ilə bağlı son vaxtlar "müasir müəllim”, "müasir dərs”, "müasir tələblər”, "müasir təlim metodları” ifadələri ilə tez-tez qarşılaşırıq. "Müasir müəllim kimdir və o necə olmalıdır? Onu "ənənəvi” müəllimdən fərqləndirən keyfiyyətlər hansılardır?”, "Yeni təhsil sistemində müasir müəllim hazırlığı hansı istiqamətlər üzrə aparılmalıdır? sualları ilk növbədə müəllim peşəsinə münasibəti gündəmə gətirir.
Bu günün müəllimi − bilik, bacarıq və vərdişləri, habelə mənəvi keyfiyyətləri məqsədyönlü, aşılamaq yolu ilə cəmiyyətin inkişafına təkan verən pedaqoji təhsilli mütəxəssisdir. Müəllim − geniş ictimai mənada mütəfəkkir, ictimai xadim, insanların dünyagörüşünü və inamını formalaşdıran, onlara həyatda öz yolunu tapmaqda kömək edən insandır. Müəllim – öz beynini şagirdin beyninə, ruhuna təmənnasız köçürən bir insandır. Nəhayət, müəllim – bir örnək və nümunədir.
.