Şair-jurnalist Gülşən Behbud Ağdamda doğulub. Uşaqlıq və gənclik illəri indi işğal altında olan əzəli yurdda keçib. Onunla həmsöhbət oldum. Bugünkü fəaliyyəti və ağdamlı günlərinin xatirələrini vərəqlədik...

 

- Gülşən xanım, əvvəlcə oxucularla təmasınızdan bəhs edək. Yaradıcılığınızda nə yenilik var? 

 

- Yaradıcılıq pis deyil, şaxələnib, müxtəlif  sahələrə bölünüb. Əsas odur ki,  fəaliyyətini  itirmir. Şükürlər olsun, hər  şey öz qaydasındadır. Kitablarımla, şeirlərimlə, publisist yazılarımla oxucularla görüşlərimiz davam edir.

 

- Siz, həm də bir dərginin baş redaktorusunuz, bu haqda oxucularımıza qısa da olsa bilgi verin. 

 

- Bəli mətbuat  aləmində özünə məxsus yeri olan "Atilla” jurnalı, məncə, hər kəsə tanışdır. Məlumat olaraq deyim ki,  bu jurnal  artıq Türk Dünyasının yaxşı tanıdıgı   əfsanəvi qəhrəman İbad  Hüseynlinin  şərəfinə  yaradılmışdır.  Jurnal  Türkiyənin paytaxtı   Ankara  şəhərində   işiq  üzü  görür.  Buna  baxmayaraq,   hər  il   mayın   10-da Ulu Öndərimiz Heydər  Əliyevin doğum  gününün  şərəfinə   Bakıda  xüsusi  buraxılış  olaraq  yayımlayırıq.

 

- Sizin çox gözəl bir missiyanız var, bu jurnal və keçirdikləriniz müxtəlif tədbirlərlə ölkəmizi, onun haqq savaşını, həqiqətlərini təbliğ edirsiz. 

 

- Bu missiya mənim vətəndaşlıq borcumdur. Bilirsiniz ki, qarabağlıyam, köçkünəm,  şəhid  bacısıyam,  ürəyim  həsrət  acısıyla doludur, əzizlərimi  itirmişəm, uşaqlığım, gözəl  xatirələrim  əsirlikdədir. Yəni bu acıyla yaşayan   insanın missiyası təbii ki, belə də olmalıdır. Bir neçə gündən öncə  Qarabağımızın dilbər guşəsi olan,    Ağdamımızın işgal günü  oldu. Hər  il o tarixi təkrar olaraq    anmaq  çox  çətindir,  səbrimiz  tükənir  artıq.  İnanıram ki,  yaxın gələcəkdə biz  Ağdamımızı anmaq deyil, gedib orda qələbə gününü qeyd edəcəyik. Ümidlə   yaşayırıq  və buna çox inanırıq.  Çünki bizi inandıran güclü ordumuz, o ordunun Ali baş komandanı var.

 

- İllərdir Qarabağ qazisi İbad Hüseynovla çiyin-çiyinəsiz. Onun etdiyi qəhrəmanlıqların müxtəlif dərgi və kitablarda, müxtəlif ölkələrdə yayınlanması da sizin əməyinizin bəhrəsidir. Yorulmursuz ki? 

 

- Sevdiyi işlə məşğul  olan insanlar  yorulmur. 1990-94  cü illər bizim  tələbəlk illərimizə  təsadüf edirdi. 20 Yanvar hadisələri, Qarabağ  torpaqlarının  işğalı…  Biz  hər gün mitinqlərdə  olurduq. Və mən 1991-ci ildə tələbə yoldaşlarıma, doğmalarıma, məni tanıyanlara əgər Heydər  Əliyev hakimiyyətə gəlməsə,  bu  dövlət uçuruma gedəcək deyirdim, yazılar yazırdım.  O zaman mənim yazılarımı   qəzetlər vermirdi, hətta mənə təəccüblə, nifrətlə baxırdılar.

 

Mənim  atam müəllim  olub. O, şəxsiyyətlərə  hər  zaman önəm verərdi. 1941-45   ci illər müharibəsinin qanından-qadasından keçmişdi.  Stalinin şəxsi təltiflərini, medallarını   almışdı. Evimizdə hər  zaman tanınmış yazıçıların, şairlərin və  siyasət  adamlarının adı hallanırdı. Atamın yaxın dostları – yüksək vəzifədə olan   ziyalılar, həkimlər   vardı.  Yay  vaxtı onlar atamı görməyə  və dincəlməyə bizim kəndə  gəlirdilər. Uşaqlıqdan Stalinin, Brejnevin  adını   eşitmişəm. 

 

Atam   televiziyada  rus  kanalında  "Vremya” nı izləyirdi. Heydər   Əliyev  dilinin əzbəri idi. 1993-cü  ildə  Heydər Əliyevlə gorüşmək  istəyirdi.  Qardaşım Qarabağ uğrunda gedən döyüşdə şəhid oldu. Atam bu  acıya dözmədi, dünyasını dəyişdi.  Yəni atamın dilindən səslənən bu ada uşaqlıqdan  simpatiya bəsləmişəm, ağlım  kəsəndən də Ulu Öndərimizi  sevmişəm və  sevirəm. Onun  dəyər verdiyi insanlar da məni maraqlandırıb.

 

O maraqlı insanlardan da biri çiyin-çiyinə çalışdığım İbad  Hüseynlidir.  Elə bir  insanla  çalışmaq,  addımlamaq çoxlarının arzusu  olub  və  mən özümə şərəf  bilirəm  ki,  bu  gözəl  missiyanı həm xalqımızın,  həm  qəhrəmanımızın  adına layiq yerinə yetirirəm. Təbii ki,  Türk dünyasının elə şəhərləri vardı  ki,  orda nəinki Qarabağı, heç  Azərbaycanın  adını  da bilmirdilər. İbad  Hüseynli ilə  görüşlərdə, konfranslarda  biz  bunun  şahidi  olurduq,   təəssüf   edirdik.  İbad  Hüseynli  elə  Azərbaycan,  Qarabağ,  vətən deməkdir. Çünki  o özünü  deyil,  Azərbaycanı təmsil edir.

 

- Bütün fəaliyyətiniz dolayısı ilə də olsa müharibə mövzusu ilə üst-üstə düşür. Bir yaradıcı, zərif xanım olaraq müharibə mövzusu necə təsir edir sizə? 

 

- Müharibə  adından göründüyü  kimi, ölmək-öldürmək deməkdir.   Qorxunc  və  dəhşətdir, arzuolunmayandır.  Amma biz məcburuq müharibəyə, çünki   torpaqlarımız işğal altındadır, nə  qədər günahsız   şəhidlərimiz  oldu. Erməni  müharibə  etməsək,  torpağı  verəcəkmi  bizə?  Əsla!  Ona görə hər şeyə  hazır olmalıyıq.

 

- Qəribə görünüşünüz var, zərifliyinizə yaraşmayan kədər yığını gözlərinizdən boylanır, nədi içinizdəkilər?

 

- İnsanın yaşantıları  onun  simasında  əks  olunur,   rahat  və  ürəkaçan  həyat heç yaşamadım. Uşaq  vaxtı  anam  dünyasını  dəyişdi və gözlərimə uşaqkən kədər kölgəsi  düşdü,  gəncliyimə  qədəm   qoyanda   qardaşım şəhid oldu,  o acıya   dözməyən  atam  dünyasını  dəyişdi,  sonra    digər  əzizlərim dünyasını  dəyişdi. Elimizi-obamızı,  yurdumuzu  itirdim.  Bütün  bu  acılardan  sonra   hansı   sevinc   gorünsün  gözümdə…

 

- Bu biri tərəfdən də boş vaxtınız az olur. Səfərlər, tədbirlər ard-ardadır. Bütün bunlar yaradıcılığına necə təsir edir?

 

- Əslində, işlərin çoxluğu   mənim başımı qatır, bekar qalmağı,  boşuna  danışmağı,  gəzməyi  sevmirəm…

 

- İbad bəy haqda müxtəlif fikirlər səsıənir, necə qarşılayırsız?

 

- Bar  verən  ağaca  daş  atan  çox olur.  İbad  Hüseynlini Azərbaycanda   1990-1993-cü illərdən başlayaraq tanımayan yox idi.  Əgər  hər hansı  döyüşçü  desə ki,  mən onu tanımıram  bilin ki, paxıllıqdan deyir. Müharibə  vaxtı  döyüşdən    qaçanlar,  dövlətin  əleyhinə  aksiya   keçirənlər, Bakıda gəlib döyüşmüşəm   deyə "firounluq”  edənlər  İbad Hüseynlinin tənənəsindən və hədəsindən uzaq  olmayıblar.  Və  onlar indi  kompyuter  arxasında  "kişilik”  edirlər. İbad Hüseynlini  tanıyanlar   tanıyır, bilənlər  bilir ki,  onda olan  əxlaq  heç  indiki  bəzi  qızlarda yoxdur. Vallah, düz deyirəm. Bir  dəfə  bir  xanım müsahibə   almağa  gəlmişdi, elə  geyimdə idi  ki, mən utanırdım onun yerinə. O xanım müsahibənin ortasında artıq  kiminlə   müsahibə  aldığını  başa   düşdü,   və    qızara-qızara başladı  sinəsini   örtməyə,  yubkasını  çəkməyə.  Yəni İbad  müəllim həm  döyüşüylə, həm igidliyi ilə, həm  cəsurluğu ilə, həm  də təvəzökarlığı  və  əxlaqı   ilə   dərs  verir, nümunədir. Onun haqqında  artıq-əskik  yazanlara mən əvvəllər çox aqressiv yanaşırdım, əsəbiləşirdim. Çünki tanımayan insanlar da bəzi şərəfsiz  insanların  dilindən nəyisə eşidib təsir altına düşürdülər. Neyləyək , müharibənin öz  qanunları var, müharibə  qəhrəmanlar  yetişdirdiyi kimi, şərəfsizlər   də yetişdirir...

 

- Gülşən xanım, bir qarabağlı kimi, Qarabağın taleyini  necə  görürsünüz?

 

- Bilirsiniz ki, Qarabağ siyasi  oyundur. Bu hər kəsə bəllidir.  Ermənistan   demirəm, çünki  elə bir dövlət tanımıram.  "Erməni”  adlı  təşkilatı böyüdüb,  Ermənistan dövləti yaradan  qüvvələr istədikləri zaman hər  yerdə o ”silahdan”  istifadə edir və edəcək də. Biz Ulu Öndərimiz  Heydər  Əliyevin layiqli davamçısı,  dəyərli prezidentimizin  uğurlu  siyasətinə  inanırıq və ümid  edirik ki, Qarabağımızı   və  eyni  zamanda   Qərbi    Azərbaycan    torpaqlarımızı geri  alacağıq.

 

- Biz də sizin inamınızı alqışlayırıq, çünki bu bizim hamımızın inandığı və gözlədiyi bir tarix olacaq. Çox sağ olun!

 

- Siz  də  çox  sağ olun, təşəkkür edirəm ki, müsahibə üçün məni seçmisiz.

 

Faiq Balabəyli

.