Çoxəsrlik tarixə malik Azərbaycan ədəbiyyatı bütün dövrlərdə məzmun və mündəricə cəhətdən zənginliyi ilə səciyyələnmiş, tarixi olayları lirik, epik, dramatik müstəvidə ədəbiyyata gətirən bədii nümunələr özündə xalqın keçmişini, mücadiləsini, ağrı-acısını, itkisini, yaşam yolunu əks etdirmişdir. Hələ şifahi xalq ədəbiyyatı nümunələrində söz insan mənəviyyatının yüksəlişi, əxlaqi saflıq, vətənə sədaqət, mübarizlik, hörmət, ehtiram motivlərinin tərbiyəsinə xidmət etmişdir. Yazılı ədəbiyyatda da söz sahibləri – şair və yazıçılar fərdi duyğuların tərənnümündən daha çox bəşəri mövzulara yer vermiş, yaratdıqları hər bir əsərdə ümumi amalı, milli dəyərləri, xalqın əzəmətini, azərbaycançılıq ideyalarını tərənnüm etmiş, poetik sözlə tarixə şahidlik etmişlər.

XX əsrin 80-ci illərindən etibarən Azərbaycan ədəbiyyatında Qarabağ ağrısı, torpaq itkisi, yurd həsrəti kimi mövzular başlıca yer tutur. İki əsrdən artıq tarixi torpaqlarımızı itirə-itirə yaşadığımız bir dönəmdə ədəbiyyatımız buna biganə qalmamış, sovet ideologiyasının iç üzünü, erməni vandalizminin dəhşətlərini bədii əsərlərdə əks etdirmişdir.

Bu gün Vətən tarixini sözün sehrində yaşadan sənətkarlardan biri də çağdaş Azərbaycan poeziyasının ünlü nümayəndəsi Mahirə Nağıqızıdır. Bədii yaradıcılıq ilə elmi yaradıcılığın harmoniyasında yorulmaz fəaliyyət göstərən Mahirə xanım poeziyaya olan sevgisini əlinə qələm aldığı gündən heç nə və heç kimlə bölüşmür. Cəmiyyətin tərəqqisində xüsusi rol oynayan pedaqoji kadr hazırlığında ADPU-nun Filologiya fakültəsinin dekanı, Dövlət Dil Komissiyasının üzvü, AAK-nın siyahısına daxil olan “Linqvistika problemləri” elmi jurnalının təsisçisi və redaktoru, bir çox beynəlxalq konfransların təşkilatçısı, Elm və Təşkilat komitəsinin üzvü, respublikanın bir çox nüfuzlu jurnallarının redaksiya heyətinin üzvü, Prezident təqaüdçüsü, AAK-nın Filologiya və pedaqogika üzrə ekspert komissiyasının sədri, elmi monoqrafiyalar müəllifi, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, eyni zamanda, lirik və səmimi şeirlər müəllifidir.

Yaradıcılıq kredosu vətən, millət, azərbaycançılıq olan Mahirə Hüseynova II Qarabağ müharibəsində qələmini silaha çevirdi. Müzəffər ordumuzun hər qələbəsinə, Ali Baş Komandanın müdrik siyasətinə şairə bir şeir qoşdu, şəhidlik zirvəsinə ucalanlara ana kimi ağı dedi, igidliklərini vəsf etdi. Erməni işğalından azad olunmuş torpaqlarımıza Mahirə xanım sözdən çələng hördü, o yerləri sözlə qarış-qarış gəzdi, qələbə müjdəli şeirləri zəfər nəğməsinə çevrildi.

1941-45-ci illər Böyük Vətən müharibəsində S.Vurğunun “Bilsin ana torpaq, eşitsin Vətən”, S.Rüstəmin “Gün o gün olsun ki, qurtarsın dava”, Ə.Vahidin “Çıx, ey qaniçən yırtıcı, çıx torpağımızdan” çağırışları kimi, 44 günlük Vətən müharibəsində Mahirə Nağıqızı təkcə poeziyada deyil, elmi-publisistik yaradıcılığında da “zəfər ədəbiyyatı”nın parlaq nümunələrini yaratdı.

Mahirə Hüseynova 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonunun (indiki Babək rayonunun) Sust kəndində anadan olub. Orta təhsilini Xalxal kənd səkkizillik orta məktəbi, daha sonra Abşeron rayonu Novxanı qəsəbəsi 1 saylı orta məktəbdə almışdır. 1980-ci

ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə qəbul olan Mahirə Hüseynova təhsil illərində fəallığı ilə seçilmiş, fakültədə keçirilən tədbirlərdə yaxından iştirak etmiş, tələbə və müəllim heyətinin dərin rəğbətini qazanmışdır. 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra o, orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlayır. Gənc müəllimənin pedaqoji fəaliyyəti Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, döş nişanı ilə təltif olunmuşdur. 2003-cü ildə isə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olaraq I dərəcəli diplomla mükafatlandırılmışdır.

Lakin çox çəkmir ki, dilə, ədəbiyyata, elmi yaradıcılığa olan sevgisi onu yenidən ADPU-ya qaytarır. 2012-ci ildə “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı elmi işini, 2017-ci ildə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edir. Cəmiyyət və şəxsiyyət formalaşmasında pedaqoji kadr hazırlığını həyata keçirən ölkənin nüfuzlu ali təhsil ocaqlarından biri − Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin dekanı prof. Mahirə Hüseynova hazırda pedaqoji-təşkilatçılıq fəaliyyəti ilə yanaşı, elmi-publisistik və bədii yaradıcılıq sahəsində də öz sözünü deyir. Alimin “Azərbaycan poeziyasında “dağ” obrazı”, “Müasir Azərbaycan dili: aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə)”, “XIX-XX əsrlər Azərbaycan aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlərin linqvopoetikası (Dərələyəz mahalı üzrə)”, “Aşıq və el şairlərinin üslubi sintaksisi (Dərələyəz mahalı üzrə)”, “Aşıq və el şairlərinin üslubi frazeologiyası (Dərələyəz mahalı üzrə)“, “Dilin estetik problemləri” adlı monoqrafiyalarında dilçiliyin aktual məsələlərinə münasibət bildirilmiş, dil vahidlərinin sistemli tədqiqi aparılmışdır. 28 elmi monoqrafiya, dərs vəsaiti, respublikada və xarici mətbuatda 400-ə qədər elmi məqalə müəllifi Mahirə Hüseynovanın elmi yaradıcılığının harmoniyasını bədii yaradıcılığı tamamlayır.

Xalq ədəbiyyatına vurğunluq, lirizm, səsin poetikası, bənzərsiz məcazlar, danışıq dilinin ecazı dilçi-alimin elmi yaradıcılıq görüşlərindən bədii təfəkkürünə cığır salmış, dilin möcüzəsi bayatı və qoşmalarda, bədii nümunələrdə fərqli düşüncə tərzi və çalarlarla əksini tapmışdır. Hələ tələbəlik illərində qələmə aldığı poetik nümunələrdə Mahirə Hüseynovanın səmimi duyğuları, kövrək lirizmi, duz-şörəyə, ana süfrəsinə, ata öyüdünə, vətənin quruca daşına belə sədaqəti, vurğunluğu tərənnüm olunur.

Böyük bir ailədə böyüyüb tərbiyə aldığındanmı, ruhunun sözün sehrilə yoğrulduğundanmı, Mahirə Hüseynova poeziyasının məhək daşını Ana, Vətən anlayışları təşkil edir. Şeirlərinin mövzu dairəsi nə qədər geniş olsa da, ən mübhəm duyğuları, ən gözəl məcazları Anaya, Vətənə ünvanlanır:

Bu vətən deyilən torpaq deyil ki, Ananın dizinin yanı −vətəndir. Başını qoymağa bir sinə varsa, Ruhuna beşiksə, tanı, vətəndir.

 

“Ananın dizinin yanı”, “başını qoymağa bir sinə”, “ruhun beşiyi” poetizmləri yaşından asılı olmayaraq, hər bir kəsə Vətən sevgisinin dadını, duzunu hiss etdirir. Nədən yazırsa, yazsın, milli-mənəvi dəyərlər, azərbaycançılıq ideologiyası, Vətən sevdası, ailə təəssübkeşliyi, olaylara nikbin baxış Mahirə Hüseynova poeziyasının ana xəttidir. Professor Elman Quliyev yazır: “Həyat hadisələrinə fəal müdaxilə şairin yaradıcılığı üçün xarakterik məsələlərdən biridir.

Mahirə Nağıqızının bir vətəndaş-şair olaraq mənsub olduğu millətin taleyüklü məsələləri fonunda sinəsini qabağa verib öndə görünməsi və qələmini süngüyə çevirməsi sənətində milli təəssübkeşlik amillərinin bariz göstəricisi kimi diqqətdən yayınmır. Milli təəssübkeşlik və vətənpərvərlik ruhunda yazılmış şeirlərində keçmişdən bu günə, bu gündən gələcəyə ünvanlanan çağırış və haray səslərində Mahirə Nağıqızının ürəyində və zərif çiyinlərində gəzdirdiyi yükün ağırlığını, müsəlləh əsgər kimi döyüşə atılmaq istəyini, göynəyən yaralarını, düşmənə nifrətini və s. görmək və hiss etmək o qədər də çətin deyil. Çünki onun qələmindən qopan bu cür misralar gözü ilə gördüyü, ruhu ilə duyduğu, xəyalında qurduğu real poetik nümunələr kimi dəyərlidir”.

Müsahibələrindən birində jurnalistin: “Bəzən yaşadıqlarımızı göstərmək üçün mübaliğələr belə acizdir. Bəs haqqın tərəzisi?! Görə-görə kor olmaq olurmu?” – sualına şairə belə cavab verir: “- Hə, bu, xəyalən min dəfələrlə olduğum, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının − özü elə böyük olmayan bir qəsəbənin dünya boyda dəhşət mənzərəsidir… O mənzərədə insanlığını itirən kəsin ən vəhşi heyvandan belə amansız olduğunu görmək olar… O mənzərənin vəhşəti insanın qəlbində Allahın özünə belə etiraz nidaları yaradır. Yox, söhbət ancaq ondan getmir ki, bu amansız cinayəti törədən erməni millətindən olan qatillərə qərinələrlə bir millətə − türklərə qarşı aşılanmış nifrət hissi impuls verib… Söhbət ondan gedir ki, həmin gecə ancaq azərbaycanlı olduqlarına görə amansızlıqla öldürülən, içərisində körpələrin və qadınların da olduğu 613 nəfərin qanı laxtalanmayıb… Şəxsən mən hesab edirəm ki, o qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanındadır və Xocalı ədaləti bərqərar olmayınca, o qan laxtalanmayacaq”.

Mahirə Nağıqızı poeziyasında hər şeydən əvvəl, bir vətəndaş şairin naraharlığı, ürək çırpıntıları duyulur. Vətənin baharını, yazını, gülünü-çiçəyini, dağını-daşını, leysanını sevə-sevə vəsf edən şairə ağır sınaq günlərində − XX əsrin 20-ci ilinin sonları Vətən müharibəsi günlərində zəfər mövzulu şeirlər yazır. 44 günlük Vətən müharibəsinin dəhşətləri, erməni nankorluğu, xəyanət, düşmən gülləsinə sinəsini sipər edən igid oğulların rəşadəti, bombalanmış yurd yerlərinin göynərtisi, körpələrin iniltisi, anaların naləsi, dinc sakinlərin qisası şairənin şeirlərində misra-misra şeirə çevrildi.

Göynəyən yaraynan yatmaqmı olar, Dərd, çara axtarır ahu-zarıynan. Qəlbmi dözər buna, yaşadı ancaq Dalıyca getdiyi arzularıynan.

Burda, Alxanlıda fəryad səsi var, Bir ana çağırır haqqa dünyanı. Almasa bədəlin erməni xunkar, Boğar hamımızı Zəhranın qanı.

44 gün davam edən Vətən savaşında şairənin yaradıcılıq kredosu qələbə əzmi, zəfər sevinci ilə kökləndi. Silsilə şeirlərlə Mahirə Hüseynova çağdaş ədəbiyyatşünaslıqda zəfər poeziyasını yaratdı. Onun Vətən müharibəsi ərəfəsində yazdığı zəfər şeirlərində Vətən sevgisi, ordumuzun şanlı qələbələri, Ali Baş Komandanın müdrik siyasəti, işğaldan azad olunmuş torpaqlarımızın tərənnümü hansı biçimdədirsə, düşmənə nifrət, qəzəb hissləri də o biçimdədir. Şairə bir ana kimi sinəsini qabağa verib döyüşə yollanan vətənin əsgər oğullarına xeyir-dua verdi, onları son döyüşə hazır olmağa, yolun sonuna varmağa səslədi:

Gücün sənin – bu dünyada olan haqqım,
Göz dağımdır düşmanımda qalan haqqım.
Yağı versin: o can haqqım, bu can haqqım,
Haqq sənindir, öz haqqını almağa get.
Bərkiyibsən tənə, qınaq sınağında,
Get, qalmayaq bu dünyanın qınağında.
Özü seçib, boğulsun qan çanağında,
Tarix yarat, kitabında qalmağa get!

İşğal altında olan torpaqlarımızın azad olunmasını, uzun illərin həsrətinə son qoyulmasını Mahirə xanım hər bir azərbaycanlı oğulun mənəvi borcu sayır. Tarixdə qalmaq üçün onu yenidən yazmaq, tarixi yaratmaq gərəkdir, lazım gələrsə, fələyin çarxını döndərmək gərəkdir. Bu gün oğullar döyüşə getməzsə, dünyanın qınağında qalarıq. Param-parça parçalanan, isti ocağından köçkün olan, qaçqın taleyi ilə barışmağa məcbur olan insanların qınağında qalarıq. Bu döyüş − suallara cavab döyüşüdür, bu döyüş – zəfər döyüşüdür deyən şairə inam və qətiyyət dolu misralarla Azərbaycan ordusunun qələbə çalacağımıza inanır:

Komandanın özü verib dəyər sənə,
O güvəndi, arxalandı, ey ər, sənə.
Milyonların gözü baxır, əsgər sənə,
Bu məqamdır, zəfərini çalmağa get!

Azərbaycan əsgəri, yolun Şuşaya gedər, O yürüşün naminə son döyüşə hazır ol! İntizarda Laçındı, Zəngilandı, Kəlbəcər, Pir görüşün naminə son döyüşə hazır ol!

Sən Vətənin gücüsən, vətənin əsgər oğlu, Vətən haya çağırmaz, haraylamaz hər oğlu, Qızlar gül-çiçəyiylə süslər müzəffər oğlu, O gəlişin naminə son döyüşə hazır ol!

Müzəffər Azərbaycan ordusunun işğal altında olan torpaqları azad etdiyi xəbərini Mahirə Hüseynova sanki illərlə sinəsində gəzdirdiyi duyğularla, bədii təfəkküründəki düşüncələrlə qarşılayırdı. Cəbrayıl, Laçın, Kəlbəcər, Şuşa döyüşlərindən sonra orada qaldırılan üçrəngli bayrağın bütün Qafqaz dağlarından görünməsindən şairənin qəlbi fərəhlə dolur, içindəki duyğular dil açır. Ayaqyalın yola çıxıb Laçına boylanan müəllif Kəlbəcərin dağlarına baş çəkir, “Dədə Şəmşirin şenliyində” dövran görənləri yad edir. Şuşada verilən azan səsi illərin ağrı-acısını göz önünə gətirir; İbrahim xanın saldığı şəhərə yağdırılan mərmilər, Vaqifin qəbrinə atılan güllələr, Cabbarın səsinin içində boğulması, Nəvvabın naxışının odlara qalanması, millətin Kəbəsi Şuşanın dustaq edilməsi şairəni bir daha əmin edir ki, insanlıq durduqca Haqq məbudu da var olacaq. O ötən illərin ağrı-acısına elin birliyi, yenilməz ordumuzun rəşadəti son qoyur. Azərbaycan əsgərinin yalın əllə Şuşanı düşməndən azad etməsini Şairə Kəbənin dardan azad edilməsinə bənzədir:

El qalxdı, igidlər keçdi qabağa,
Qurtaraq dedilər Kəbəni dardan.
Onlar Şuşamızla qucaqlaşmağa,
Yalın əl qalxdılar sərt qayalardan.
Hər biri dikəldi, durdu dağ kimi,
Düşmən qabağına verdilər sinə.
Gecənin bağrından bir mizraq kimi,
Çıxıb sancıldılar düşmən köksünə.
O keçən illərin ağrı-acısı,
Çiynimdə yük oldu, qəlbimdə qəhər.
Söndü ürəyimin Şuşa yanğısı
Hilala qol açdı müqəddəs şəhər

Şairənin zəfər poeziyasında şəhid Xudayar Yusifzadəyə həsr ediyi şeir bu gün gəncliyə bir çağırış, bir himn kimi səslənir. 44 günlük Vətən müharibəsinə könüllü yollanan Xudayar Yusifzadənin erməni ilə üz-üzə cəbhədə, şəhidliyindən 3 gün əvvəl duyğuları köksünə sığmır, döyüş yoldaşlarını başına yığıb güllə altında uğrunda canını qurban verməyə hazır olduğu Vətənin – Azərbaycanın dağına, daşına söykənib onu vəsf edir, Ə.Vahidin sözlərinə bəstələnmiş təsnifi oxuyur və özü də lentə alır. Vətən tarixini 44 günlük müharibədə bir dastana çevirir. Şəhid Xudayarın Vətən sevdası dillərdə dastan olur. Mahirə Hüseynova Xudayarın “Vətən nədən yaxşıdır?” sualını şəhidin dumanlar içində göylərə çəkilməyi, millət üçün bir qəhrəmanlıq ünvanına dönməyi, bu “qismət oyununu” özünün seçməyi kimi cavablandırır. Bundan sonra nə qədər şeirlər yazılsa da, Xudayarın öz yazdığı ilə − şəhidlik zirvəsinə ucalmağı ilə dastana döndüyünü şairə şəninə yazılan şeirlərdən üstün tutur, çünki o, qəlblərdə ən əziz bir mehman olmuşdur:

Çıxdın zirvəsinə uca dağların,
Göylərə çəkilib dumana döndün.
Silib göz yaşını al yanaqların,
Qəlblərdə ən əziz mehmana döndün.
Göydən Allah baxır, Haqq divanı var.
Soraq məqamı var, sorğu anı var.
Hərənin qəlbinin qəhrəmanı var,
Minlərin gözündə mizana döndün.
Bilirdin bu Vətən nədən yaxşıdı,
Qoynunda göyərən, bitən yaxşıdı.
Övladda havara yetən yaxşıdı,
Havara yetişib aslana döndün [3, s.136].

 

Azərbaycan ordusunun döyüş ruhunun yüksəldilməsində, gənclərə hərbi vətənpərvərlik duyğularının aşılanması istiqamətində Mahirə Nağıqızının şeirləri tərbiyə vasitəsi kimi böyük rola malikdir. Onun şeirlərində qələbəyə inam notları ilə yanaşı, bir ana narahatlığı, ana nigarançılığı, ana qayğısı da özünü göstərir. “Şəhid anasına məktub”, “Cəbhədən məktub”, “Cəbhəyə məktub”, “Yaraşır”, “Görünür”, “Get”, “Bayrağımız”, “Salam olsun”, “Laçınım-Laçınım”, “Tarix yazan əsgər” və s. şeirlər Mahirə Hüseynovanın 44 günlük Vətən müharibəsi dövründə duyğularının tərənnümünə çevirdiyi şeirlərdir. Bu şeirlərdə Azərbaycan əsgərinin şücaətinə, Ali Baş Komandanın müdrik siyasətinə, xalqın bu savaşdan zəfərlə çıxacağına inam hissləri ilə yanaşı, xalqın birliyi, bölünməzliyi motivləri də özünü göstərir.

Professor Məhərrəm Hüseynova görə, Mahirə Nağıqızının həyat amalı, yaşam qayəsi xalq və Vətən üçün alışıb-yanan ürəyinin nurundan gənc nəslin, çox saylı oxucularının mənəvi təmizliyinə, idrakı qabiliyyətinə işıq saçmaq, təhsil və təfəkkür işiğının əhatəsini genişləndirməkdir. Bəlkə də buna görə Mahirə Hüseynova əlinə qələm alanda müdrikləşir, sətirlər arxasından el-gün hayanı, ağbirçək ananın öyüdləri duyulur.

Zamanında və yerində deyilmiş sözün gücü, siqləti ölçüyə gəlməz. Mahirə Nağıqızının 44 gündə qələmə aldığı zəfər şeirləri çağdaş Azərbaycan poeziyasında Vətən müharibəsi mövzusuna həsr edilmiş poetik nümunələrdir. Bu şeirlər gələcək tariximizin, milli-mənəvi dəyərlərimizin, bütövlüyümüzün qorunmasına səsləyən bir çağırışdır. Bu çağırış Azərbaycan tarixini çiyinlərində daşıdığı yüzillərin yükündən 44 gündə azad edən Azərbaycan əsgərinə, Ali Baş Komandana, qardaş Türkiyəyə, Vətən torpağını, səmasını sevənlərə ağzı dualı, əli Quranlı bir ananın xeyir-duası, salamıdır:

Ey tarixi sətir-sətir yaradanlar
Nə şanlısız, şanınıza salam olsun!
Qalacaqdır bu tarixdə var olanlar,
Silinməz ad-sanınıza salam olsun!
Adı qalar zaman-zaman şər doğanın,
İzi qalmaz hər olanın, hər doğanın.
İlham, sənin, Rəcəb Tayib Ərdoğanın,
Həmişə var canınıza salam olsun!

Nazilə Abdullazadə

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti

 

P.S. Yazı nəşrə gedərkən Mahirə Nağıqızının hərbi-vətənpərvərlik şeirlərinin toplandığı

”Salam olsun” kitabının nəşrdən çıxdığı xəbərini aldıq. Yeniyetmələrin, gənc nəslin azərbaycançılıq ruhunda formalaşmasında bu şeirlərin böyük rol oynayacağına əminliyimizi ifadə edir, Mahirə Nağıqızına yeni yaradıcılıq uğurları arzulayırıq.

.