Bu gün Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun 6 fəsil və 30 maddədən ibarətdir.
Layihəyə əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır. Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilinəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Qeydiyyatda olan partiyalara üzvlərinin sayını 5 minə çatdırmaq üçün 180 gün vaxt veriləcək
“Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra üzvlərinin sayını 180 gün ərzində 5 min nəfərə çatdıra bilməyən dövlət qeydiyyatına alınmış partiyaların ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırılacaq.
Bu, “Siyasi partiyalar haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının 5 min nəfərə çatdırılması üçün tədbirlər görür və üzvlərinin reyestrini tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
Qüvvədə olan qanuna görə, siyasi partiyanın qeydə alınması üçün Azərbaycan Respublikasının azı 1000 vətəndaşı onun üzvü olmalıdır.
Eyni zamanda qanun layihəsinə əsasən, siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparmalıdır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiya üzvlərinin reyestri təqdim olunduğu tarixdən 30 gün müddətində onun qanunun tələblərinə uyğunluğunu yoxlayacaq. Siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edildikdə, onun təqdim olunduğu tarixdən 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onların aradan qaldırılması barədə məlumatı siyasi partiyaya təqdim edəcək və ya sifarişli poçt göndərişi vasitəsilə göndərəcək. Bu məlumatı daxil olduğu tarixdən 30 gün müddətində siyasi partiya üzvlərinin reyestrində aşkar edilmiş çatışmazlıqları aradan qaldıraraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) reyestri təqdim edəcək.
Üç faiz səs şərti ləğv olunur, seçkilərdə parlamentdə yer qazanmayan bütün partiyalar maliyyə yardımı alacaq
Siyasi partiyaya dövlət maliyyə yardımı ayrılması qaydası dəyişir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Siyasi partiyalar haqqında” qanun layihəsində əksini tapıb.
Hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanuna əsasən, maliyyə yardımının vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür. Vəsaitin 50 faizi Azərbaycan Respublikası Milli Məclisinin say tərkibinə bölünür və bunun nəticəsində alınan məbləğ Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyən edilmiş məbləğ həmin siyasi partiyalara ayrılır. Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar, habelə digər səbəblərdən Azərbaycan Respublikasının Milli Məclisində siyasi partiyaları təmsil edən deputatların sayı artdıqda və ya azaldıqda bu vəsaitin həmin siyasi partiyalara ayrılması zamanı da bu maddənin birinci cümləsində nəzərdə tutulmuş qayda tətbiq olunur. Bu maddənin birinci cümləsində siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin müvafiq rüb üzrə istifadə olunmamış hissəsi həmin rübün sonunda Milli Məclisdə siyasi partiyaları təmsil edən deputatların sayına uyğun olaraq proporsional qaydada siyasi partiyalara ayrılır. Vəsaitin 5 faizi Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara əsasən aparılmış bölgü nəticəsində hər bir siyasi partiyanın müvafiq rüb üzrə payına düşən həcmdə ayrılır.
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsində bu bölgü qaydası saxlanılır. Ancaq “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində seçkilərdə iştirak etmiş, ancaq Milli Məclisində təmsil olunmayan siyasi partiyalara maliyyə yardımının ayrılmasına dair qaydanın dəyişdirilməsi nəzərdə tutulur. Başqa sözlə, hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanuna əsasən, vəsaitin 5 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional bölünür. Yeni qanun layihəsinə əsasən isə partiyaları seçkilərdə iştiraka təşviq etmək üçün seçkilərə qatılan bütün partiyalara dövlətin maliyyə yardımı ayırması proseduru müəyyənləşir. Başqa sözlə, siyasi partiyaya dövlət maliyyə yardımının 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünəcək. Vəsaitin 2,5 faizi isə həmin siyasi partiyalar arasında qazanılmış səslərin sayına uyğun olaraq proporsional qaydada bölünəcək.
.
