İctimai xadimin həyatına sui-qəsd etmədə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirli bilinən Hüseynov Elşən Fəxrəddin oğlunun məhkəməsi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxışa verilməsinə qərar verilib.
Prosesdə təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı müraciət olunub.
Proses avqustun 2-də davam etdiriləcək.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı araşdırma ilə müəyyən olunub ki, Hüseynov Elşən Fəxrəddin oğlu başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onu öldürməyə, dini ədavət niyyəti ilə terrorçuluqla əlaqədar iki və daha çox şəxsi öldürməyə cəhd etmiş, eləcə də ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etməkdə təqsirli bilinir. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.
Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.
Hüseynov Elşən Fəxrəddin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.6, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 və 277-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
.