"Dirijorlara yaxınlaşmaq olmur, onların hamısının artıq menecerləri var".

Bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə Milli Məclisin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə deyib.

Xalq artisti deyib ki, həmin dirijorlar gedib başqa ölkələrdə fəaliyyət göstərirlər.

“Bəs orada hansı musiqini ifa edirlər? İnanmazsınız. Süni intellekt vasitəsilə yaradılan əsərləri təqdim edirlər. Başa düşürsünüz bu nə deməkdir? Gənc dirijorumuz musiqi baxımından dünyanın ən zəngin ölkələrindən biri olan İtaliyaya gedir və orada süni intellekt proqramları vasitəsilə yaradılmış musiqini Azərbaycan simfonik musiqisi kimi təqdim edir. Bunun adı nədir, deyə bilərsiniz mənə?”

Xalq artisti qeyd edib ki, Azərbaycanda bəstəkarlıq fakültələrinə maraq azalır, gənc bəstəkarlar işsizlik və maddi çətinliklərlə üzləşirlər. O, bəstəkarlıq fakültələri tədricən bağlandığını, yaxud digər fakültələrlə birləşdirildiyini qeyd edib:

“Bunun əsas səbəblərindən biri gənclərin bu sahəyə maraq göstərməməsidir. Heç kim bəstəkarlığa daxil olmaq istəmir. Çünki bəstəkara qiymət verən, onun əsərlərini alan yoxdur”.

Firəngiz Əlizadə gənc bəstəkarların işlə təmin olunmasında da ciddi problemlər yaşandığını vurğulayıb.

Onun sözlərinə görə, hətta bəzi diplomlarda “bəstəkar” ixtisası qeyd edilmir:

“Gənc bəstəkarlar yanıma gəlib narazılıq ifadə edirlər. Deyirlər ki, dolana bilmirik, bizə iş verilmir. Musiqişünaslar üçün iş tapılır, onların yazıları sifariş olunur, amma bəstəkarlara ehtiyac duyan yoxdur”.

Xalq artisti onu da əlavə edib ki, beynəlxalq müsabiqələrdə uğur qazanan əsərlər belə sonradan ifa olunmur, bəstəkarlar öz musiqilərini dinləyiciyə çatdırmaq üçün imkan tapa bilmirlər.

.