O, illərdir bu sferada çalışır. İllərdir, müsəlman Şərqinin mərkəzi sayılan İraqla Azərbaycan arasında könül elçisi rolunu oynayır. Çox təvazökardır Tahirə xanım. "Nə etmişəm ki?” – deyir söhbətə başlayarkən. Etdiklərini özü görməzdən gəlməyə, arxa plana atmağa çalışsa da, axı az – çox ictimai sektorda olanlar bilirlər, Tahirə xanımın fəaliyyətini. Beləliklə, Karabakh Today – in növbəti qonağı "Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyiin sədri Tahirə Məmmədovadır. Yenizaman.az yazını öz səhifəsində tirajlandırır:
İraq və Azərbaycan: oxşar taleli iki ölkə...
Rəhbəri olduğum qurum – "Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi 2007 – ci ildə yaranıb. Əsas məqsədimiz Azərbaycan və İraq xalqları arasında dostluq və mədəni əlaqələrin qurulması və inkişaf etdirilməsi, qarşılıqlı təbliğat işlərinin təşkilindən ibarətdir. Bu məqsədlərə çatmaq üçün mərkəzimiz xalqlar arasında ümumdünya sülh proseslərinə yardımçı olmağı, ümumbəşəri dəyərlərin təbliği və vətəndaş cəmiyyətinin hər iki ölkədə bərqərar olmasına xidmət etməyi, xalqlar arasında sülhpərvər fikirləri və mənəvi dəyərləri təbliğ etməyi, hər iki ölkənin tarixinin, mədəniyyətinin öyrənilməsi və təbliğ edilməsini, Azərbaycan vətəndaşlarının İraq tarixi və mədəniyyəti ilə, iraqlıların isə Azərbaycanın tarixi və mədəniyyəti ilə yaxından tanış olmasını, Azərbaycan və İraq arasında mədəniyyət, təhsil, səhiyyə sahələrində qarşılıqlı təcrübə mübadiləsinə nail olunmasını qarşısına məqsəd kimi qoyub. Amma bizim İraqla əlaqələrimiz çox – çox əvvələ kimi gedib çıxır. Biz hələ 1994 – cü ildə Azərbaycan Qadınlar Cəmiyyətinin keçmiş sədri, Xarici Dillər Universitetinin keçmiş rektoru mərhum Zemfira Verdiyeva ilə bərabər İraqa yardım aparmışdıq. Savaşın törətdiyi bəlalar, müharibədən əziyyət çəkən insanlar, valideynlərini itirən, yetim qalan körpələr, sacaşda həyat yoldaşları şəhid olan qadınlar, bütün bu amillər bizim qardaş İraq xalqı ilə yaxınlaşmağımıza, onlarla doğmalaşmağımıza səbəb oldu. Daha sonra da biz dəfələrlə İraqda olmuşuq, həmin ölkədə keçirilən beynəlxalq və regional tədbirlərdə iştirak etmişik. Orda Azərbaycanımızın haqlı mövqeyini əlimizdən gəldiyi qədər dünya ictimaiyyətinə çatdırmağa çalışmışıq. Dəfələrlə biz İraqa səfər etdikdən sonra növbəti səfərimizdə İraq parlamentinə seçkilər zamanı müşahidə qismində də iştirak etmişik. O ana qədər bizi soydaşlarımızın yaşadığı Kərkük şəhərinə buraxmırdılar. Biz təkid etdikdən sonra nəhayət ki, doğma Kərkükümüzü gördük, orda yaşayan insanlarla ünsiyyətimiz yarandı, söhbətləşdik. Seçkiləri müşahidə etdik Kərkükdə. Daha sonra XVII Pekin Sülh Konfransının davamı da məhz İraqda keçirildi və bizi də həmin tədbirə dəvət etmişdilər. Həmin tədbirdə iştirak edəndə də ölkəmizlə, onun torpaqlarının 20% - nin erməni qəsbkarları tərəfindən işğal olunması, 1 milyondan artıq qaçqınımızın və məcburi köçkünümüzün olması ilə bağlı fikirlərimizi, düşüncələrimizi həmin toplantıda iştirak edən qonaqlarla bölüşüb, onların ölkəmiz haqqında dolğun məlumata sahib olmaları üçün səy göstərdik. Qlobal terrorizmə qarşı keçirilən beynəlxalq tədbirlərin sonuncusunda şəxsən özüm iştirak etdim və həmin tədbirdə etdiyim çıxışa görə hətta diploma da layiq görüldüm. Bir müddət İraqdakı vəziyyətlə əlaqədar olaraq əlaqələrimz bir qədər səngimişdi. Amma şükürlər olsun ki, artıq vəziyyət nisbətən yaxşıdır. İraq bilirsiniz ki, tarix boyu çox böyük əziyyətlər çəkib, çoxlu şəhidlər verib. Elə Azərbaycanın başına da çox müsibətlər gəlib. Mən iraqlı dostlarımıza həmişə deyirəm ki, ancaq bizim birliyimiz, bir yerdə səsimizi dünyaya yaymağımız başımızın üstündən qara buludları dağıda bilər. Yəqin ki, siz də bununla razılaşarsınız...
Getdiyim hər yerdə Şuşadan mütləq danışıram...
Mən Azərbaycanın ən füsunkar guşələrindən olan Şuşada dünyaya göz açmışam. Şuşa mədəniyyət tarixinin mühüm məkanlarından biridir. Şuşa Azərbaycana çox görkəmli şəxsiyyətlər bəxş edib. Bu gün el arasında ən çox sevilən bir şikəstə var - «Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ!» Odur ki, Şuşa nəinki təkcə mənim, ümumiyyətlə, bütün xalqımızın yadından heç vaxt çıxmır, çıxmayacaq da. Nə qədər ki, Şuşanın genetik yaddaşını özündə yaşadan insanlar var, mən əminəm, yaxın, lap yaxın vaxtlarda Şuşaya qayıdacaq və "Salam Şuşa, biz gəlmişik” – deyəcəyik. O, bizi gözləyir. Gözləri həsrətlə yollara dikilib. Mən anayam, mən nənəyəm. Övladlarıma, nəvələrimə ötürürəm Şuşa enerjisini. Qoy onlar da bilsinlər ki, harda yaşayıblar, kökləri, əslləri hardan gəlir?! Mən onlara elə təbliğat aparmışam ki, onlar Şuşanın hər qarışını tanıyırlar.
Şuşanı "Şərqin konservatoriyası” adlandırırlar. Yalan demirlər. Görün, nə qədər dühalar yetişdirib bu torpaq? Getdiyim hər yerdə bu yerlərdən danışıram. Qoy, bütün dünya görsün ki, mənfur erməni faşıstləri bizim necə dilbər guşələrimizi işğal ediblər...
Dayanmadan çalışırıq...
Bu il də bu yöndə ciddi – cəhdlə çalışırıq. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, "Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyi " Azərbaycan-İraq: Mədəni Dəyərlərimizi Tanıdaq və Həqiqətlərimizi Beynəlxalq İctimaiyyətə Çatdıraq" adlı layihə həyata keçirdik. Sərgidə İraqın Azərbaycandakı Fövqaladə və səlayihətli səfiri cənab Awad Jebur AL-Shuwaili "Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin həyata keçirdiyi layihə barədə xöş sozlərini bildirdi, bu gun İraq dövlətinin belə bir ağır, dar günündə belə əhəmmiyətli layihənin və sərgini maliyyələşdirərək dəstək verdiyi üçün, İraq dövlətinin rəhbərliyi adından və şəxsən öz adından Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınının rəhbərliyinə minnətdarlığını bildirdi. Cənab səfirin bu tədbirdə iştirakının özü belə bizim işimizə verilən yüksək qiymətin bariz göstəricisi idi. Qeyd edim ki, sərgidə müxtəlif sahələr üzrə, Azərbaycan-İraq xalqlarının milli folklorunun, tarixi-mədəniyyətin, incəsənət nümunələrinin, milli geyimlərinin, milli musiqilərin, milli mətbəxlərinin və Qarabağ hadisələrində erməni separatçılarının törətdikləri vəhşilikləri əks etdirən şəkillərin nümayişi həyata keçirildi.
Qarşıda isə... Qarşıda isə yeni – yeni işlər, yeni – yeni layihələr var hələ. Ümid edirəm ki, bu layihələri uğurla həyata keçirəcək, xalqlarımız, dövlətlərimiz arasında münasibətlərin inkişafı naminə öz töhfəmizi verəcəyik.
.