Azərbaycandan tranzit keçməklə İrandan Rusiyaya tərəvəz yükü daşıyan nəqliyyat vasitəsində qeyri-adi üsullarla gizlədilən külli miqdarda narkotik vasitə aşkar edilib.

Yenizaman-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsində saxlanılıb və şifahi sorğu-sual zamanı sürücü üzərində, avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı isə yükdə şübhəli cizgilər müşahidə olunub.

Bu zaman nəqliyyat vasitəsindəki 22 paletdə olan “kahı” yükünə kinoloji xidmət iti tətbiq edilməklə gömrük yoxlaması keçirilib.

Nəticədə paletlərdən birindəki 30 ədəd qablaşmada falqaya bükülərək kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilən germetik qablaşdırılmış 209 ədəd bağlamada külli miqdarda narkotik vasitələr aşkar edilib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən bağlamalarda xalis çəkisi 69 kq 970 qram narkotik vasitə - qurudulmuş marixuana və 20 kq 870 qram narkotik vasitə - həşiş qətranı olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

.