Bakıda səfərdə olan italiyalı məşhur müğənni İn-Grid Aile.lent.az-a eksklüziv müsahibə verib.
- Müğənnilər hər zaman göz önündə olurlar. Bu baxımdan, xüsusən də bir xanım olaraq özünüzə nə qədər vaxt ayırırsınız?
- Hamı gözəl görünmək istəyir, amma mən yox. Demək olar ki, özümə vaxt ayırmıram. Özümə qulluq etməyə, idman, gimnastika ilə məşğul olmağa vaxtım olmur. Həm də bir çox ictimai işlərlə məşğulam. Heyvan hüquqları ilə məşğul olan assosiasiyam var. Bununla yanaşı, müxtəlif assosiasiyalarda iştirak edirəm, ali təhsil ocaqlarında çıxışlarım olur. Ona görə də özümə ayırmağa vaxt tapa bilmirəm.
- Gözəllik salonlarının xidmətlərindən necə, istifadə edirsinizmi?
- Bu cür suallar verəndə həyəcanlanıram. Çünki özümə çox az vaxt ayırıram deyə, nə cavab verəcəyimi bilmirəm. Düşünürəm ki, həyatda daha çox vaxt ayrılmalı şeylər başqadır, nəinki estetikam. Mən digər şeylərə vaxt ayırmağa üstünlük verirəm. Ona görə də deyərdim ki, bu mövzuda vəziyyətim biabırçılıqdır. Özümə həqiqətən də diqqət və qulluq etmirəm. Ancaq saçlarımı rənglədirəm. O da bəlkə hansısa konsertdən əvvəl deyələr ki, saçlarını rəngləmək vaxtıdır. Əslində mən anam kimi sarışınam. Hazırda saçlarım göründüyündən bir az tünd rəngdədir. Amma heç saçlarıma da qulluq etmirəm.
- Sizə baxanda bunu demək olmaz heç, əksinə, özünə baxımlı görünürsünüz. Bu cür görünüşünüzü nəyə borclusunuz?
- Bu cür müsahibələrdə maraqsız oluram, bilirəm (gülür). Məndən soruşurlar ki, hansı kremlərdən istifadə edirsiz?! Bilmirəm nə cavab verim. Çünki hamamda tapdığım istənilən sabunla üzümü yuya bilərəm. Alış-veriş etməyi sevmirəm. Əslində, özümü çox arıq hesab etmirəm. Nə arığam, nə də təravətliyəm. Ola bilər ki, qəşəng görünüm. Bu da pozitiv enerjidən irəli gələ bilər. O vaxt xoşbəxt oluram ki, insanların məni sevdiyini hiss edirəm. Təbii ki, xoşbəxt olub kifir olmaq mümkün deyil. Xoşbəxtsənsə, gözəlləşirsən. Qadın sevilirsə, gözəl görünür. Sözsüz ki, söhbət təkcə qarşı cinsə olan sevgidən getmir. Ümumiyyətlə, insanların sevgisi, diqqət, qayğısını nəzərdə tuturam. Bunlar məni xoşbəxt edir, gözəlləşdirir.
- Deməli, yeməkdə məhdudiyyətiniz yoxdur, eləmi?
- Bir italiyalı necə pəhriz saxlaya bilər?! (gülür). Makaron, çörək, pizza mənim pəhrizimdir. İstədiyim vaxt istədiyimi yeyirəm, həm də davamlı olaraq. Əgər pəhriz saxlasam, gərək davamlı saxlayım. Mən də istəmirəm həyatımın sonunadək pəhrizdə qalım.
- Bakıya tez-tez gedib-gəlirsiniz. Milli mətbəximizdən ən çox hansı yeməkləri sevirsiniz?
- Adlarını yadımda saxlaya bilmirəm. Amma ən çox şorbalarınızı və dolmanı yeyirəm. Quzu kababını da sevirəm.
- Özünüz yemək bişirməyi bacarırsınız?
- Yalnız makaron bişirirəm. Hər şey yeyirəm, amma hər şey bişirə bilmirəm (gülür). Mətbəxdə çox az vaxt keçirirəm. Anamla yaşayıram, yemək işlərinə o baxır.
- Geyimlə aranız necədir? Geyimlərinizi özünüz seçirsiniz, yoxsa imicinizlə məşğul olan insanlar var?
- Əsasən özüm improvizasiya edirəm. Alış-veriş etməyə vaxt tapmıram. Girib mağazada seçim etməyə belə utanıram. O qədər getməmişəm ki, alış-veriş etmək bacarığım da yoxdur. Çox sevinirəm ki, Bakıda modelyer Gülnarə Xəlilovanı tanıdım. Gülnarə xanımın mənim üçün tikdiyi bütün geyimləri almaq istəyirəm. Çünki hamısından çox xoşum gəldi, hamısı xüsusidir. Hazırda əynimdəki yaşıl dəsti də o tikib. Yaşıl çox bəyəndiyim rəngdir. Gülnarə xanım burada mənim stilim və geyimimlə məşğul olur. Xoşbəxtəm ki, məni o, geyindirir, yoxsa özüm nə geyinəcəyimi bilməzdim. Ümid edirəm ki, Gülnarə xanım da məndən razı qalar. Başqa vaxt yalnız özüm geyinirəm, öz fantaziyama əsasən. Evdə olanda çox sadə və adi geyinirəm. Mənim üçün vacib olan rahatlıqdır. Məncə, rahatlıq qadının gözəlliyidir. Ona görə də əsasən rahat geyimlərə üstünlük verirəm.
- Bakıda yox, başqa yerlərdə səhnə geyimləri üzərində necə seçim edirsiniz?
- Əvvəllər buna çox əhəmiyyət verirdim. İndi isə o qədər də diqqət etmirəm. Konsertlərdə öz qarderobumdakı geyimləri geyinirəm. Qarderobumdakı geyimlər isə 2-3 eyni mağazadan aldıqlarımdır. Yalnız tanıdığım və məni tanıyan mağazadan paltar alıram. Məni tanımayan mağazalara heç vaxt getmirəm. Çünki mənim üçün kommunikasiya, ünsiyyət vacibdir. Mən necə bir şey istədiyimi deməliyəm, onlar da başa düşməlidirlər, oradan istilik, müsbət enerji almalıyam, məni dinləməyi bacarmalı, hörmət etməli, istədiyimi tapıb verməlidirlər. Böyük mərkəzlərdə alış-veriş edənlərdən deyiləm. Bu xüsusiyyətimin səbəbini də bilirəm. Kənd yerində anadan olmuşam, orada hamı bir-birini tanıyırdı. Hamı bir-birinə isti münasibət göstərirdi. Çox kiçik bir yer idi. Çörək, ət aldığımız, gündəlik bazarlıq etdiyimiz yerdə hamı bir-birini tanıyırdı, mehriban münasibəti və ünsiyyəti var idi. Mənə bu cür yaşamaq daha xoşdur, bu cür münasibətə öyrəşmişəm. Ona görə də getdiyim mağazada məni tanımalıdırlar, səmimi söhbət etməlidirlər, ümumi razılığa gəlməliyik. Məsələn, gedib deyirəm ki, sabah televiziya proqramına çıxacam, nə edə bilərik? Əvvəlcə mənə bir fincan qəhvə təklif edirlər, içə-içə, söhbət edə-edə seçimlər edir, məsləhətləşirik. Mənim üçün vacib olan budur. Özüm də psixologiya təhsili almışam. Ona görə də ünsiyyəti hər şeydən üstün tuturam. İnsan ünsiyyətsiz heç nə edə bilməz.
- Daim getdiyiniz o bir neçə mağaza brenddir?
- Düşünürəm ki, "çox yaxşı görünmək üçün çox pul xərcləmək lazımdır” deyə bir şey yoxdur. Əsasən, multibrend mağazalara gedirəm ki, geyimlərim özümün və tamaşaçıların xoşuna gəlsin.
- Yeri gəlmişkən, ən çox pulu nəyə xərcləyirsiniz?
- Pulu əsasən mülkə xərcləyirəm, daşınmaz əmlak alıram. İndiyədək 3 ev almışam. Tətilə də pul xərcləmirəm, çünki tətilə getməyə vaxtım olmur. Ona görə də daşınmaz əmlaka investisiya qoyuram. İtaliyada hər hansı sahəyə investisiya qoyanda həddən çox vergi xərcləri ödəməlisən. Ona görə də adam bəzən nə edib-etməyəcəyini düşünür, qərar verə bilmir. Amma vaxtı ilə qərara gəldim ki, daşınmaz əmlaka investisiya qoyum və belə də etdim. İtaliyada əlavə daşınmaz əmlaka da yüksək vergilər qoyulub. Bundan sonra bilmirəm yenə də əmlaka pul xərcləyəcəm, ya yox.
- Son 3 ildə Azərbaycanla sıx əlaqələriniz var, tez-tez gəlib gedirsiniz. Burada ev almaq fikriniz varmı?
- Hazırda buna maliyyə imkanım yoxdur. Amma Bakıda ev almaq fikrim var. Çox istərdim ki, Bakıda kiçik də olsa ev alım, özü də İçərişəhərdə. Ən çox xoşuma gələn məkan da İçərişəhərdir. İmkanım olduqca ora gedib gəzirəm. Bakının müxtəlif yerlərində şəkil çəkdirməyi sevirəm, hər dəfə yeni məkanlar axtarıb tapıram. Çox sevdiyim şəkillər İçərişəhər və Heydər Əliyev Mərkəzində olan fotolardır. 14 il əvvəl də Azərbaycana gəlmişdim. O vaxtdan buranı çox sevmişəm. Son illər arxitektura baxımından Bakı çox dəyişib. O vaxt Bakı ənənəvi görünürdü, indi isə daha moderndir, beynəlmiləl bir şəhər olub. Ümumiyyətlə, Azərbaycanda ancaq xoşuma gələn şeylər görmüşəm, xoşuma gəlməyən heç bir şey deyə bilmərəm. Burada hər kəs mənimlə anam kimi qayğıkeşliklə davranır.
- Dünyanın bir çox ölkələrini gəzmisiniz. Azərbaycan xanımlarının fərqi nədir?
- Azərbaycanda xoşuma gələn cəhətlərdən biri ailə məsələlərdir. Burada ailə və ər-arvad münasibətlərini çox bəyənirəm. Məsələn, əl-ələ tutub gəzən, yanlarında uşaq olan cütlükləri görmək mənə çox xoş təəssürat bağışlayır. Çünki Avropada ər-arvad bir yerdə olsalar belə, birlikdə deyillər. Avropada əl-ələ tutub gəzmək ənənəsi yox olur. Mən buna çox təəssüf edirəm. Cütlüklərin, ailələrin yemək masası arxasında uşaqları ilə birlikdə söhbət etmələri çox xoşuma gəlir. Azərbaycanda ailəyə xüsusi qayğı var. Bunu daha çox sevirəm. Ən əsas da Azərbaycan qadınlarında xanımlıq var. Avropa qadınlarında xanımlıq yoxdur. Ona görə də mən özümü Azərbaycanda yaxşı, rahat hiss edirəm. Çünki burada qadınlardakı xanımlıq mənə çox uyğundur. Mən də öz qadınlığım, xanımlığımla fəxr edirəm. Hər zaman xanımlığımı qorumağa çalışıram. Məsələn, İtaliyada və ya başqa Avropa ölkələrində qadınların nazlanmağını görə bilməzsiniz. Amma sizin xanımlarda bu var. Bir qadının xanım olması, ailədə xanımlıq etməsi, analıq bacarığı hələ də Azərbaycan qadınlarında qalıb və bunu çox bəyənirəm.
.