Kulis.Az Şərif Ağayarın Ankarada yaşayan azərbaycanlı şair Lətif Mustafaoğlu ilə söhbətini təqdim edir.
- Lətif bəy, iki dost, görüşməyəli, deyəsən on il oldu?
- On il oldu, hə. 2006-cı ilin mayında çıxdım Bakıdan. Təyyarəylə Naxçıvana, ordan da Türkiyəyə getdim.
- Necə oldu ki, getdiniz?
- 2006-da Trabzonda bir ədəbiyyat simpoziumuna qatıldım. Elə orda dəvət gəldi, qaldım Türkiyədə. Əvvəldən planlaşmamışdım.
- Necədi ordakı həyat? Necə yaşayırsız? Nə iş görürsüz?
- Orda oturma iznim var, amma çalışma iznim yoxdur, ona görə iş məsələsi bir az çətindir. Qanuni prosedurlarda bir az problem var, amma, inşallah həll olunacaq.
- Lətif bəy, Gürcüstanda doğulmusuz və işləmisiz, Bakıda oxumusuz və yaşamısız, eyni zamanda Moskvada Qorki adına ədəbiyyat institutunda oxumusuz... İndi də Türkiyənin paytaxtında yaşayırsız. Bu böyük dördbucaq haqda nə deyə bilərsiz? Şübhəsiz, sənət, ədəbiyyat kontekstində.
- Qorkidən öncə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində oxuyurdum. Orda təhsilimi yarımçıq qoyub getdim Qorkiyə. Təbii ki, BDU nə qədər yüksək ali məktəb olsa da, Qorki tamam fərqli idi. Ordakı azadlıq ilk vaxtlar məni şoka saldı. Sonra dərinliklərinə vardım bu məsələlərin. Həm kitab, həm həyat olaraq.
- Bildiyim qədər Dostoyevski ilə bağlı xüsusi kurs keçmisiniz.
- Elədir. Orda belə kurslar çox idi. Çexov, Puşkin... Mən özüm Dostoyevskini seçdim. Əslində, sevdiyim yazıçı deyil. Mən Tolstoyu sevirəm. Dostoyevskini çox həssas nöqtələrə, insan ruhunun gizlinlərinə təmas edə bildiyi üçün seçdim. Bir az da alçaldılmış, təhqir edilmiş insanlara dəyər verməsi səbəbiylə... Dostoyevski Tolstoydan daha zəngin həyat yaşadı. Petraşevski hərəkatına qoşulub çar ailəsinə sui-qəsd hazırlamaq istədi. Həbs olundu, edam hökmü verildi, kəndir boynuna salınan anda çarın əfv qərarı çıxdı, öldürülmədi. İncə ruhlu yazarın ölümü o qədər yaxından yaşaması səhhətinə təsir elədi, eplepsiya xəstəliyi tapdı. Eyni zamanda, ruhuna, psixologiyasına təsir elədi baş verənlər. Bütün bunları yaşayan insan ömrünün sonlarında rus vəliəhdinin tərbiyəçisi oldu. Tanrı adamı bax belə imtahan edir. Bir yandan çara qarşı üsyana qalxırsan, o biri yandan həmin çara vəliəhd yetişdirirsən. O, tatar əsillidir. Litvada anadan olub. Slavyan deyil, rus heç deyil. Amma pravoslav ailədə böyüdü və slavyan şovinizminin banilərindən biri oldu. Xüsusən türklərə qarşı... "Vremya” və "Epoxa” dərgilərində çalışdığı vaxtlar bu fəaliyyətinin ən qızğın dövrünü yaşadı. Onun məşhur bir ifadəsi vardı: dünyanın ən gözəl mənzərəsi budur ki, rus uşağını at, süngünü altına tut. Lakin şübhəsiz ki, böyük yazıçıdır. Məni də cəlb edən onun həyatındakı bax bu ziddiyyətli məqamlar idi.
- Belə bir deyim var ki, Qorki institutu adamları bədbəxt edir...
- Anlayıram nə anlamda deyildiyini. O vaxt sovet dönəmi idi və ədəbiyyat partiya işinin təkərliyi hesab olunurdu. Rusiya sovetlərin bu mirasından imtina etdi. Ancaq bizim yazarlar nə edir? Bu ənənədən əl çəkmək istəmir. Yazıçılar İttifaqı bunun ən bariz nümunəsidir. Bizim biədəb bir atalar sözü var, oxucular bağışlasın: it əl çəkdi, motal əl çəkmədi. Həmin vəziyyətdir. Bu mənada azad düşüncəli yazar üçün çətindir.
- Düşünmək olarmı ki, sizi burdan çıxıb getməyə məcbur edən bu it-motal məhəbbətidir?
- Yox. Mən kifayət qədər ağır həyat yaşamışam. Dörd ölkənin arasında bir balaca daxmam da yoxdur. Hətta doğulduğum yerdə də. Yersiz-yurduz bir adamam.
- Gürcüstan vətəndaşlığından çıxarılmısınız, hətta...
- Gürcüstan vətəndaşlığından 1999-cu il sentyabrın 8-də dönəmin prezidenti Eduard Şevardnadzenin əmri ilə çıxarılmışam.
- Səbəb?
- O vaxt vəziyyət fərqli idi. İndiki Gürcüstandan heç vaxt çıxarılmazdım. Amma deyim ki, öz ərizəm də vardı.
- Yəni, könüllü?
- Demək olar.
- Aydındı. Danışmaq istəmirsiniz...
- Nəsə. Belə alındı. Görünür, ozamnkı Gürcüstanın vətəndaşı olmaq üçün şərtlərə uyğun deyildim.
- Nadinclik eləmisiniz yəqin... "Von iz Qruzii!” də deyilib sizə...
- Keçək oraları. Həm də özüm Azərbaycana gəlmək istəyirdim.
- Azərbaycan vətəndaşı oldunuz?
- O vaxt hamıda sovetdənqalma pasportlar idi, sadəcə Azərbaycan möhürü vurulurdu.
- İndi hara vətəndaşısınız?
- 1999-cu il 8 sentyabrdan heç bir ölkənin vətəndaşı deyiləm. Vətəndaşlığı olmayan şəxsəm.
- Qəribə taledir.
- Altmışı adlamışam, bu dünyada heç nəyim yoxdur. Heç nəyin sahibi deyiləm. Qarışıq bir həyat yaşadım. Oxuyub-öyrəndiklərimi tətbiq eləmək imkanım da olmadı.
- Romanlar, hekayələr yazıla bilərdi amma...
- Özümü kulturoloji istiqamətdə görürdüm. 90-larda, ölkəmizin müstəqilliyinin ilk illərində müəyyən fəaliyyətim də oldu.
- Şeiri də az yazdınız...
- Mənim istəklərimlə şeir bir araya sığmazdı. Mən şair deyiləm. Şair Əli Kərimdir. Məsələn, Rəsul Rza şair deyildi amma. Səməd Vurğun şair idi. Özü də dumduru. Şair olaraq Səməd Vurğun ən çox sevdiyim şəxsdir. Bir də Cavid əfəndini sevirəm. Hətta Cavid əfəndini Səməd Vurğunun üstün tuturam. Çünki, o, həm də toplum mühəndisi idi. Yeni nəslin yetişməsində rol oynayırdı. Təəssüf ki, Cavid əfəndi bu gün də yetərincə araşdırılmayıb.
- Belə deyək: şeir xobbinizdir.
- Bəli. Şair kimi bizim dövrün ən yaxşısı Murad Köhnəqaladır. Onu həm də dost kimi çox istəyirəm. Şairliklə toplum mühəndisliyi bir arada yürüməz. Şairlik çox saf və ülvi bir işdir. Amma onu deyim ki, başıma gələnlərdən ibarət bir roman düşünürəm. 70-lərdən taa bugünəcək. Tanıdığım insanlar da olacaq orda. Bəzi qeydlərim var artıq.
- Siz öz həyatınızı danışdıqca türklərin bir ata sözünü xatırladım: "Doğru söyləyəni doqquz köydən qovarlar.”
- Elə həmin türklər, bu ifadəyə əla bir qarşılıq da tapıb: "Yaşasın onuncü köy!”
- Ankara sizə onuncu köy ola bildimi?
- Ankara dünyanın siyasi və mədəni mərkəzlərindən biridir. Ankara bu gün Moskvadan, Pekindən daha əhəmiyyətli bir yerdir.
- Yazar olduğunu bilirlər?
- Hər halda bilərlər. Çünki çevrəmdəkilər yazı-pozu adamlarıdır elə.
- Bizim ədəbiyyatla tanışdırlar?
- (Çantasından kitab çıxarır) Bu kitab professor Pənah Xəlilovun 90 illiyinə həsr olunub. Burda türk alimi Yavuz Akpınarın 1982-ci ildə Pənah müəllim haqda yazdığı məqalə yer alıb. Elə bir məqalədir ki, heç bunu bizim alimlər yaza bilməz. Dilimizi, ədəbiyyatımızı bilmək baxımından. Bu mənada mənim üçün Ankara ilə Bakı arasında fərq yoxdur. Türklə azərbaycanlı arasında fərq yoxdur. Amma təbii ki, təbliğat baxımından bəzi yanlışlar ola bilər. Məsələn, orda əsl milli şairlərimiz olan Əhməd Cavad və Hüseyn Cavidi o qədər də tanımırlar.
- İnkişaf səviyyələrimiz necə müqayisə edərdiniz?
- Bir ədəbiyyatın gücü məxsus olduğu dövlətin gücü qədərdir. Dövləti olmayan yazar nə yazır yazsın, ciddi nəticə əldə edə bilməz. Bu mənada biz gəncik və təcrübəmiz daha azdır. Amma hər şeyin yaxşı olacağına əminəm. Çünki müstəqil dövlətimiz var.
- Düşünənlər var ki, sovet dövrü ədəbiyyatımız daha yaxşı idi.
- Kökündən yanlış fikirdir. İndiki gənclik, sizin nəsil daha azad və daha maraqlıdır. Sadəcə bu gəncliyin önünü kəsən yaşlı sovet yazıçıları var və sən deyən fikri də onlar aşılayır. Bir ifadə var: dəyişməyən tək şey, dəyişimin özüdür. Hər şey dəyişir və yeniləşir. Gənclərə bir sözüm də var. Məncə, vətənini, millətini, dövlətini sevməyən insan əlinə qələm ala bilməz. Vətənimizi, millətimizi sevsinlər.
.