BMT-nin Baş katibi Antoniu Quterreş bəyan edib ki, İranda etirazçılara qarşı zorakılıqla bağlı xəbərlər onu sarsıdıb.
Müvafiq açıqlama baş katibin "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
"Son günlərdə insanların ölümünə və yaralanmasına səbəb olan zorakılıq və İran hakimiyyəti tərəfindən etirazçılara qarşı həddindən artıq güc tətbiqi ilə bağlı xəbərlər məni sarsıdıb. Fikir ifadə etmək, birləşmək və dinc toplaşmaq azadlığı tam şəkildə qorunmalı və təmin edilməlidir", – deyə açıqlamada bildirilib.
Quterreş həmçinin İran hakimiyyətini maksimum təmkin göstərməyə və lazımsız, yaxud qeyri-mütənasib güc tətbiqindən çəkinməyə çağırıb. O, əhalinin informasiyaya çıxışını təmin etmək üçün, o cümlədən rabitənin bərpası istiqamətində tədbirlər görülməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, İranda etirazlar 28 dekabrda milli valyutanın qəfil dəyərdən düşməsindən sonra başlayıb və o vaxtdan ölkənin ən azı 46 şəhərini əhatə edib. Mövcud məlumata görə, onlarla insan, o cümlədən azı beş uşaq həlak olub, çoxları isə yaralanıb. 8 yanvar axşamı respublikada internet və mobil rabitə kəsilib ki, bu da zorakılığın artması fonunda informasiyaya çıxışı ciddi şəkildə məhdudlaşdırıb.
.
