Azərbaycan tarixinə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran dövrü kimi yazılan 1991-1993-cü ilin yayınadək olan mərhələ, eyni zamanda, müstəqilliyimiz üçün təhlükənin yarandığı illər kimi də xarakterizə olunur. O illərdə ölkəyə idarəçilik qabiliyyəti olmayan, səriştəsiz insanların rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoydu.
Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki respublikamızın, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını zərurətə çevirən də məhz həmin dövrün reallıqları idi. Ümumilikdə Azərbaycan xalqının istəyini əks etdirən 91 nəfər ziyalının 1992-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevə ünvanladığı "Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində o dövrün gerçəklikləri öz əksini tapıb: "Azərbaycan sözün əsl mənasında siyasi, iqtisadi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, "real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində, iflic vəziyyətinə düşmüşdür. Yaşadığımız dövrün səciyyəvi cəhətlərinin, cəmiyyətin inkişaf meyillərinin iqtidar tərəfindən düzgün qiymətləndirilməməsi, fərsiz kadr siyasəti, idarəetmə səriştəsi olmayan təsadüfi adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi respublikamızın onsuz da ağır olan durumunu daha da dərinləşdirir”. Müraciətdə, həmçinin bu məqam da diqqətə çatdırılırdı ki, yeni-yeni partiyaların meydana çıxması fonunda ölkədə ictimai-siyasi həmrəyliyin yaradılması istiqamətində heç bir iş görülmür. Bu siyasi partiyaların rəhbərləri arasında sözün əsl mənasında geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, öz ətrafında müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək, beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur. Müraciətdə bu inam ifadə olunurdu ki, yeni qüvvələrin öncülü, aparıcısı Heydər Əliyev kimi şəxsiyyət olarsa, tezliklə respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar.
29 il əvvəl – 1992-ci il noyabrın 21-də gənc respublikamızda çox əlamətdar hadisə baş vermişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, doğrudan da tarixi hadisə idi. Həmin gündən başlayaraq gənc dövlətimiz üçün dönüş nöqtəsi oldu. Çünki müstəqilliyimizin ilk ayları, ilk illəri hamımızın xatirində keşməkeşli və faciəvi bir dövr kimi qalmışdır. O vaxtkı iqtidarın müstəqilliyi saxlamaq üçün gücü çatmırdı. Eyni zamanda, biz müharibə şəraitində yaşayırdıq və cəbhədə hərbi uğursuzluqlar əlbəttə ki, cəmiyyətimizi böyük dərəcədə sarsıtmışdı. 1992-ci ilin mayında Şuşa və Laçının işğala məruz qalması əlbəttə ki, çox böyük faciə idi. Ancaq 1992-ci ilin ortalarında hakimiyyətə gəlmiş yeni iqtidar ölkəmizi daha da bərbad vəziyyətə qoymuşdu. O vaxtkı iqtidarın bacarıqsızlığı, peşəkarsızlığı, xəyanəti nəticəsində demək olar ki, müstəqilliyimiz əldən gedirdi. Ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül, siyasi sabitsizlik demək olar ki, müstəqilliyimizə böyük zərbələr vurmuşdu. Belə bir şəraitdə cəmiyyətimizin parlaq simaları, ziyalılar, cəmiyyətimizdə böyük hörmətə malik olan insanlar ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərara gəlmişdilər. Təsis konfransının Naxçıvanda keçirilməsi də onunla əlaqədar idi ki, o vaxtkı iqtidar bu tədbirin Bakıda keçirilməsinə imkan yaratmadı. Bu gün özünü demokrat adlandıran, ancaq demokratiyanın nə olduğunu anlamayan o vaxtkı iqtidar imkan vermədi ki, adi demokratik proses paytaxtda həll olunsun. Ancaq buna baxmayaraq, partiyamızın ideyaları, Ulu öndərin müdrikliyi, onun cəmiyyətdəki nüfuzu və rolu partiya qarşısında heç bir maneənin mövcudluğunu nəzərdə tutmurdu. Partiyamızın iqtidara gəlməsi zəruri və labüd idi. Ancaq biz onu da yaxşı xatırlayırıq ki, Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq özünü müxalifət adlandıran indiki qüvvələrdən fərqli olaraq heç vaxt öz dövlətinə, xalqına müxalifətdə olmamışdır. Bizim partiyamız və onun üzvləri bütün dövrlərdə dövlətçiliyə sadiq olmuşdur. Partiyamızın ilk addımları da Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdi. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyevin dühası ilə bağlı idi. O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn Ulu öndər qısa müddət ərzində vəziyyəti sabitləşdirdi və bu, imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun. O ildən bu günə qədər Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir. Ölkəmizdə çox ciddi islahatlar aparıldı. Bütün xoşagəlməz halların qarşısı alındı, sabitlik bərpa edildi, vətəndaş müharibəsinə son qoyuldu. Azərbaycan dünya birliyinə inteqrasiya etməyə başladı. Bizim xarici siyasətimiz nəhayət ki, məqsədyönlü siyasətə çevrildi və bu gün bu siyasət davam etdirilir. O illərdə vacib olan islahatlar bu gün də ölkəmizin inkişafına xidmət göstərir. Həm demokratik, siyasi islahatların dərinləşməsi, həm də iqtisadi sahədə islahatlar demək olar ki, bugünki Azərbaycan reallıqlarını şərtləndirir. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda əslində siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq.
Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir. Yeni Azərbaycan Partiyasının və onun üzvlərinin bu işlərdə çox böyük zəhməti, rolu olmuşdur. Eyni zamanda, gənc nəslin partiyamıza axını bizləri çox sevindirir. Yəni, partiyamızın ideyaları, partiya üzvlərinin hərəkətləri, bizim ciddi siyasi məsələlərin həllində rolumuz, eyni zamanda, beynəlxalq nüfuzumuz əlbəttə ki, cəmiyyətimizin üzvlərini partiyaya daxil olmaq üçün həvəsləndirir.

Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martın 5-də keçirilən VII qurultayı istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. YAP-ın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxıldı. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxışı zamanı Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər saldı, qarşıda duran vəzifələri diqqətə çatdırdı, mühüm fikirlər səsləndirdi. Partiyamızın sədri İlham Əliyev qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin YAP-ı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının formalaşdırılması, milli rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, müstəqil siyasətin həyata keçirilməsi və ən əsası, ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı olan prinsiplər idi. Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu.

Məlum səbəblərdən təsis konfransını Naxçıvanda, müxtəlif bölgələrdən 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının bu gün sıralarında 760 mindən çox üzv birləşir. Partiyanın keçirilən qurultaylarında, tədbirlərində daim onun yaranma səbəblərinə diqqət yönəldilir və qürur hissi ilə qeyd edilir ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, hazırda onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın sıralarında təmsil olunmaq böyük xoşbəxtlikdir.

Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatı Aparatının baş məsləhətçisi
.