Ermənistanda 10 nəfərdə "donuz qripi” aşkar edilib.

Məlumatı Ermənistan KİV-i yayıb.

Ermənistan səhiyyə naziri səlahiyyətlərini icra edən Liana Torosyan hadisəyə münasibət bildirərək onu bəsitləşdirməyə çalışıb: "Gəlin, buna "donuz qripi" deməyək. Hazırda Avropada olduğu kimi, Ermənistanda da adi H1N1 virusu yayılıb”.

Ermənistan Səhiyyə Nazirliyi bildirib ki, yanvarın 8-də "donuz qripi" simptomları ilə 642 vətəndaş poliklinikaya müraciət edib, onlardan 597-nə tənəffüs yollarının iltihabı diaqnozu qoyulub.

Qeyd edək ki, Gürcüstanda A (H1N1) virusundan ("donuz qripi”) ölənlərin sayı 11-ə çatıb.

Gürcüstanın Qori şəhərində isə 22 yaşlı qadın qrip virusunun ağır formasından ölüb.

Qadında əvvəllər şiş olub və o, bir neçə dəfə əməliyyat keçirib.

Qadının ölümünə "donuz qripi” adlandırılan A (H1N1) virusunun səbəb olması laboratoriya şəraitində hələ təsdiq olunmayıb.

Xatırladaq ki, Gürcüstanda "donuz qripi”ndən artıq 10 nəfər ölüb. Ölkədə A (H1N1) virusuna 158 yoluxma halı təsdiq olunub. Bu gündən etibarən Tbilisidə beş klinika 24 saatlıq iş rejiminə keçib.
.