Bildiyiniz kimi, bu gündən Azərbaycanın bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Əvvəlki mərhələlərdə olduğu kimi, bu mərhələdə də istər təhsilalanlar, istərsə də təhsilverənlər, daha geniş ictimaiyyət, valideynlərlə münasibətdə qarşıda olan çağırışlara cavab verə biləcəyik.

Bunu təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, ən əsası təhsilalanların keyfiyyətli şəkildə tədrisini təşkil edə bilməkdir:

"Builki tədris ili əvvəlkilərdən bir neçə xüsusiyyətinə görə fərqlənir. Bu il Azərbaycan məktəblərində tədris ölkənin ərazi bütövlüyü təmin olunduqdan sonra ilk dəfədir ki, açılır. Buna qədər biz Qarabağ və ölkənin ərazi bütövlüyü mövzusunda şagird və tələbələri təlimatlandırırdıqsa, hazırda Zəfərdən sonrakı dövrdə təhsilin məzmununu, dərslikləri dəyişmək baxımından bizim daha çox vaxta ehtiyacımız var".

"Bildiyiniz kimi bu tədris ili Zəfər ili elan olunub. Bununla bağlı müxtəlif tədbirlər, müsabiqələr keçirməyi düşünürük. Zəfər tariximizə həsr olunan ümumrespublika müsabiqəsini qeyd etməliyik. Müsabiqənin qalibləri Zəfər günündə elan ediləcək. Bundan başqa, biz məktəblərdə “Zəfər tarixi” adlı fakültativ məşğələ keçirəcəyik. Bu, dərsdənkənar olacaq, ayrıca bir fənn şəklində tədris olunmayacaq. Artıq lazımi materiallar məktəblərə göndərilib", - Emin Əmrullayev bildirib.

Təhsil naziri: "Müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib"

“Biz hesab edirik ki, oktyabrın əvvəlinə qədər 4 milyon insan hər iki doza üzrə vaksinasiya prosesində iştirak edəcəklər”.

Bunu təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, müəllimlərin 90 faizindən çoxu vaksinasiyadan keçib:

"Vaksinasiyadan keçən hər bir təhsil işçisinə təşəkkür edirəm. Artıq müəllimlərimizin 90 faizindən çoxu bu prosesə qatılıb. Digərləri ya immunitet, ya da əks-göstəriş sertifikatı olduqlarına görə hələ ki vaksinasiyadan keçə bilməyib və yaxud keçmələri mümkün deyil. Az qisim müəllimlə maarifləndirmə işlərimiz davam edir”.

Emin Əmrullayev: "40 minə yaxın tələbəyə kredit vermək imkanımız var"

Azərbaycanda tələbə kreditlərinin verilməsi ilə bağlı Tələbə Kredit Fondu ötən yay tətilii ərzində bir çox işlər görüb.

Bunu təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, fondun nizamnamə kapitalı 80 milyon manatdır:

“Oktyabr ayı ərzində bu sistem işə düşəcək. Elektron sistem olacaq. Həm həssas qrup üçün sosial, həm də standart kreditlər olacaq. Bu sistemdə şəffaflıq mövcuddur, çünki digər sistemlərə inteqrasiya olunub. Tələbələr öz FİN nömrələrini daxil edərək sistemə qoşulacaqlar. Həmin inteqrasiya olmuş sistemlərdən tələbə, onun ailəsi və digər məlumatlar toplanılır. Əgər ailədə əlilliyi olan şəxs varsa, ünvanlı sosial yardım alırlarsa, bu halda tələbə sosial kredit ala bilər. Bütün bu proseslər sistem elektron olduğu üçün bir neçə saniyə ərzində baş verir. Digər hallarda isə standart kredit ala biləcəklər”.

E.Əmrullayev vurğulayıb ki, proses müvəkkil banklar tərəfindən həyata keçiriləcək:

“Bizim 40 minə yaxın tələbəyə kredit vermək imkanımız var. Əgər tələbə müraciət edərsə, kredit veriləcək. Bu, məcburi bir şey deyil, imkandır. Kimsə tələbə krediti almalıdır deyə bir şey yoxdur. Amma tələbənin təhsilini maliyyələşdirmək imkanı yoxdursa, onda tələbə kreditinə müraciət edə bilir. Kreditlər uzunmüddətlidir. Orda bir neçə güzəşt də nəzərdə tutulub. Əgər yaxşı oxuyurlarsa, onlara faiz və ya əsas hissə güzəşt edilir".

.