İşgüzar dairələr Azərbaycan və Belarusun geniş potensialını və qarşılıqlı marağı nəzərə alaraq, əməkdaşlığın gələcək inkişafında fəal rol oynaya bilər və oynamalıdır.
Yenizaman BELTA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov bu gün Minskdə keçirilən Belarus-Azərbaycan Biznes Forumunun plenar iclasında çıxışı zamanı deyib.
“Hökumət və biznes nümayəndə heyətimiz Belarusdadır. Bu da ölkənizlə qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsinə sadiqliyimizi açıq şəkildə təsdiqləyir. Əminəm ki, forum işgüzar dairələrimizə bir-birini daha yaxından tanımaq və yeni tərəfdaşlar tapmaq imkanı verəcək. Bu, Azərbaycan və Belarus sahibkarları arasında əlaqələrin möhkəmlənməsinə və müxtəlif sahələrdə perspektivli layihələrin həyata keçirilməsinə töhfə verəcək”, - o bildirib.
Ə.Əhmədov qeyd edib ki, bu cür görüşlər hökumət və biznes arasında açıq dialoq üçün effektiv platformadır, mövcud problemləri birgə müzakirə etmək və onların həlli yollarını tapmaq mümkündür. Bu gün Azərbaycan və Belarusun iqtisadiyyatları dinamik inkişaf edir, investisiya cəlbediciliyi və daxili bazarların tutumu artır və biznes isə həmişə iqtisadi vəziyyətə aydın reaksiya verib.
Baş nazirin müavini Belarus biznesinin nümayəndələrini Azərbaycan bazarında işləmək üçün əlverişli şəraitlə yaxından tanış olmağa dəvət edib: “Ölkəmizdə xarici şirkətlər üçün əlverişli şərait yaradılıb. Bununla da dövlətin vergi yükünün azaldılması, inzibati maneələrin aradan qaldırılması və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərə şərait yaradılır. Əlverişli investisiya mühitinin bariz göstəricisi son 20 ildə Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların ümumi həcminin 300 milyard dolları ötməsidir”.
Ə.Əhmədov ölkəmizin Belarusla ticari-iqtisadi əməkdaşlığın fəal şəkildə genişləndirilməsinə sadiq olduğunu təsdiqləyib. Əlavə edib ki, Azərbaycanın potensialı tam reallaşdırılmayıb: “İki ölkənin geniş potensialını və qarşılıqlı marağını nəzərə alsaq, işgüzar dairələr əməkdaşlığın gələcək inkişafında fəal rol oynaya bilər və oynamalıdırlar. Azərbaycan və Belarus hökumətləri işgüzar dairələrinin nümayəndələrinə praktik dəstək göstərməyə hazırdırlar”.
.