Bu gün tanınmış yazıçı-dramaturq Elçin Hüseynbəylinin 55 yaşı tamam olur. Yubilyar öz təəssüratlarını Teleqraf.com-la bölüşüb. Yenizaman.az müsahibəni təqdim edir:
-Elçin müəllim, 55 yaşınız tamam olur. Amma yaşınızdan gənc görünürsünüz...
-Görünür, ruhum daha cavandır. Bəlkə də, bu, insanın aurasından asılıdır. İnsan nə qədər pozitiv olub, içində nə qədər xoş enerji, işıq daşıyırsa, o qədər cavan təsiri bağışlayır. Amma son zamanlar üzümdə-gözümdə qırışlar yaranmağa başlayıb. Mənə elə gəlir bu, bizim torpaq itkimizlə bağlıdır. Mən qarabağlıyam, cəbrayıldanam, daim yurd, torpaq həsrəti ilə yaşayıram. Enerjimin kökü olan torpaqlara gedib, babalarımızın ruhu ilə birləşə bilsəydim, tam səmimi deyirəm, daha çox cavan qalardım.
-Doğum gününüzü kimlərlə keçirəcəksiniz?
-Bu gün evdəyəm, ailəmlə birgə keçirəcəm. Ola bilsin bəzi dostlarımız da bizə baş çəksin. Artıq bu barədə qulağıma müəyyən sözlər gəlib çatıb. Amma fikirləşirəm ki, doğum günümü bir neçə dəfə qeyd edim. Qələm dostlarımla ayrı, "kruq” dostlarımla ayrı...
-Kimdənsə zəng gözləyirsinizmi?
-Açığı, deyim ki, mən doğum günlərinə xüsusi diqqət və önəm verən adam deyiləm. Bu da, görünür, yaşla əlaqədardır. Adətən, insan uşaqlıqda ad gününü keçirmək istəyir, hərçənd uşaqlıqda ad günü keçirmək bizim kənddə dəb olmayıb. Bir də mən eşitdiyimə görə insan yaşlaşanda özünə diqqət gözləyir və istəyir ki, ad günündə onu təbrik edib, hədiyyələr versinlər. Deyirlər insan yaşlaşanda uşaqlaşır, yəqin bunun təsiri var. Dostlar sağ olsun, səhərdən zəng edirlər, eyni zamanda, feysbukda çoxlu təbrik almışam. Bu gün "525-ci qəzet”də şabranlı dostumuz Aydın Tağıyevin mənim haqqımda yazdığı məqaləsi çap olunub. Onu da alıb oxumuşam.
-Yazıçılar Birliyindən təbrik almısınızmı?
-Dünən bir məclisdə idik. Anar müəllim mənim haqqımda xoş sözlər dedi və bir gün qabaq ad günümü təbrik etmiş oldu. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət teleqram vurmuşdu. Ayın 26-ı Teatr Xadimləri İttifaqında 55 illiyimlə bağlı görüş olacaq. Ardınca müəllifi olduğum "Qaçaq qocalar” tamaşası göstəriləcək. Yazıçılar Birliyindən də orda iştirak edənlər olacaq. Güman ki, Anar müəllim də gələcək. Yazıçılar Birliyində də tədbir keçirmək təklifi var idi, amma mən ehtiyac görmədim. Düşünürəm ki, belə böyük, təmtəraqlı keçirməyə elə bir əsas yoxdur.
-55 yaş bir yazı adamı üçün çox ciddi yaşdır. Yaradıcı ömrünüzdən razısınızmı? Nələri deyib, nələri deyə bilməmisiniz?
-Əslinə qalsa, yaş formal xarakter daşıyır. Deyir insan özünü hansı yaşda hiss edirsə o yaşdadır. Düzü, mən özümü 55 yaşda hiss etmirəm. Bu da, görünür, həyat eşqimdən, sevgimdən, yaradıcı impulslarımdan irəli gəlir. Bədbin, pessimist tiplərə aid deyiləm. Mən ovqatda olan insanam. Bir deyimim var: bədbinlər həyatda iki dəfə ölüm, nikbinlər isə iki dəfə həyat arzulayırlar.
O ki qaldı yaradıcılığa... Hesab edirəm ki, mən həm nəsr, həm publisistika, həm dramaturgiya sahəsinə çox enerji sərf etmişəm. 1989-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetini bitirib gələndə çox qarışıq vaxta təsadüf etmişdi: bir tərəfdən SSRİ dağılırdı, yeni quruluş yaranmalı idi, bir tərəfdən Qarabağ müharibəsi başlamışdı, biz çox böyük informasiya blokadasında idik. Ona görə istəyirdik burda müəyyən informasiya agentlikləri yaratmaqla blokadadan çıxışa öz töhfəmizi verək. Açığı deyim ki, o dövrdə çox böyük enerji sərf etdim. Bunu ola bilsin ki, indiki nəsil bilmir, bəzi adamlar isə bilir, amma düşünürlər ki, mənim xidmətlərini qabartsalar, özləri kölgədə qalar. Ancaq bu, tarixdir.
Təxminən 1996-cı ildə yenidən ciddi şəkildə yaradıcılıqla məşğul olmağa başlamışam. Bəlkə də, lazım olduğundan artıq yazmışam, lazım olduğundan artıq enerji xərcləmişəm. Bunu dəqiq deyə bilmərəm. Amma yazdıqlarımın hamısından razıyam, hamısının altından qol çəkirəm.
-Uzun müddətdir Yazıçılar Birliyində müxtəlif vəzifələrdə çalışırsınız. Bəzən deyirlər "Ədəbiyyat” qəzetindən çıxandan sonra təyin olunduğunuz vəzifə formal xarakter daşıyır. Maraqlıdır, ora hər gün gedirsinizmi, nə işlə məşğulsunuz, əvvəlki vəzifələrinizdən fərqi nədir?
-Fərqi ondan ibarətdir ki, mən indi daha rahatam. Yazıçılar Birliyində müşavirəm. "Ədəbiyyat” qəzetindən istefa verəndən sonra həmin günün səhəri Yazıçılar Birliyində müşavir kimi işə başlamışam. "İki od arasında” romanını yazanda Anar müəllimdən icazə aldım ki, işə ara-sıra gəlim. Çünki tarixi roman yazmaq oturaq həyat tərzi tələb edir. Oturmalısan ki, oxuyasan, qeydlər aparasan, araşdırasan. Ona görə mən təxminən 10 ay fasilələrlə Yazıçılar Birliyinə getdim. Amma romanımı bitirəndən sonra hər gün işə gedirəm. İşə gedirəm, ordan maaş alıram və işimdən də həyat tərzimdən də razıyam. Çox rahatam.
İnsanlar baş verən hadisəyə müxtəlif cür yanaşır. Xeyirxahlar onu yaxşılığa, pisniyyətlər isə pisliyə yozurlar. Mənə elə gəlir ki, son dövrlər istər vəzifəm, istərsə də yaradıcılığımla bağlı mənə münasibətdə xeyirxah insanlar 90 faiz təşkil edib. 10 faizə də o qədər əhəmiyyət vermirəm. Nikbinliyim həm özümə, həm yaradıcılığıma, həm ətrafımda olan insanlara olan inamdan gəlir. Möhkəm olmaq lazımdır. İnsan haqqında kim nə deyir, kim nə yazır – hamısı boş şeydir. Çünki insan özü bilir ki, əslində, kimdir.
Dünyanı və həyatı görə-görə gəlmişəm. Bütün bunlar həyat tərcrübəsidir. Ona görə düşünürəm ki, insan heç bir məqamda özünü itirməməli və küyə getməli deyil. Hər şey yaxşıdır, bundan sonra da yaxşı olacaq.
-"Ədəbiyyat” qəzetinin hazırkı fəaliyyətini izləyirsinizmi?
-İzləyirəm.
-Səviyyədən razısınızmı?
-Azər Turan öz səviyyəsinə uyğun qəzet çıxarır. İndi mən ona hansı şərh verə bilərəm? Qəzetdir, yaxşı nömrələri də ola bilər, pis nömrələri də...Yaxşı yazılar da gedir, insanın qəbul etmədiyi yazılar da. Qəzet dinamik orqandır, fəaliyyət göstərir, insanların yazıları orda çap olunur. Dəqiq bilmirəm, amma deyəsən, qonorar azdır. Mənim dövrümdə qonorar yüksək idi. Çünki düşünürdüm ki, yaradıcı insanlar yaxşı qonorar almalıdır. Ümumən düşünəndə "Ədəbiyyat” ədəbi müstəvidə tanınan qəzetdir.
-Bəs "Ulduz” jurnalı?
-"Ulduz” jurnalı da yaxşıdır, maraqlıdır. Qulu çalışır ki, müəyyən yeniliklər eləsin.
-Heç öz-özünüzə deyirsinizmi ki, kaş o postların birində olaydım?
-Yox. Heç vaxt ağlımdan keçməyib. Mən irəli baxan adamam. Quludan söz düşmüşkən, onun bir suala çox maraqlı cavabı vardı. Bir dəfə soruşdular ki, geri qayıtsaydınız, yenə şair olardınızmı? Qulu dedi hara qayıdım, yenidən cavan olub, yenə kirayələrdə qalım, yenə o zülmləri çəkim? İndi onun sözü olmasın, mən də geri qayıtmaq istəmirəm. Geridə qalan, sadəcə, mənim bioqrafiyamdır. Bundan da imtina etmirəm. Düşünürəm ki, gələcəkdə həyat daha ciddi dönüşlər edəcək, qarşımda perspektivlər açacaq. Düzdür, 55 yaşı çox adam böyük yaş hesab edir, ancaq mənə elə gəlir ki, insan ömrü üçün 55 yaş çox azdır. Ömrü şərəflə, kişi kimi yaşamaq lazımdır. Elə yeriməlisən ki, səni yerişindən tanısınlar. Desinlər gələn bu kişidir. Yoxsa küncdə-bucaqda gizlənə-gizlənə, qorxa-qorxa gəzənlərin aqibəti yaxşı olmur.
-İrəliyə getməkdən danışdınız. İrəlidə Yazıçılar Birliyinin sədrliyi də görünə bilərmi?
-Yox-yox! Mən struktur baxımından demirəm. Sədrimiz var, Allah canını sağ eləsin. Gələcəyə də heç kim, heç vaxt proqnoz verə bilməz. Mən, sadəcə, həyatı, yaradıcılığı, öz ətrafımızı, balalarımızı deyirəm. Çünki onlara enerji xərcləmişik. Vəzifə isə boş şeydir. Bilirsən, yazıçının vəzifəsi yaxşı yazıçı olmaqdır. Əgər sən ciddi əsərlərinlə yox, yalnız vəzifənlə tanınırsansa, bir gün ordan ayrılandan sonra vəzifənlə birgə ədəbiyyatdan da gedəcəksən. Amma yaxşı əsərlər hansı vəzifəni tutmağından, harda olmağından asılı olmayaraq səni həmişə ayaqda saxlayacaq və ədəbi cameədə haqqını qoruyacaq.
Mövlud Mövlud
Nərmin Muradova
.