Ölkədə insanlar dərmanların keyfiyyəti və qiymətindən çox narazıdır.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, hətta qiymətlər qardaş Türkiyə ilə müqayisədə kifayət qədər yüksəkdir:

“Dərman preparatlarının qiyməti, keyfiyyəti və əldə olunması ilə bağlı xeyli problemlər var. Mən aidiyyəti qurumlarla bu məsələni müzakirə edəcəm və düşünürəm ki, payız sessiyasında dərmanların qiymətləri, keyfiyyəti və əldə olunması ilə bağlı da dinləmə keçirək. Hesablama Palatası Səhiyyə Nazirliyində bu işlə məşğul olan qurumda artıq yoxlamalar keçirib və bizə təklif edib ki, bununla bağlı bizim komitə ilə müzakirələr keçirsinlər. Dinləməyə apteklərin nümayəndələri, bu sahə ilə məşğul olan insanları çağırmalıyıq. İnsanların bu narazılıqları araşdırılmalıdır”.

Onkoloji xəstəliyin müalicəsinin icbari tibbi sığorta çərçivəsində qarşılanmamasının səbəbləri açıqlanıb

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov onkoloji xəstəliyin müalicəsinin icbari tibbi sığorta çərçivəsində qarşılanmamasının səbəblərini açıqlayıb.

Komitənin bugünkü iclasında çıxış edən Ə.Əmiraslanov bildirib ki, onkoloji xəstəliklərin müalicəsi çox bahalı olduğundan bunu icbari tibbi sığorta qarşılaya bilmir.

O qeyd edib ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri ilə dəfələrlə müzakirə aparılıb:

“Lakin həmin xəstəliyin müalicəsi çox bahalıdır və icbari tibii sığorta bunun altına girə bilmir. Hər dəfə Azərbaycanda onkoloji xəstəliklərin müalicəsinə büdcədən ayrılan vəsaitin artırılması məsələsini qaldırıram. 10 ildir büdcədən onkologiyaya ayrılan vəsait 42 milyondur və artmır. Bu gün ölkədə böyük onkoloji klinikanın fəaliyyəti dayanmaq üzrədir. Çünki artıq oradakı avadanlıqların istifadə müddəti bitir. 10-15 ildir həmin avadanlıqlar dayanmadan işləyir. Amma büdcə müzakirələrində mən bu məsələni qaldıranda mənə deyirlər ki, dürüstləşmədə baxılacaq və s. Amma bu vəsait artmır. Digər tərəfdən büdcədən vəsaitin artması ilə bu problemin həlli mümkün deyil. Bunun həlli onkoloji xəstəliklərin də icbari tibbi sığorta vasitəsilə qarşılanmasıdır. Bu məsələ öz həllini tapmalıdır.

Tək bu xəstəlik də deyil. Bu gün başqa xəstəliklər var ki, icbari tibbi sığorta qarşılamır. Nəzərə almaq lazımdır ki, bu gün bir sıra xəstəlikləri icbari tibbi sığorta qarşılayır. Hətta orqan və toxuma köçürülməsinin bir hissəsini icbari tibbi sığorta çərçivəsində ödənilir. Bu da müsbət haldır. Biz növbəti dəfə agentliklə müzakirələrimiz zamanı insanları ən çox narahat edən sahələri müzakirə edəcəyik”.

Komitə sədri eyni zamanda əlavə edib ki, COVID-19 pandemiyası ilə bağlı Milli Məclisdə dinləmələr keçiriləcək:

“Koronavirus artıq sönməyə başlayıb, ancaq yenə də diqqətli olmaq lazımdır. Arxayınlaşmamalı və ehtiyatı əldən verməməliyik. Hesab edirəm ki, bu məsələ ilə bağlı dinləmələr keçirməyə ehtiyac var. COVID-19 ilə bağlı ölkədə olan vəziyyət və görülən tədbirlərə dair dinləmələrin keçirilməsi faydalı ola bilər”.

Deputat: "Azərbaycanda onkoloji xəstələrin sayı artaraq 60 minə çatıb"

"Azərbaycanda onkoloji xəstələrin sayı artıb və bu rəqəm, təxminən, 60 minə yaxınlaşıb".

Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Kəmaləddin Qafarov deyib.

Onun sözlərinə görə, hazırda 1 600-ə qədər onkoloji xəstə stasionar şəraitdə müalicə alır və müraciət edənlərin də sayı çoxdur.

Deputat hesab edir ki, onkoloji xəstələrin müalicəsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasına ehtiyac var: “Bu xəstəlik ya icbari tibbi sığortaya daxil edilməli, ya da bunun üçün ayrıca böyük büdcə ayrılmalıdır”.

.