Fars körfəzi sahilində yerləşən ölkələrin iştirakı ilə regional toplantının keçirilməsi planlaşdırılır.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında bildirib.
Bəqainin sözlərinə görə, toplantı İran, İraq və Fars körfəzi sahilində yerləşən digər ölkələrin iştirakı ilə bazar ertəsi Omanda keçiriləcək.
O, tədbirin region ölkələri arasında qarşılıqlı anlaşmanın inkişafına və regional ümumi təhlükəsizliyin gücləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Bəqai deyib ki, görüşdə digər regional məsələlərlə yanaşı, Hörmüz boğazı üzrə İran-Oman danışıqlarının nəticələri də müzakirə olunacaq.
İran XİN sözçüsü İran və Oman arasında Hörmüz boğazında müvəqqəti gəmiçilik marşrutları ilə bağlı əldə olunan razılaşmanı da xatırladaraq qeyd edib ki, İran İslam Respublikası Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün səylər göstərməyi öz öhdəliyi hesab edir.
“Lakin ABŞ-ın təcavüzkar addımları və qanunsuz müdaxilələri, o cümlədən dəniz blokadası və iqtisadi müharibəsi davam etdiyi müddətdə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə zəmanət vermək mümkün deyil”, - Bəqai əlavə edib.
.
