Köləliyin müasir forması olan insan alveri ilə mübarizə bir an belə səngimir.
Bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində deyib.
O bildirib ki, ölkəmizdə insan alveri ilə mübarizə sahəsində həyata keçirilən islahatlar beynəlxalq aidiyyəti təşkilatların hesabatlarında yüksək qiymətləndirilib: “İnsan alveri ilə mübarizə sahəsində beynəlxalq çağırışlara cavab verən qanunvericilik sahəsində dəyişikliklər hesabat ilində də davam etdirilib. Milli Fəaliyyət planı icrasında iştirak edən qurumların siyahısı dəqiqləşdirilib. İnsan Alveri qurbanları üçün yardım mərkəzinin yaradılması, təxirəsalınmaz tibbi və psixoloji yardımlar göstərilməsi TƏBİB-in səlahiyyətlərinə aid edilib. İnsan alverinə qarşı mübarizədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi üçün müxtəlif ölkələrdə ezamiyyətlərdə olan əməkdaşlarımız var”.
Həzi Aslanov qeyd edib ki, insan alveri cinayəti törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi hesabat ilində 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 % çox olub: “Biz artıq sovet dövründəki kimi bu il 10 cinayət müəyyən edilibsə, gələn il bu say 15 olmalıdır prinsipi ilə bu işə yanaşmırıq. Şükürlər olsun, müstəqilliyimiz əldə olunandan sonra belə prinsiplər aradan qalxıb. Bu növ cinayətlərin sayı demək olar ümumi cinayətlərin tərkibində stabil olaraq qalır, ümumi cinayətlərin tərkibində insan alveri cinayətləri çox cüzi faiz təşkil edir, heç 1 % deyil. Bu növ cinayətlər hər il 15-19 arası olur. İnsan alveri və məcburi əmək cinayətləri sahəsində müəyyən edilən 91 insan alveri qurbanlarının hamısı Azərbaycan vətəndaşı olub”.
.