“Hazırda Qərbin hərtərəfli dəstəyinə baxmayaraq, Ukrayna çox saylı insan itkisi olmadan Rusiyanın işğalındakı ərazilərini azad etmək gücündə deyil. Biz həmin torpaqları heç vaxt Rusiyanın ərazisi kimi tanımayacağıq. Biz sadəcə istəyirik ki, Ukrayna müstəqil, suveren dövlət kimi mövcudluğunu qorusun”.

Bunu BBC-yə verdiyi müsahibəsində Çex Respublikasının Prezidenti Petr Pavel deyib.

O, rəsmi Moskvanın müharibə arqumentlərini, habelə Rusiya Prezidenti Vladimir Putinin Ukrayna üzrə nizamlanma danışıqlarının tərəfi olaraq yalnız Ağ Ev rəhbəri Donald Trampı gördüyünə dair fikirlərini də şərh edib:

“Mən Rusiyanın müharibə arqumentlərinə inanmıram. Prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun arqumentləri belədir ki, Ukrayna Rusiyanın bütün şərtlərini qəbul etsin. Bu, kompromis yox, Ukraynanın bütövlükdə nəzarət altına alınması deməkdir. Prezident Putin deyib ki, o danışıqların tərəfi kimi yalnız Donald Trampı görür. Bu, Avropanı danışıqlar masasından tamamilə uzaqlaşdırmaq deməkdir. Bu isə Avropanın təhlükəsizliyinə təhdiddir. Biz hesab edirik ki, Ukraynaya hərbi dəstəyin verilməsi son dərəcə vacibdir”.

Petr Pavelin toxunduğu növbəti məsələ isə Rusiya iqtisadiyyatının hazırkı vəziyyəti ilə bağlı olub:

“Rusiyanın iqtisadi vəziyyəti hazırda üzləşdiyi təzyiqlərə uzun müddət tam gətirə bilməyəcək. Tez və ya gec Rusiya irəli sürülən bütün şərtləri qəbul edəcək və danışıqlar masasına əyləşərək, müzakirələrdə iştirak edəcək. ”

.