44 günlük Vətən müharibəsinin başlanmasından artıq bir il ötür. Ötən dövr ərzində azad edilmiş ərazilər minalardan təmizlənir, bərpa olunur, əhalinin öz torpaqlarına qaytarılması ilə bağlı sürətli işlər həyata keçirilir. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfərindən sonra həmin torpaqlarda erməni vandalizminin izləri silinir, tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrastruktur layihələri reallaşdırılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Bir sözlə Qarabağımıza yeni nəfəs gəlir. 4 oktyabr 2021-ci il tarixində Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı da görülən quruculuq bərpa işlərindən bəhs edilmiş, 44 günlük Vətən müharibəsinin şanlı qələbəsindən söz açılmışdır. Ümumiyyətlə, ölkə başçımız görüşdə bir çox məqamlara toxunmuş və həm daxili, həm də xarici auditoriya üçün olduqca vacib mesajlar vermişdir. İlk öncə dövlət başçımız Cəbrayılın işğaldan azad olunmasının vacibliyindən danışaraq, bu əməliyyatda Silahlı Qüvvələrimizin fədakarlığından, qəhrəmanlığından, əsgərlərimizin, zabitlərimizin ölümə irəlilədiyindən və torpaqlarımızın şəhidlərimizin canı ilə, qanı ilə geri alındığından bəhs etdi. O da vurğulandı ki, Cəbrayıl əməliyyatının əsas əhəmiyyətli tərəflərindən biri də məhz bu istiqamətdə bir neçə zolaqlı istehkamların olması ilə bağlı idi. Əsgərlərimiz bu istehkamları yarıb keçmiş, Cəbrayılı işğaldan azad etmiş və Ordumuza, xalqımıza böyük ruh yüksəkliyi bəxş etmişdir. Beləliklə 2016-cı ilin Aprel döyüşləri zamanı başlanğıcını götürən Cəbrayılın azad olunma prosesi 2020-ci ilin 04 oktyabr tarixində sona çatmış və Cəbrayıl şəhəri düşməndən təmizlənərək öz doğma sahiblərinə qaytarılmışdır. Şübhə yoxdur ki, bundan sonra 04 oktyabr tarixi daim xalqımızın tarixində unudulmaz gün kimi qalacaqdır.

Hazırda Cəbrayıl şəhərində artıq işğalın izləri silinir, bərpa-quruculuq layihələrinə start verilir. Belə ki, Cəbrayılın işğaldan azad olunmasının birinci ildönümünü qeyd etdiyimiz gün ölkə başçımız Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Zəfər və İşğal muzeylərinin, “Araz Vadisi İqtisadi Zonası”nın təməllərini qoymuş, həmçinin “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir. Bundan başqa, Cəbrayıl rayonunun elektrik təchizatı ilə bağlı mühüm işlər görülmüş, oktyabrın 4-də Cəbrayıl yarımstansiyası istifadəyə verilmişdir. Əlavə olaraq, Cəbrayıla 4-6 zolaqlı yol çəkilməkdədir. Bütün bunlar məhz bu ərazilərdə bərpa quruculuq işlərinin sürətinin bariz nümunəsidir. Qeyd edək ki, cənab İlham Əliyev çıxışı zamanı “Araz Vadisi İqtisadi Zonası”nın yaradılmasının mahiyyətindən də danışdı. Bu lahiyə 200 hektarı əhatə edən böyük bir lahiyədir və artıq lahiyəyə maliyyə vəsaiti də ayrılıb. O da bildirildi ki, Rusiya dövləti də artıq bölgəyə investisiya qoymağa başlayıb. Bütün bunlar göstərir ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Ölkə başçımızın ictimaiyyət nümayəndələri ilə görüşü zamanı etdiyi çıxışında vurğuladığı məsələlərin içində xüsusilə diqqət çəkən başlıqlardan biri sülh danışıqları ilə bağlı oldu. Belə ki, məlumdur ki, Azərbaycan müxtəlif platformalarda dəfələrlə bəyan etmişdir ki, sülh danışıqlarına başlamağa hazırdır. Indi isə Ermənistanın baş naziri Nikol Paşinyan da hazır olduğunu bəyan etmişdir. Eyni zamanda onu da xatırlatmaq istərdim ki, qısa zaman öncə iki ölkənin Xarici İşlər Nazirləri BMT Baş Assambleyasının sessiyası əsnasında görüşmüş və görüş konstruktiv keçmişdir. Beləliklə, ümid etmək olar ki, qısa zamanda iki ölkənin rəsmiləri görüşlər keçirəcək və bölgənin gələcəyi üçün çox böyük əhəmiyyət daşıyan sülh müqaviləsi ilə bağlı razılığa gələcəkdir. Beləliklə, Azərbaycan dövləti daim sülhün tərəfdarı olmuş, müharibədən sonra belə Ermənistanla qarşılıqlı əməkdaşlığa razı olduğunu bəyan etmişdir. Əlbəttə, bölgədə sülhün bərqərar olmasında Türkiyə-Rusiya əməkdaşlığının da danılmaz rolu vardır. Bölgədə sabitliyin davam etməsi və bərqərar olmasında hər iki dövlətin səyləri təqdirəlayiqdir. Əgər Ermənistan tərəfində də siyasi iradə olarsa bölgədə uzun müddətli sülhün olacağına şübhə yoxdur.

Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatı Aparatının məsləhətçisi

.