
Bu gün Heydər Əliyev Mərkəzində Türkmənistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib.
APA xəbər verir ki, açılış mərasimində çıxış edən Türkmənistan mədəniyyət nazirinin müavini Nurşəhet Şirimov Mədəniyyət Günlərinin xalqlarımızın daha da yaxınlaşmasına və mədəni əlaqələrin inkişafına mühüm töhfə olacağını qeyd edib.
Bildirilib ki, mədəniyyət günləri çərçivəsində oktyabrın 15-dək Bakı və Gəncə şəhərlərində Türkmənistanın musiqisi, dekorativ-tətbiqi sənəti, muzey eksponatları və mətbəx nümunələrinin geniş təqdimatı olacaq.
Eyni zamanda, Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin də açılışı nəzərdə tutulur.
Mədəniyyət günləri münasibətilə Türkmənistanın mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycana səfərə gəlib.