Axar.az Azərbaycanın dünya şöhrətli muğam ustası Alim Qasımovun doğum gününə yazı hazırlayıb. Yazının əhəmiyyətini nəzərə alaraq, böyük sənətkarımızı təbrik etmək üçün onu Yenizaman.az saytında da ictimailəşdirdik.
O, 1957-ci ilin bu günü - 14 avqustda Qobustan rayonunun Nabur kəndində doğulub. O, 1978-1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983-1989-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb.
1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qalibi olub. Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumunda ən yüksək mükafata - Qran-priyə layiq görülüb.
1988-ci ildə ABŞ Milli Folklor Festivalında xüsusi Diploma layiq görülüb və həmin ildə də Azərbaycan əməkdar artisti adı alıb. 1993-cü ildə Azərbaycan xalq artisti adı qazanıb.
Həmin ildə Fransada, 1994-cü ildə isə Hyustonda musiqi medalı ilə təltif olunub. "Humay” mükafatına, İMC YUNESKO Beynəlxalq Musiqi Mükafatına və Almaniyada musiqi medalına layiq görülüb. 2000-ci ildə "Avropa Dünya Musiqi xəritəsi”ndə 9-cu yeri tutub. "Almaniya Fonoqrafik tənqidçiləri”nin diplomuna layiq görülüb və həmin şuranın fəxri üzvü, 2000-ci ildə Avropa Nadir Səslər Assambleyasının üzvü seçilib.
2003-cü ildə yenidən YUNESKO mükafatı alıb. Həmçinin musiqi aləmində ən yüksək ödül - Aaxen mükafatı qazanıb.
Hazırda Asəf Zeynallı adına Musiqi Məktəbində və Bakı Musiqi Akadamiyasında çalışır. Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.
Onun müsahibələri zamanı musiqi və insanlıq haqqında ifadə etdiyi fikirlərindən bir neçəsini təqdim edirik:
İfam zamanı hansı məqamda olduğumu bilmirəm. Oxuyanda bu aləmdən başqa aləmə adlayıram, ora tamam başqa aləmdi, ayrı eşq gəlir adama, bunu izah eləyə bilmirəm...
***
Bir vaxtlar Qədir Rüstəmova da dəli deyirdilər. Halbuki oxuyanların içində onun kimi ağıllısı yox idi. O, sadəcə, istədiyini edir, könlü istəyən kimi yaşamaq istəyirdi. Əlbəttə, hərdən cəmiyyət belələrinə dəli kimi də baxır. Daha demirlər ki, bu insan, sadəcə, bəzi lazımsız şeylərdən qaçıb azad olmaq istəyir.
***
Bu sənət təkcə səslə bağlı deyil. Musiqi duyumu, ritm, nitq qabiliyyəti, söz, yaddaş, üstəlik çoxlu zəhmət... bütün bunlar hamısı cəm olanda dünyəvi sənətkar yetişir.
***
Ailədə ata, anama kömək etmişəm. Təsərrüfatımız, mal-qaramız çox olub. Yadımdadır ki, uşaq olanda ata-anamla Sabunçu vağzalında ağartı məhsulları satırdıq. Bir az böyüyəndən sonra fəhlə işlədim. Sonra isə sürücü işlədim. Əsgərlikdə də sürücülüklə məşğul olmuşam. Axırda gördüm ki, heç nə əmələ gəlmir, muğama üz tutdum.
***
Mənə elə gəlir ki, sənətkar gərək özü-özündən zövq ala bilsin. Mədəni hissiyyatla yaşaya bilsə, mütləq kənardakı da həmin hissi tuta biləcək. Nə bilim əlimi belə qoysam, o nə deyər, belə qoysam, başqası nə deyər. Məncə, bu cür kompleksli davrananda sənət yarımçıq olur.
***
İnsan yalanların içində məhv olub gedir. Mənim ağlım o səviyyəyə çatmadığından, Allah o "zirəkliyi” mənə vermədiyindən mənim üçün yeganə yol düzgünlükdür. Sadəlik və doğruluqdan başqa yola gedə bilmərəm. O birilərə qarşı səbrim də yoxdur. İnsanlar heç vaxt pis doğulmur. Sadəcə çapalaya-çapalaya zəmanə ilə vuruşub dəyişirlər. Pisliyə doğru dəyişən insanlarda təqsir yoxdur.
.