Yenizaman.az Teleqraf.com-a istinadən "Azərbaycanfilm” kinostudiyasından bəhs edən bu yazını təqdim edir:
Fotoqrafımız Elçin Murad görüşəcəyimiz məkana on dəqiqə öncə çatıb, mənə zəng edəndə Aydın Dadaşovun Arif Babayev barədə yazdığı kitabdan bir əhvalat yadıma düşdü.
Bir gün Babayev gecə yarı Rasim Ocaqova zəng edib, kinostudiyada işıqların yanılı qaldığını deyir. Rasim Ocaqov taksiylə kinostudiyaya gələndə nə görsə yaxşıdı? Arif Babayev əlində araq, soğan-çörək onu gözləyir.
Elçinin isə nə arağı vardı, nə də soğan-çörəyi. Əvəzində çörək ağacı olan fotoaparatıyla gəlmişdi. O fotoaparatla 90 ildən çox yaşı olan "Azərbaycanfilm” kinostudiyasında gördüklərimizi lentə alacaqdı.
"Azərbaycanfilm”in adı bir neçə dəfə dəyişdirilib. İndiki binaya 1965-ci ildə köçüblər. Yeni binanın əsası 1951-ci ildə qoyulsa da, 15 ildən sonra hazır olub. 1966-cı ildə bu binada artıq kino istehsalına başlanıb.
Səslərlə məşhurlaşan studiya
Kinostudiyanın İstehsalat şöbəsində çalışan Çimnaz xanımın bələdçiliyi ilə bu böyük, geniş məkanla tanışlığa "Səsyazma” dublyaj studiyasından başlayırıq.
Hələ sovet dönəmində məşhur olan "Azərbaycanfilm”in dublyaj studiyası orta və yaşlı nəslin yadından çıxmır. Bu studiya haqqında saysız məlumatlar yayılıb. Yusif Vəliyev, Səməndər Rzayev, Hamlet Xanızadə, Həsən Məmmədov, Həsənağa Turabov, Həsən Əbluç, Əminə Yusifqızı və s. sənətkarların bir zamanlar səsləndirdikləri filmlər indi də yaddaşlardadır. Arada telekenallarımızdan bəziləri onların səsləri ilə dublyaj olunmuş xarici filmləri efirə verərkən adi tamaşaçı da müasir və o dövrkü səsləndirmənin fərqini hiss edir. Amma indi bu "Səsyazma” studiyasının həcmi kiçilməklə bərabər adıçəkilən sənətkarlar da köhnə filmlər kimi yoxa çıxıblar. Deyilənə görə, mərhum sənətkarımız Səməndər Rzayev ağır filmləri içməmiş səsləndirə bilmirmiş.
O zamanda çəkiliş meydançasında canlı səsyazma olmadığına görə bütün filmlər sonradan səsləndirilməli idi. Bəzən səsləndirmə zamanı rolu oynayan aktyor kənarda qalırdı.
Hər kəsin sevərək izlədiyi "Axırıncı aşırım” filmində Kərbalayi İsmayıl rolunu Adil İsgəndərov oynayıb, amma rolu Yusif Vəliyev səsləndirib. "Bəyin oğurlanması” filmində Elxanı oynayan Füzuli Hüseynovu Rasim Balayev səsləndirib. Bu, çoxsaylı faktlardan ikisidir.
"Səsyazma” studiyasına gedəndə yolüstü nəğməkar şair, studiyanın redaktoru İsmayıl Dadaşov qarşımıza çıxır. Çimnaz xanımla hal-əlval tutandan və bizim jurnalist olduğumuzu biləndən sonra qaçmağa çalışır. Amma Çimnaz xanımın şirin dili onu fikrindən yayındırır.
-Uşaqlar saytdan gəliblər, reportaj edəcəklər. Sən də gəl...
-Məni belə görkəmdə çəkməsələr yaxşıdır.
-Belə çox gözəlsən, gəl bəri. Mehmanın yanında durarsan, qaqaş-qaqaş danışarsınız.
Studiyaya girəndə bizi çox tanış bir səs oxuduğu mətnlə salamlayır...
"İlk insan ən vacib ehtiyacları üçün daşdan istifadə edib”.
Əməkdar artist Elşən Rüstəmovdur. Elşən bəyi otaqda görmək mümkün deyildi, çünki iş prosesindəydi, şüşənin o tərəfində sənədli filmin mətnini oxuyurdu. Bu başda isə studiyanın direktoru Mehman Nadirov, rejissor Adil Azay, ssenari müəlliflərdən biri Ramil Ələkbərov əyləşmişdi. Yolumuz uzun olduğundan yaradıcı heyətə uğurlar arzulayıb, onları tərk etdik.
Qəribə hisslərin ağuşunda
Divarlardakı filmlərdən olan eskizləri çəkə-çəkə Mehman bəy də studiyada işini bitirir. 14 ildir kinostudiyada çalışan Çimnaz xanım bizi Mehman bəyə həvalə edib, sağollaşır.
Mehman bəy bizi "Tamaşa salonu” ilə tanış edir. Dediyinə görə, onu bura direktor Cəmil Əlibəyov işə götürüb. 34 ildə kimlərlə işləməyib ki... "Həyatım burda keçib. Ona görə bura mənim həyatımdır” deyir Mehman müəllim...
Bu salon köhnə əşyalarla əhatə olunsa da, Mehman müəllimin sözlərinə görə, bütün texniki imkanlara malikdir. Köhnə stulların varlığı insanda qəribə hisslər oyadır və təsəvvür etmək heç də çətin olmur: Hüseyn Seyidbəyli, Arif Babayev, Rasim Ocaqov, Şamil Mahmudbəyov, Hüseyn Seyidzadə, Adil İsgəndərov, Kamil Rüstəmbəyov hər yeni filmdən sonra bu stullarda oturub, geniş ekranda "Nəsimi”, "Uşaqlığın son gecəsi”, "Tütək səsi”, "Şərikli çörək”, "Dəli Kür”, "Axırıncı aşırım” filmlərini izləyib, çatışıb-çatışmayan cəhətlərini müzakirə ediblər...
Neçə-neçə evlərin, qalaların məskəni olan pavilyon
Gülərüz, səmimi Mehman müəllimlə sağollaşıb bundan sonrakı səyahətimizə "Azərbaycanfilm”in İstehsalat şöbəsinin rəisi Vüsal Abbasovla davam etməli oluruq.
Gəzə-gəzə böyük pavilyona gəlib çatırıq. Hazırda pavilyonda heç bir filmin, eləcə də, televiziya verilişinin çəkilişləri aparılmırdı. Bu tarixi pavilyonda Azərbaycan kino sənətinin gözəl sənət nümunələri çəkilib. Məsələn, kim düşünə bilər ki, "Qayınana” filmində Nəsibə Zeynalovanın qəhrəmanı Cənnət xalanın evi məhz bu pavilyonda çəkilib. Rejissor Hüseyn Seyidzadənin quruluşunda ərsəyə gələn filmdəki o məşhur evin harada yerləşdiyi uzun illər tamaşaçıların marağında olan mövzu olub. Hətta vaxtilə çəkilişin İçərişəhərin evlərinin birində aparıldığına dair şayiələr də yayılmışdı.
Amma bəzən pavilyonun da gücünün yetmədiyi məqamlar olub. "Sehirli xalat”da pionerlərin Ay səthində gəzmələri səhnəsinin dekorasiyalarının ümumi sahəsi 1200 kvadratmetr olduğundan kinostudiyanın pavilyonlarına yerləşmir. Məcbur olub dekorasiyanı "Belorusfilm”də quraşdırmalı olurlar.
Vüsal bəy deyir ki, sonuncu dəfə bu pavilyonda kommersiya filmi çəkilib: "Bundan başqa, "Əli və Nino”nun qala səhnələri də burda çəkilib”.
100 manatlıq baş sındıran butulka
Filmlərin çəkilişləri üçün pirotexnik effektlərin çox böyük rolu var və bu işləri kinostudiyanın pirotexnik sexi həyata keçirir.
Kinostudiyanın pirotexnik sexinin imkanları, hərbi şəraitdə baş verə biləcək hər cür – partlayış, yanğın, atəş açılması, güllənin insana və ya ətraf mühitə dəyməsi və s. effektlərinin imitasiyasını həyata keçirməyə imkan verir. Sexin rəhbəri Əlibala Məmmədov bizimlə söhbətində deyir ki, işçilərin professionallığı və təcrübəsi bu imitasiyaların, aktyorlara və çəkiliş qrupuna ziyan dəymədən baş tutmasına zəmanət verir.
Son illər istehsal olunan "Dolu”, "Yarımçıq xatirələr”, "İçəri şəhər” və digər filmlərdə də partlayış səhnələrindən geniş istifadə olunub.
200 ədəd tüfəngin əhatəsinə düşəndə insan özünü necə hiss edər? Bu otaqda hər tərəf pirotexnik vasitələrlə zəngindir. Əlibala bəy qədimi tapançaları bizə göstərməkdən böyük zövq alır. 1927-ci ildə istehsal olunan tapançaya bir də diqqətlə baxırıq, aktyorların rol gərəyi istifadə etdikləri qırmızı boyanı da görməzlikdən gəlmək mümkün deyil. Yəqin hamınız bir dəfə də olsun filmlərdə döyüş səhnələrinə rast gəlmisiniz. Bu səhnələr peşəkar olmayanda tamaşaçı reaksiyası heç də yaxşı olmur. Atışma, dava-dalaş səhnələrinin vazgeçilməzi isə baş sındıran butulkalardır. Onların qiymətini öyrənəndə Əlibala müəllim demiş, insanın onu sındırmağa heyfi gəlir: "Bu butulkaların birinin qiyməti 100 manatdır. (gülür) Ona görə də sındırmağa insanın əli gəlmir”.
-Əlibaba müəllim, burda ucuz nəsə varmı?
-Ucuz heç nə yoxdur. Hər şey etmək olar, əsas odur ki, maliyyə olsun.
Soyuq dəhlizlər, gözoxşayan kadrlar
"Azərbaycanfilm” 90-cı illərdən başlayan soyuq ab-havanı hələ də saxlamaqdadır. Uzun illərdir təmirə həsrət qalan kinostudiya bu soyuqluqdan çıxa bilməyib. Qışda soyuq, yayda isə sərin olan binanın dəhlizləri bir neçə il öncə baxımsız vəziyyətdə olsa da, hazırda öz maddi vəsaiti hesabına kosmetik təmir olunub. Uzun illər baxımsız qalan dəhlizlərin döşəməsi təmizlənərək laklanıb və yararlı hala salınıb. Bir neçə il əvvəl divarlardan tökülən palçıqları artıq görmək mümkün deyil. Tökülmüş hissələr suvanıb, divarlar bütövlükdə rənglənib. Hətta divarlardan "Azərbaycanfilm”də müxtəlif illərdə istehsal olunan filmlərdən və filmlərin kadrarxası məqamlarını əks etdirən fotolar asılıb. Mərhum kinematoqrafçıların da fotolarını üçüncü mərtəbənin dəhlizində görmək mümkündür. Sanki onlar baxışları ilə bu dəhlizlərdə yeriyənləri izləyib, onlara qiymət verirlər.
Artıq kinostudiyanın köhnə montaj stolları bir növ muzey eksponatına çevrilib. Müasir tələblərə uyğun olaraq kompüter sistemi ilə montaj bütün dünyada qəbul olunub. Eləcə də səsyazma qurğuları. İndi ötən yüzillikdəki kimi filmlərin səsləri enli bozumtul lentlərə yazılmır, ağır, dəmir disklərin üzərində lentlər fırlanmır. Bütün bunları artıq kompüterlər əvəzləyib. Keçmişdən qalan isə təkcə mikrofonlardır.
Cənnət xalanın güzgüsündən baxmaq
Üz tuturuq rekvizitlər bölməsinə. Burda nə desəniz var... Evdə istifadə etmədiyiniz hər cür əşyanı rahatlıqla bura gətirə bilərsiniz. Diqqətimizi "Qayınana” filmində Cənnət xalanın məşhur stolu, stulu və güzgüsü çəkir. Güzgünün üzərində Nəsibə Zeynalovanın o məşhur gülərüzlü fotosunu görüb, gülümsəməmək əldə deyil. Şöbənin nümayəndəsi Mehriban xanım təəssüflə bildirir ki, güzgü artıq istifadəyə yararlı deyil. Restovrasiyaya ehtiyacı olan güzgü hazırda xatirə kimi saxlanır.
Donuz dərisindən hazırlanan geyim
Geyim şöbəsində işləyən Mehriban xanımın sözlərinə görə, burda 16 mindən çox geyim qorunur. Bir neçə otaqda saxlanan geyimlərin içərisində "Nəsimi”, "Dədə Qorqud”, "Sehirli xalat” filmində istifadə olunan əbalar, papaqlar tarixin bir parçası olduğunun xəbərçisidir. Tarixi geyimlərin içərisində Babəkin geyindiyi o məşhur geyimi çəkməmək və o haqda ətraflı yazmasaq qəbahət olardı. O geyimi geyinib, silahlanan, at belində döyüşlərdə məharət göstərən Babəkin yaradıcısı Rasim Balayev müsahibələrində geyimin çəkisinin çox ağır olduğunu dəfələrlə deyib: "Ənvər Həsənovla mənim əynimdəki geyimlər donuz dərisindən hazırlanmışdı. Əynimizdəkilər qılınc-qalxanla birlikdə 30 kiloqramdan çox idi. Nizə, qılınc tutmaqdan əllərim qabar bağlamışdı.
Naxçıvanda gedən çəkilişlər üzüm yığımı vaxtına təsadüf etmişdi. Belə bir vaxtda filmin kütləvi səhnələrində çəkilmək üçün aktyor gücü azlıq etdiyindən yerli əhali də çəkilişlərə cəlb edilmişdi. Naxçıvan rəhbərliyi üzüm yığımı ilə əlaqədar camaatın tam səfərbər edilməsinə nail ola bilmədi. Bu məqamda Azərbaycan SSR Komunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Heydər Əliyev məsələyə müdaxilə etdi. O, Naxçıvan rəhbərliyinə tapşırıq verdi ki, "Babək” filmi üçün lazım olan bütün şərait yaradılsın və bildirdi ki, "eybi yox, Naxçıvan bu il üzümü az yığsa da olar. Onun tapşığı ilə zavodlar bizə qılınc, qalxan, nizə düzəldirdi. O kömək edilməsəydi, filmin ərsəyə gəlməsi mümkün olan iş deyildi. Həmçinin Moskvadan "Mosfilm”in "Kavaler polku”nun diviziyası, atları ilə birlikdə əsgərləri də gəlmişdi. Çəkiliş meydançasında əksərən 4-5 min adam olurdu”.
Kinostudiyanın foto və qrim sexi gəlişimiz ərəfəsində bağlı olduğuna görə oraları incələyə bilmədik. Yavaş-yavaş binanı tərk edib, həyətə çıxdıq.
Deyilənə görə, "Axırıncı aşırım” filmində Kərbalayi İsmayılın evi kinostudiyanın ərazisində yerləşən və həmin filmdən ötrü tikilmiş iki mərtəbəli bina idi. Xatirimdədir ki, "Cavad xan” filminin çəkilişləri zamanı Sisyanovun çadırı məhz kinostudiyanın həyətində qurulmuşdu. Hazırda isə kinostudiya ərazisində çəkiliş üçün maraqlı məkanlar qalmayıb.
Daha o göyərçinlər yoxdur
Kinostudiyanın həyətindən, içərisindən söhbət açdıq, amma onun damında da maraqlı əhvalatlar baş verirdi. Azərbaycan kinosunun yaraşıqlı və bəxtsiz aktyorlarından biri "Yeddi oğul”un Zalımoğlusu Ələsgər İbrahimovu Arif Babayev kəşf edəndə o quşbaz imiş. "İnsan məskən salır” filmi ilə Ələsgəri kinoya gətirən Arif Babayev ona yaşıl işıq yandırır. Ələsgər filmlərə çəkilir, kino sexində mühəndis olaraq çalışır və həm də kinostudiyanın damında əvvəlki adətini davam etdirərək göyərçin saxlayır...
Əlbəttə, daha kinostudiyanın damında göyərçinlər yoxdur, o göyərçinlərin orda olduğu vaxtlarda insanlarla qaynaşan bu məkanda indi o qədər adam olmasa da, proses bütün gücü ilə davam edir. Orda olduğumuz iki saat ərzində "Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmov, "Üç gün, bir ömür” filminin son montaj işlərini görən Babək Şirinsifət, "Köşk” filminin üzərində işləyən Mirsadıq Ağazadə, sənədli filmi təhvil verməyə hazırlaşan Elçin Musaoğlu, kinostudiyadanın baş redaktoru vəzifəsini icra edən Ayaz Salayev və daha kimləri gördük.
Azərbaycan kinosunun inkişafında misilsiz xidmətləri olan dünyasını dəyişmiş hər bir kinematoqrafçının qarşısında baş əyir, bu inkişafa mane olanları qınayır, yaşayıb-yaradanlara uğurlar arzulayır və Cəfər Cabbarlının adını daşıyan bu məkanla tanışlığın yazılı hissəsini başa çatdırıb, sözü fotolara veririk.
Nərmin Muradova
Fotolar Elçin Murad