“Status-kvo artıq yoxdur. Mən bu haqda artıq sözlərimi dedim və bu, reallıqdır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, status-kvo torpaqların işğal altında saxlanılması idi: “Baxmayaraq ki, Minsk Qrupunun həmsədrləri bu mövzu ilə bağlı hələ 10 il əvvəl müsbət açıqlamaları olmuşdu ki, status-kvo qəbuledilməzdir, ancaq praktik addım atılmamışdı. Biz 30 il status-kvonun dəyişdirilməsini gözlədik ki, müzakirə mərhələsində buna biz nail ola bilərik, amma olmadı. Ona görə biz bunu döyüş meydanında məhv etdik. Bu artıq yoxdur. Artıq Cəbrayıl şəhəri bizdədir. Cəbrayıl rayonun kəndlərinin böyük hissəsi, Füzuli rayonunun kəndlərinin mütləq əksəriyyəti bizdədir. İndi Füzuli şəhərini də biz görürük. Hadrut bizdə, Madagiz bizdə”.

Prezident yaxın zamanda Füzuli şəhəri ilə bağlı şad xəbər ola biləcəyi ilə bağlı suala da münasibət bildirib: “Müjdəli xəbər inşallah gələcək. Hansı status-kvo-dan söhbət gedə bilər? Status-kvo da yoxdur, təmas xətti də yoxdur. Onu da biz yardıq. Yəni, 30 il ərzində barışıq yolları ilə, müzakirə müddəti çərçivəsində edə bilmədiyimizi bu günlər ərzində biz etdik”.

Dövlət başçısı: “Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılması məsələsi yoxdur”

Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılması məsələsi ilə bağlı hər hansı bir görüş olmayıb, heç zaman olmayıb, bu gün də belə bir məsələ yoxdur.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, bu gün də belə bir məsələ yoxdur: “Onsuz da Türkiyə ilə hərbi sahədə iş birliyimiz gündən-günə möhkəmlənir. Mən bunu artıq demişəm. Bir də demək istəyirəm ki, keçən il 10 birgə hərbi təlimlər keçirilmişdir, Hava müdafiə qüvvələri, eyni zamanda xüsusi təyinatlılar və digər sahələrdə... Ona görə bu iş birliyi ən yüksək səviyyədədir. Və bazanın Azərbaycanda yaradılması məsələsi heç zaman müzakirə predmeti olmamışdır”.


Azərbaycan Prezidenti Qarabağa sülhməramlıların yerləşdirilməsinə dair Rusiya Prezident ofisindən verilən açıqlamanı tam əsaslı sayır

“Bilirsiniz, eyni zamanda Rusiyanın Prezident ofisində deyildi ki, bu, hər iki tərəfin - Azərbaycanın və Ermənistanın razılığı əsasında ola bilər. yəni bu, əslində hər şeyi özü deyən bir məsələdir. Hər iki tərəf buna razılıq verməlidir, bir. İkincisi, baza prinsiplərində mən artıq bu məsələ ilə bağlı fikirlərimi bildirmişdim. Baza prinsipləri arasında sülhməramlı qüvvələrin bölgəyə göndərilməsi məsələsi var. Ancaq ən son mərhələdə...”

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Rusiya Xarici İşlər naziri Lavrov açıqlamasında Qarabağa hərbi müşahidəçilər göndərə biləcəklərini söyləyib. Buna razılıq verəcəksinizmi” sualına cavabında deyib.

Dövlət başçısı qeyd edib ki, torpaqlar işğaldan azad edilir, 5 rayon, ondan sonra 2 rayon, ondan sonra Dağlıq Qarabağ ərazisindən Şuşaya Azərbaycan əhalisi qayıdır: “Ondan sonra sülhməramlı qüvvələr gəlir. Ona görə, bu gün bu haqda danışmaq tezdir. Bir. İkincisi, hansı ölkələr bu barədə sülhməramlılar içində olacaq. Bu da hər iki tərəf arasında razılaşdırılmalıdır. Bu məsələ ilə bağlı müzakirələr müddətində hər hansı mübahisə olmamışdır. Hesab edirəm ki, Rusiya Prezident ofisindən verilən açıqlama tamamilə əsaslıdır. Hər iki tərəf buna razı olmalıdır. Bunu razılığı və bunun təqvimi verilməlidir. Bu gün fəal döyüşlər gedə-gedə, bu haqda danışmaq bir qədər tezdir”.

İlham Əliyev: “Mənim Fransa Prezidenti ilə son telefon danışığım çox müsbət olub”

“Fransanın son açıqlamaları müsbət açıqlamalardır. Eyni zamanda mənim Fransa Prezidenti ilə son telefon danışığım da çox müsbət olub”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Fransa həmsədr ölkə kimi bitərəf olmalıdır: “Mən bunu demişdim. Hər ölkənin hər bir başqa ölkə ilə xüsusi əlaqələri ola bilər. Milli səviyyədə hər ölkə sərbəstdir. Heç kimsə buna irad da tuta bilməz. Ancaq həmsədrlik artıq başqa bir mexanizmdir. Həmsədr olan ölkələr üzərinə bu, böyük məsuliyyət qoyur. Ona görə onlar bu mandat çərçivəsində gərək tərəfsiz olsunlar, bitərəf olsunlar. Və hesab edirəm ki, bu günə Fransanın addımları və yanaşması müsbətdir. Hər halda Ermənistana və Azərbaycana heyətin göndərilməsi bu bitərəfliyi bir daha təsbit edir”.  

Azərbaycan Prezidenti: “Türkiyə həmsədr olsaydı, o zaman təbii ki, bu məsələ çoxdan həll edilərdi”

“Əslində, Türkiyə artıq de-fakto masadadır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Qarabağ probleminin həll olunmasında Türkiyəsiz bir masada nəticə əldə olunarmı?” sualını cavablandırarkən deyib.

Dövlət başçısı qeyd edib ki, bu reallıqdır və bu gün Türkiyə bölgədə yerləşən digər ölkələrlə bu məsələni müzakirə edir: “Siz də bilirsiniz ki, Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olubdur, Xarici İşlər nazirləri, Müdafiə Nazirləri arasında telefon danışıqları olubdur. Eyni zamanda Türkiyənin yüksək səviyyəli rəsmilərinin İran həmkarları ilə təmasları olubdur, digər ölkələrlə... Ona görə də Türkiyə de-fakto burdadır. Sadəcə olaraq, Minsk qrupu 1992-ci ildə təşkil olunduğu üçün, zatən Minsk qrupunun üzvüdür, o zaman bilmirəm hansı səbəblərdən Türkiyə həmsədr olmadı. Biz çox istərdik ki, bəri başdan Türkiyə həmsədr olsun. Ancaq o zaman Türkiyə özü bunu eləmədi. Özü bunu istəsəydi, məncə olardı. Ona görə mən deyirəm, bugünkü Ərdoğan Türkiyəsi ilə o Türkiyə arasında böyük fərq var. Əgər həmsədr olsaydı, o zaman təbii ki, bu məsələ çoxdan həll olunardı. Ona görə biz deyirik ki, Türkiyəsiz bu məsələ həll olunmaz. Mən demirəm ki, Minsk qrupu artıq tarixdə qalsın, yox, qoy onlar da çalışsınlar. Halbuki 30 il ərzində bir nəticəyə nail olmadılar. Amma Türkiyəni bu prosesdən kənarda saxlamaq həm düzgün deyil, həm də mümkün deyil”.

Prezident İlham Əliyev: “Azərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi faktora çevrilib”

“Türkiyə və Azərbaycanın dostluğu, münasibətləri, yaxınlığı bizi istəməyənləri, Türkiyənin gücünün artırmasını istəməyənləri narahat edir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Türkiyə və Azərbaycanın dostluğu, münasibətləri, yaxınlığı kimlərə narahat edir?” sualına cavabında deyib.

Dövlət başçısı qeyd edib ki, bunlar kimlər olduğu bəllidir: “Bir çox ölkələrdə belə dairələr var. Bu, islamafob dairələrdir. Təəssüf ki, bu gün Avropada islamafobiya artır. Kasıb ölkələrdən gələn qaçqınlara olan münasibət də göz qabağındadır. Ona görə islamafob partiyalar bu gün bir neçə Avropa ölkəsində parlamentə girirlər. Yəni radikal, faşist partiyalar daha çox səs qazanırlar. Bu, çox təhlükəli bir meyldir. Avropa üçün ilk növbədə təhlükəli meyldir, çünki bu. İrqçilik, ayrı-seçkili və ksenafobiya, islamafobiyaya şərait yaradan bir meyldir. Eyni zamanda islamafob qüvvələrlə yanaşı, Türkiyənin gücündən narahat olan dairələr var. Çünki bugünkü Ərdoğan Türkiyəsi 20 il əvvəlki Türkiyə deyil. Biz də bunu bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilir. Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kimsə Türkiyəyə nəyisə diktə edə bilməz, nəyisə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını layiqincə dünyada müdafiə edir. Öz təhlükəsizliyini bildiyi kimi təmin edir. Beynəlxalq aləmdə söz sahibidir. Bölgədə Türkiyənin iştirakı, razılığı olmadan hər hansı məsələ həll edilə bilməz. Suriya, Liviya ondan sonra Ağ dəniz. Bütün bunlar onu göstərdi. Ona görə Türkiyənin gücünü istəməyən və bundan narahat olan qüvvələrdir bunlar. Bu təbiidir”.

“Türkiyənin güclü olması niyə önəmlidir” sualına cavabında Azərbaycan Prezidenti qeyd edib ki, ona görə ki, bu, türk dünyası üçün böyük bir gücdür, bizi gücləndirir: “Mən bunu dəfələrlə demişəm. Türkiyədə də demişəm, Azərbaycanda da əziz qardaşım, Prezident burda olanda ki, Türkiyə-Azərbaycan birliyi bölgə üçün istiqrar gətirir”.

Dövlət başçısı qeyd edib ki, əgər Türkiyədən dəqiq mesajlar münaqişənin ilk saatlarında Türkiyədən gəlməsəydi bəlkə də başqaları bu işlərə qarışa bilərdi: “Türkiyənin bu mesajları hər kəsə dur dedi. Azərbaycan yalnız deyil. Türkiyə işin sonuna qədər Azərbaycanın yanındadır. Əlbəttə ki, bu gün Azərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi faktora çevrilibdir və bu, müsbət faktordur. Bizim birliyimiz hər hansı bir ölkənin maraqlarına qarşı deyil. Biz, sadəcə olaraq, öz maraqlarımızı müdafiə etməliyik. Öz yolumuzu davam etdiririk, heç kimsə bizim işimizə qarışmasın, heç kimsə bizim daxili məsələlərimizə burnunu soxmasın, biz bunu istəyirik. Kimin işinə Türkiyə qarışıb bu günə qədər, Azərbaycan kimin işinə qarışıb bu günə qədər? Heç kimin. Sadəcə, biz deyirik ki, bizə də dəyməyin, kənarda durun. Dost olaq, tərəfdaş olaq, iş birliyi edək, amma sizinki sizdə, bizimki bizdə, bunu biz istəyirik və buna haqqımız çatır”.

Azərbaycan Prezidenti: “Ermənistan Baş nazirinin uydurduğu yanlış məlumat beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib”

“Türkiyə və Pakistandan əsgəri dəstək istəmək kimi fikrimiz yoxdur. Türkiyə və Pakistan bizə ilk dəstək olan ölkələrdir. Ondan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan, Bosniya və Herseqovina və digər ölkələr bizə açıq dəstək göstərdi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, ən çox dəstək göstərən qardaş Türkiyə olmuşdur: “Mənim qardaşım Prezident Ərdoğan ilk saatlarda çox dəqiq və net mesajlar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizi daha da ruhlandırdı. Ancaq əsgəri dəstəkdən söhbət gedə bilməz. Buna ehtiyac yoxdur. Bu gün Ermənistan Baş naziri tərəfindən uydurulan yanlış məlumat beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib. Məsələn, dünən Rusiya televiziyasına verdiyi açıqlamada deyib ki, Azərbaycan tərəfində Türkiyə, Pakistan vuruşur. Ondan sonra Suriyadan Liviyadan olan əsgərlər vuruşur. Bunlar hamısı yalandır. Bu yalanı ifşa etmək o qədər də çətin məsələ deyil. Döyüşlərin ilk günündə demişdilər ki, Ermənistanın Su-25 təyyarəsini Türkiyənin F-16 təyyarəsi vurub. Biz dedik ki, sübut verin, verə bilmədilər. Sonra hər kəs gördü ki, bu yalandır. Artıq bunu demirlər. İndi yeni yalan ortalığa çıxıb ki, Pakistan və Türkiyə əsgərləri bizimlə bərabər vuruşurlar. Sübutlar versinlər. Yoxdur bu. Sadəcə olaraq, Ermənistan tərəfi birinci növbədə istəyir ki, Azərbaycan Ordusunun gücünü pərdələsin, sanki Azərbaycan təkbaşına bunu edə bilməz. Onun ikinci məqsədi də odur ki, göstərsin ki, döyüşlər bölgədən kənara çıxır və qlobal savaşa çevrilir. Bu da yalandır. Bizim Türkiyədən, Pakistandan və başqa qardaş ölkələrdən aldığımız dəstək yalnız mənəvi və siyasi dəstəkdir”.

Azərbaycan Prezidenti: “Bizim Ermənistan ərazisində hər hansı hərbi hədəfimiz yoxdur”

“Bizim belə fikrimiz yoxdur, mən bunu dəfələrlə demişəm. Bizim Ermənistan ərazisində hər hansı hərbi hədəfimiz yoxdur”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Ermənistan torpaqlarından hücuma cavab olaraq Ermənistan ərazisində hərbi əməliyyatların aparılıb-aparılmayacağı barədə sualı cavablandırarkən bildirib.

Dövlət başçısı deyib ki, bizim hərbi əməliyyatları Ermənistan ərazisinə keçirmək fikrimiz də yoxdur: “Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Biz sadəcə, ölkə hüdudları çərçivəsində, beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən tanınmış qanuni Azərbaycan torpaqları çərçivəsində bu əməliyyatları aparırıq. Bu günə qədər Ermənistan ərazisinə biz keçməmişik. Onu da bildirməliyəm ki, iyul ayında Ermənistan-Azərbaycan sərhədində bizə hücum edilmişdi. Ermənistan silahlı qüvvələri Tovuz bölgəsinin müəyyən yerlərinə girə bilmişdi. Biz onları oradan rədd etdik, öz torpaqlarımızı qoruya bildik, onları sərhəddən kənara atdıq. Ondan sonra da sərhədi keçə bilərdik. Yəni, bizim qarşımızda hər hansı ciddi maneə yox idi. Zatən, bu savaş da bunu göstərdi ki, burada keçə bilmişiksə, orada daha asandır. Çünki orada bu istehkamlar yoxdur. Amma bunu etmədik. Çünki biz hesab etdik ki, bu, düzgün olmaz. Biz öz torpağımızda özümüzü müdafiə edirik və işğalçıları öz torpağımızdan qovmalıyıq. Ancaq eyni zamanda əgər Ermənistan ərazisindən bizə qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan onlar istifadə edəcəklərsə - necə ki, Gəncəni onlar Ermənistanın Vardenis rayonundan vurdular - əgər bu davam edəcəksə, bu, bizim üçün legitim, qanuni hərbi hədəflər olacaq. Bunu hər kəs bilsin”.

Azərbaycan Prezidenti: “Bizdə məlumat var idi ki, PKK terrorçuları Dağlıq Qarabağda düşərgələr yaradıblar”

“Bizdə bu döyüşdən əvvəl də indi də məlumat var idi ki, PKK terrorçuları orada düşərgələr yaradıblar. Çünki Dağlıq Qarabağ nəzarətsiz bir ərazi idi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, orada hər hansı beynəlxalq nəzarət mexanizmi olmayıb: “İndi Ermənistan da, Azərbaycan da bir çox beynəlxalq təşkilatların üzvləridir və orada nəzarət mexanizmləri də var, monitorinq var. Ora isə nəzarətsiz bir ərazidir, ona görə orada qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud idi. İstisna edilmir ki, onlar da bu istehkamların qurulmasında rol oynayıblar”.

Bölgədəki PKK düşərgələrinin sayına gəlincə, Prezident İlham Əliyev qeyd edib ki, bunu demək mümkün deyil: “Çünki onlar bir yerdə durur, yerlərini dəyişir. Amma kifayət qədər çox idi. Hər halda bu məlumat bizdə son döyüşdən əvvəl də var idi. Bu gün vuruşan, erməni tərəfindən öldürülən insanlar arasında şübhəli insanlar da var. Hər halda Kanada, Livan pasportlu insanlar da var. Şəxsiyyətini müəyyən etmək mümkün olmayan insanlar da var. Amma dəqiq odur ki, onlar erməni əsgəri deyil. Yəni bunlar muzdlu əsgərlərdir”.

Prezident: “Təkcə Türkiyə istehsalı olan SİHA-larla 1 milyard dollar dəyərində olan erməni silahlı texnikası məhv edilib”

“SİHA-lar müharibənin mənzərəsini çox dəyişdirdi. Çünki bilirsiniz, Ermənistan işğal edilmiş bölgələrdə 30 il boyunca bütün təmas xətti boyunca çox güclü istehkam qurmuşdu. Çox böyük mühəndis-istehkam işləri görmüşdü”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, bəzi yerlərdə onların dörd müdafiə xətti var: “Böyük xəndəklər qazıldı, digər mühəndislik işləri görüldü. Çox böyük beton plitələri vardı, sığınacaqlar vardı, bunkerlər vardı. Bir də ki, o bölgənin relyefi elədir ki, o təbii istehkamdır, çünki o dağlıq ərazidir və biz aşağıdan yuxarı gedirik. Hər bir ordu üçün bu böyük çətinlikdir, riskli bir işdir. Ona görə də bu istiqamətdə bizim gördüyümüz işlər əlbəttə ki, böyük qəhrəmanlıq tələb edirdi və biz düşmənin texnikasını dəqiq məhv etmək üçün mütləq pilotsuz hava vasitələrinə möhtac idik və çox xoşbəxtik ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi-sənaye kompleksi gözəl SİHA-ları və İHA-ları istehsal etməyə başlamışdır. Azərbaycan Türkiyənin xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bildi. Mən artıq bunu söyləmişdim ki, yalnız Türkiyə istehsalı olan SİHA-larla 1 milyard dollar dəyərində olan erməni silahlı texnikası məhv edildi. Qalan 1 milyard dollarlıq texnika isə bizim digər hərbi vasitələrimizlə məhv edildi. Yəni bu müharibənin gedişatını çox dəyişdi”.

Azərbaycan Prezidenti: “Ermənistanın itkiləri dediklərindən bir neçə dəfə çoxdur”

“Azad edilmiş torpaqları hesablamaq o qədər də çətin məsələ deyil. Halbuki hər gün bu dəyişir. Dünən mən yeni 6 kəndin işğaldan azad edilməsi xəbərini Azərbaycan xalqına çatdırdım. Ondan əvvəlki gün də daha çox sayda kəndlər işğaldan azad edildi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, bu mərhələ davam edir: “Demək olar ki, hər gün biz yeni əraziləri, strateji yüksəklikləri işğaldan azad edirik. Ona görə bu rəqəmlər dəyişir. Ancaq bu gün rəsmi qaydada verilən məlumat deməyə əsas verir ki, hansı bölgələr azad edildi. Bu xəritədə misal üçün Hadrut yoxdur, artıq Hadrut bizdədir. Füzulinin ətrafında olan kəndlərin mütləq əksəriyyəti bizdədir. Və artıq Füzuli bizim gözümüzün qabağındadır. Cənub istiqamətində də irəliləmişik. Şimalda Murovdağ mövqeləri bizdədir. Madagiz bizdədir. Yəni, bütün istiqamətlər üzrə böyük qələbələr əldə etdik və bu mərhələ davam edir. Hesab edirəm ki, Azərbaycan xalqı bunu diqqətlə izləyir. Xüsusilə o kəndlərin sakinləri ki, o kəndlər işğaldan azad edilib, onlar üçün əlbəttə ki, bu, tarixi günlərdir”.

Prezident İlham Əliyev ümumilikdə neçə km ərazini işğaldan azad etdiyimizi demək istəməyib: “Çünki bu, hər gün dəyişən rəqəmdir. Ancaq bizim məqsədimiz ərazi bütövlüyümüzü tam bərpa etmək və Azərbaycan bayrağını bütün işğal edilmiş torpaqlarda qaldırmaqdır”.

Dövlət başçısı ermənilərin itkiləri ilə bağlı suala da münasibət bildirib: “Bu da hər gün dəyişən statistikadır. Sadəcə, 200-dən çox tank zərərsizləşdirilib. 33 tank qənimət kimi götürülüb, onlar da saz vəziyyətdədir. 35 hava hücumuna qarşı OSA sistemi zərərsizləşdirilib, çox bahalı, çox dəyərli olan 2 S-300 hava hücumundan müdafiə sistemi məhv edilib, həmçinin çox bahalı olan TOR hava hücumundan müdafiə sistemi zərərsizləşdirilib, hardasa 170 yük maşını ya zərrəsizləşdirildi, ya bizdədir. 16 komanda mərkəzi məhv edilib. Yəni bizim hesablamalarımıza görə hardasa 2 milyard dollar ətrafında Ermənistan Ordusuna ziyan dəydi. Bu, davam edir. Mən demişəm və Ermənistan rəhbərliyinə də müraciət etmişəm ki, siz atəşkəsə əməl edin, bizə təqvim verin, torpaqlarımızdan çıxın, bu müharibə dayansın, siz də qalan silahlarınızı müdafiə edin. Belə gedərsə, biz onların bütün silahlarını məhv edəcəyik”.

Dövlət başçısı, həmçinin, Ermənistanın insan itkiləri ilə bağlı suala da cavab verib:

“Can itkisi ilə bağlı onların mediada gedən rəqəmi mən deyirəm, hardasa 600-dən çoxdur. Amma bizdə olan məlumata görə, onlarda itki daha çoxdur. Yəni dediklərindən bir neçə dəfə daha çoxdur. Əgər 200 tank məhv edilibsə, bu tankların içində olan əsgərlərin sayına baxın, artıq bu rəqəm neçəyə çıxır. İndi döyüş bölgələrində, komanda mərkəzlərində, digər qurğularda onların texnikasının necə məhv edilməsinin görüntüləri var. Ona görə hansısa konkret rəqəm demək istəməzdim. Çünki mən hər zaman dəqiq rəqəmlərə sadiqəm, yoxlanılmamış rəqəmləri səsləndirmək istəmirəm. Amma təbii ki, bu itkilər 600-dən daha çoxdur”.

Prezident qeyd edib ki, ermənilərdə nə qədər silah olduğu bilinmir: “Çünki sual ortaya çıxır ki, bu silahları haradan əldə edirlər. Ermənistanın büdcəsi bəlli, valyuta ehtiyatları bəllidir. Əgər 17-18 gün ərzində 2 milyard dollarlıq onların silahları məhv edilibsə və hələ də silahlar varsa və bu məhv edilmiş silahlar yalnız məhv edilmiş sihalar Dağlıq Qarabağ ərazisindədirsə, o zaman Ermənistan ərazisində nə qədər silahlar var?! Baxın bunlarda nə qədər silah var. Haradan aldılar?! Bu pulu haradan tapdılar?! Təbii ki, onlarda bu qədər pul yoxdur. Deməlıi bunu pulsuz alıblar”.

İlham Əliyev: “Atamın yoluna sadiq qalaraq, bu şərəfli missiyanı da icra edirik. İnşallah sona qədər başa çatdıracağıq”

“Mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə - seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə etimad göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacam və bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum”.

Bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber”ə kanalına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır: “Təbii ki, dünya dəyişir, dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt bundan sonra heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir. Əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli məsələdir. Biz buna nail olmaq üçün böyük səy göstərdik, siyasi, iqtisadi, diplomatik, hərbi... Bizim demək olar ki, Ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün Ordunun döyüş qabiliyyəti bütün dünyanın gözü önündədir. Mənə verilən məlumata görə, bəzi inkişaf etmiş ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Bu təcrübə mən əminəm ki, kitablarda da olacaq, tədqiqatlarda da olacaq. Ona görə atamın yoluna sadiq qalaraq, bu şərəfli missiyanı da icra edirik. İnşallah sona qədər başa çatdıracağıq”.

.