Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger ölkəsinin təhlükəsizlik siyasətinin gələcəyi ilə bağlı ictimai müzakirələrə açıq olduğunu bildirərək, Vyananın NATO-ya üzvlüyü ilə bağlı müzakirələrin çox səmərəli ola biləcəyini qeyd edib.

Bu barədə xanım diplomat “Welt am Sonntag” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, təkcə neytrallıq Avstriyanı qoruya bilməz: “Təhlükəsizlik vəziyyəti getdikcə qeyri-müəyyənləşir və Rusiya daha aqressivləşir. Avstriya həm müdafiə, həm də tərəfdaşlıq sahəsində investisiyalarla qorunur. Mən ölkənin təhlükəsizlik və müdafiə siyasətinin gələcəyi ilə bağlı ictimai müzakirəyə tamamilə açığam”.

O, həmçinin qeyd edib ki, hazırda parlamentdə və ya əhali arasında NATO-ya üzvlüyün lehinə çoxluq olmasa da, buna baxmayaraq, belə bir müzakirə çox səmərəli ola bilər:

“Mən NATO-ya zəfərlə qoşulmaq istəməmişəm. Amma biz oturub deyə bilmərik: biz heç kimi incitməsək, heç kim bizi incitməyəcək. Bu sadəlövhlük olar. Bununla belə, mən bunu açıq şəkildə bildirmək istərdim: Avropa İttifaqında artıq fövqəladə vəziyyətdə bizi qoruyacaq tərəfdaşımız var. Eyni zamanda, biz Avropanın təhlükəsizliyinə mühüm töhfə veririk. Avstriya qoşunları Aİ-nin çoxsaylı sülhməramlı missiyalarında iştirak edir. Bu baxımdan Avstriyanın neytrallığı 1995-ci ildə Aİ-yə daxil olduqdan sonra artıq xeyli dəyişib”.

.