Auditorlar Palatasının mənimsəmədə təqsirləndirilən vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Vəli Rəhimovun vəkili vəsatətlə çıxış edərək cinayət işinin istintaqa qaytarılmasını istəyib.
Buna səbəb kimi istintaqın düzgün aparılmamasını, təqsirləndirilən şəxslər - Vəli Rəhimov və Fəridə Novruzovanın aldadılaraq, vəkilin iştirakı olmadan sənədlərə imza atdığını bildirib.
Vəsatət təmin olunmayıb və məhkəmə baxışı təyin edilib.
Məhkəmənin baxış iclası yanvarın 26-na təyin olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzovadır.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.