Xalq artisti Flora Kərimova Bizimyol.info-nun suallarını cavablandırıb
Bir az fərdi yanaşma olacaq bəlkə. Amma həm də əminəm ki, onun haqqında belə düşünməyən çox az adam var. Onu ilk görəndən sonra insan "Necə unudum səni?” soruşur özündən. Sonra hansısa səbəblərdən görə bilmirsən efirlərdə, ya da çox az görürsən "Nə gəlməz oldun?” deməkdən başqa yolun qalmır. Arada bir susmalı olduğun üçün "Bağışla” da deyirsən öz-özünə, onunla danışırmış kimi. "Gün keçdi”...Bunu anlayanda "Eşqimə şahid zaman”ı yada salıb bir az təsəlli verir adam özünə. Sonra illər keçir və üz tutub ona deməyin gəlir ki, "Yalvarıram” sən hələ heç yerə getmə...
Mahnıları ilə bu qədər həyat bağı olan insan, xalq artisti Flora Kərimova ilə maraqlı söhbətimizi oxucularımıza təqdim edirik.
- Siz və illər 75 deyə bilər, amma bizə görə 7,5-i qeyd elədiniz. İndi bu 7,5-də özünüzü necə hiss edirsiniz?
- Yaxşıyam. Düşünürəm ki, yaşadığım həyat hədər olmadı. Hər halda mən buna çalışdım. Ailəmin, insanların, övladlarımın mənə olan inamını sındırmadım. Onların mənə münasibətinə layiq olmaq istədim. On üç yaşımdan səhnədəyəm. On üç yaşımdan düşünürəm ki, necə eləyim pisliklərdən uzaq durum? Necə eləyim etibarını qazandığım adamlar mənə görə təəssüf yaşamasınlar. Atamın, anamın, qardaşımın üzünü qara eləməməyə çalışmışam gücüm yetdiyi qədər. Ailəm daxil qohumlarımın da adına söz gəlməsini istəməmişəm. Belə böyümüşəm. Hər şeyi düşünə-düşünə.
İstəmişəm mənə görə xəcalət çəkən olmasın
Atamla bir yerdə yaşamırdıq. Deyirdim atamın yanında anam mənə görə pərtlik yaşamasın. Bilmirəm nə qədər alınıb. Amma mən simamı qorumağa çalışdım bu illərdə. Biz qayğı, sevgi ilə böyüyən uşaq olmuşuq ailədə. Yaxşı bir bibim vardı. Həmişə lirika oxumuşam. O, da düşünürdü ki, dərd məni ağladır. Deyirdi,
"can, niyə elə ağlayırsan, gəl bibinin yanına nəyin var onu bölərəm”.
Ona o qədər inanırdım ki, mənə görə hər gümün yiyəsidir.
Biz övliya ailəsiyik. İndi də ulu babalarımın qəbrini ziyarətə gəlirlər. Mən nəslimin cavabdehliyini daşımışam həmişə.
- Məsuliuyyətli adamsınızmı?
- Son dərəcə...
- Necədir məsuliyyətli olmaq?
- Çox çətindir. Özü də tam məsulliyyətli olmaq olmur. Bu da yaradanın əlindədir. O, ya səni sevir sənə hər şey, üstəlik məsuliyyət də verir, ya da lap hər şey versə də, heç sevmir.
- Bunu necə müəyyən eləmək olur bəs?
- Var bəndə, var qul. Yaradan səni sevirsə, o səni bəndə kimi seçir. Yox sevməsə, hər şey versə belə qul edəcək səni. Qul, yoxsa bəndə olduğun yaşadığın taledən, keçdiyin yoldan, imtahanlardan bilinəcək. Allah zora salıb sınadığı bəndəsini, zordan çıxara da bilir. Tanrı o adama ki, özündə olan hər şeydən bir damla verir, bir az ağıl, azca bacarıq, bir az vicdan, istedad və sair. Deməli onu seçilmiş etmək istəyir. Deməli səni şəxsiyyət yaradıb. Gerisi adamın özündən asılı olur. Sən şəxsiyyət və ya bəndə olub- olmayacağını həm də özün dəqiqləşdirməlisən.
- Siz qulsunuz ya bəndə?
- Mən naxışı olan adamam. Allahımı anlamışam Başıma çox iş gəlib. Həmişə də hiss eləmişəm ki, yaradan məni bu işlərin içində qoruyub. Bilirsiniz əslində necədir?! Bəzən belə də olur. Hər şeyin var, bir naxışından, bəxtindən savayı. Allah səni rüsvay eləyib göndərir o biri təfərə. Qulla bəndə arasında müqayisəyə gəlincə, deyim biləsiniz, mən hətta
Allahıma da qul ola bilmərəm!..
- Ona görə yox ki, mən istəmirəm və ya özümdən çox razıyam. Ona görə ki, o istəmədi. Mən onun qərarını dəyişə bilmərəm. O məni qul görmədi. Mən də ona qul görünmədim. Çox çətin oldu. O məni üsyankar yaratmasaydı mən şəxsiyyət yox, qul olardım.
"Şükür məsləhətinə” söylədim həmişə. O da məni nüfuz sahibi elədi, söz sahibi elədi. Mənə sevgi verdi. Övlad bəxş elədi. Övladımın da, millətimin də sevgisini verdi. Bunlardan imtina eləyib, "mən qul olmaq istəyirəm” demək olmazdı Allaha. Mənim üçün şərəfli həyat seçdi o. Mən də o çətin, amma şərəfli ömürü yaşadım. Amma o qədər şərəfsiz həyatlar, urvatsız ölümlər var ki... Fəxri Xiyabanda uyuyanların neçəsi urvatsız köçdü. Dəfn olunduqları o məkan onların adına, həyatına nə ülvülük, nə təmizlik gətirmədi.
- Şərəflə yaşayıb, urvatlı ölmək yaxşıdır yoxsa yaxşı yaşayıb urvatsız ölmək?
- Bilirəm niyə soruşdunuz. Amma həm də təəccüb elədim suala. Çünki hər insan urvatsız ölümlə, şərəfsiz həyatın fərqini bilir. Allah səni qul görəcəksə o sənə var dövlət versə də dizüstə, qul kimi yaşadacaq. Yox Allah səni bəndə bilirsə sınaqlarla dolu, şərəfli həyat verəcək, mənəviyyatsızlıqdan və mənəviyyatsızladan qoruyacaq, həyatın çətin olacaq, amma heç vaxt əzilməyə qoymayacaq səni, həmişə dik durmana dəstək verəcək. Və şərəfli həyatın da şərəfli ölümü var.
Bu da Allahın sevdiyi bəndəsinə son mükafatıdır.
- Allahla ünsiyyətiniz yaxşı alınır deyəsən...
- Allahla alver eləmirəm.
- Son dərədcə müsbət auranız var. Bütün yaşadıqlarınıza rəğmən bu dəyişmir...
- Bu da yaradanın bir lütfüdür. Hər şeydən, hər ağır yaşantıdan çıxış yolu var. Belə düşünəndə həm də möhkəm olur adam, sınmır. Ona görə mən övladlarımı da bu istiqamətə yönəltmişəm. Heç vaxt onları nəyəsə məcbur eləməmişəm. Həmişə də düşünmüşəm ki, yaradan verdiyi nəyisə dönüb alırsa, mütləq bir bildiyi var.
Yaradan yeganə varlıqdır ki, özünü əsl kişi kimi aparır,
dediyindən dönmür, yazdığı pozmur, dəyişmir.
- İstədim bayaq urvatsız ölüm deyəndə soruşum bunu sizdən. Amma nədənsə "yeri indidir” deyə düşünürəm. Ağılımız kəsəndən sizinlə İlhamə Quliyevanın mübahisələrini görmüşük. Mahiyyətində nə durub bu düşmənçiliyin? Ölümündən sonra onu bağışladınız, rəhmət dilədinizmi?
- Heç vaxt bağışlamaram, bu birincisi. İkincisi, o neçə il özünü öldürdü ki, onunla barışım. Bu hamının gözü qarşısında olurdu. Barışmadım. Şəxsiyyətim, həyatım, oğlum, qızım, ailəm haqqında ağzına gələni deyən adamla necə barışmaq olar ki?! Onunla barışmaq, onunla razılaşmaq idi. Onun dediklərinin təsdiqlənməsi idi. Onunla barışmaq məni adamların gözündən salmağa cəhd idi. O, məni mübarizə aparıb yenə bilmədi. Barışıq təklif elədi ki, bəlkə razılığa gəlim və dolayısıyla mənim razılaşdığımı adamlara isbatlayıb qalib olduğunu göstərsin. Belə məğlubiyyəti qəbul eləmərəm heç vaxt. Bilirəm, bu sözdən sonra məni qınayanlar da olacaq. Onu sevməsələr də, sözümün qarşısına söz demək, məndən öz acıqlarını çıxmaq üçün tərəf tutanlar tapılacaq. Amma yenə də deyirəm.
Nə ağlıma, nə dilimə gəlməz ki, ona rəhmət diləyim.
Rəhməti qazanmaq lazımdır. O qazanmadı. Mən də heç vaxt demərəm.
- Bağışlamamaq yük deyil sizə? Bəlkə onun sizə elədikləri arasında bilməyərəkdən baş verənlər də olub?
- Elə bir insan tanımıram ki, biməyərəkdən bu qədər pislik eləsin. O, elədiyi hər şey bilərəkdən edirdi. Sizə deyim ki, əslində həmişə o mənimlə vuruşub, mən hərdən ona cavab vermişəm. Əslində o mənimçün varlığında yox idi, indi ümumiyyətlə yoxdur. Mənim indiki halda onun haqqında danışmağım da düzgün deyil, amma siz sual verirsiniz, mən də məcburam cavab verəm. Siz bayaq dediniz ki, konfliktlərim çox olub. Bunu mən istəmirdim. Məni bu konfliktlərə çəkənlər, onu yaradanlar var idi.
- O sizdən nə istəyirdi axı?
- Həyatımı yaşamaq istəyirdi. Qadın xoşbəxtliyimə həsəd çəkib özünü mənim yerimdə görmək istəyirdi. Mənim taleyimdə ekizim olmaq istəyirdi. Allahın öz əmri var, kimsə kiminsə həyatını yaşaya bilməz. Amma yəqin onun da təyinatı elə bu imiş. Yaşamaq, insanlara pislik eləmək, əməllərinin qulu olub dünyadan urvatsız köçmək...
O barışmırdı ki, Allah bizi fərqli yaradıb. Barışıb öz həyatını yaşasa, daha çox şey qazanar, inanın fərqli həyatı olardı. Amma deyim ki, bu da onun əlində deyildi. Sadəcə bir az ağıllı qadın olsaydı, bunu başa düşəcəkdi. Təəssüflər ki, ağılı da yaradan ona çox gördü. Heç nəyi başa düşmək iqtidarında olmadı. Onu elədiklərinə görə heç vaxt qınamadım. Belə yarandı, belə yaşadı, belə öldü.
- Sizcə necə ifaçı idi?
- Gözəl mahnıların gözəl ifaçısı idi. Mən bunu inkar eləyə bilmərəm. Bir də sənətlə şəxsi konfliktlər başqa-başqa şeylərdir. Bunu mən heç zaman qarışdırmadım. Siz də nəzərə alın həmişə. Mən onun şəxsiyyəti ilə bağlı danışıram, sənəti haqda yox.
İnsanın şəxsiyyəti onun yaşadığı ömürdən bəlli olur.
- Sevdiyiniz mahnısı olubmu?
- Olub.
- Hansı məsələn?
- Bir xeyli mahnısı var.
- Mahnılarla bağlı başınız qalmaqalda olur hərdən...
- Hə elədir. Mən hələ sağ ola-ola, səsimə, mahnılarıma yiyə durmağa cəhd ediblər. Bir xanım ifaçı "Tıq-tıq xanımın mahnısı”nı öz adına çıxırdı. Düzdür, sonra hər şey aydınlaşdı. Amma düşünürsən ki, hələ sağsan belə üzə duran adamlar olur, yaradan sonrasından saxlasın...Çox şeyə göz yuma bilərdim, yumurdum da. Amma "Tıq-tıq xanım”da sona qədər getdim.
- Dərdlər sizə yol yoldaşı olub illərdir. Bütün seçilmişlərdə beləmi olur?
- Başqalarını bilmirəm, mənə həmişə təzə dərd köhnə dərdə dərman kimi verilib. Dərdələrim ancaq yol yoldaşım yox, həm də mənim sirdaşım olub.
Elə gün olub ölümümü arzulamışam.
- Səhər gözümü açanda təəccüblənmişəm, bu boyda dərdlərin içində mən hələ sağam?!.. Ailəmi sahiblənmişəm, yenə mübarizəmi aparmışam. Heç vaxt yalvarmamışam. Kiməsə məni aşağılamasına yol verməmişəm.
- Bir neçə dəfə ailə qurmusunuz. Hərdən düşünmüşəm, görəsən o ailələrdə siz xoşbəxt olmusunuz, ya ailə qurduğunuz adamlar?
- Ailə həyatımı xoşbəxtliyə, bədbəxtliyə və ya fərdi xoşbəxtlik, yoxsa bədbəxtliyə bölmək çətindir. Əgər mən ana olmuşamsa, mənə övladım güvənibsə, məni seviblərsə, mənə götrə mübarizə aparıblarsa, mən o insanlara sədaqətimlə cavab vermişəmsə, dost olmuşamsa, ailədə etibar qazanmışamsa, bəlkə demək olar ki, dediyiniz o xoşbəxtlik qarşılıqlı olub. Sizə bir şey də deyim,
xoşbəxtlik xatirəyə çevriləndə adamı çox pis ağrıdır.
O anı təzədən yaşamaq istəyirsən, yaşaya bilmirsən. O anın, anların həsrətini çəkirsən, keçmişdə qalması ilə barışa bilmirsən. Xoşbəxtlik xatirə olanda bədbəxtlikdir, təəssüfdür, göz yaşıdır...
- Siz daha çox qızınızın atasından danışanda kövrəlirsiniz? Niyə?..
- Faiq böyük bir iz qoyub mənim həyatımda. Biz on yeddi il birgə yaşadıq. Sözün həqiqi mənasında on yeddi ildə bir dəfə də olsun bir-birimizi incitmədik. Bizim münasibətimizdə müdriklik var idi.
Yaşadığımız on yeddi ilin hər günündə itirməkdən qorxmuşam. Dəhşətə gəlirdim düşünəndə ki, bir gün gözümü açaram görərəm ki, o yoxdu... Və bir gün o qorxduğum başıma gəldi.
- Daha qorxmursunuz ki?
- Qorxmaqdan da qorxmamağı öyrənirdim. Qorxa-qorxa qorxudan çıxmış insanam artıq.
- Uduzmaq necə hisdir? Heç uduzmusunuzmu?
- Yalan sözdür kimsə deyə ki, heç vaxt uduzmayıb. Məsələn, ölümü gözləyib, vəsiyyət eləyəndə həyata uduzursan, ölən əzizlərini ağlayanda onları saxlaya bilmədiyini anlayıb qismətə uduzursan, sonra başlayırsan Allaha yalvarmağa ki, övladlarımı qoru, yəni acizliyini anlayıb uduzursan. Ümumiyyətlə, insan itrə-itər, qorxa-qorxa, uduza-uduza yaşayır və öyrənir.
- Yaşın müdrik çağındasınız. Sizə görə indi ölüm nədir?
- Ölüm haqda dəqiq nəsə demək mümkün deyil. Mən onu onu necə qarşılayacağımı deyə bilərəm amma...
- Necə?
- Huşum başımda olsa, dəqiq bilirəm, ölüm gələndə qorxub ağlamayacam. Bir də ağır xəstə olub yatağa düşsəm, məni o ərəfələrdə görən olmayacaq.
- Vəsiyyət eləmisiniz?
- Bəli eləmişəm. Əmlakımı ailəm, sevdiklərim, övladlarım arasında bölmüşəm. Mən rahat gedəcəm bu dünyadan, gözüm arxada qalmayacaq. Oqtaydan, Zümrüddən, Yaqutumdan arxayınam.
- Flora xanım siz hələ heç yerə getməyin, bizə lazımsınız...
- Çox sağ olun. Amma bir də ondan arxayınam ki, kimsəyə maddi və mənəvi borcum yoxdur. Qızımın atası dünyasını dəyişəndə dedim kim borcludursa halal eləyirəm, amma kimə Faiqin borcu varsa mənə desin. Bunu 40 gün təkrarladım yas mərasimində. Axırda mənə dedilər ki, onun heç kimə borcu yoxdur, amma ona borcu olanlar var xeyli. Düzdür, onlar da gəlmədi, bəlkə ehtiyacları vardı, gələ bilmədilər, mən də halal elədim.
- Sizin bağışlamadığınız və rəhmət oxumayacağınız biri var. Maraqlı gəldi, sizi də bağışlayıb, rəhmət deməyəcək kimsə varmı?
- Onu siz insan olaraq məndən yaxşı bilirsiniz.
- Flora xanım, öz repertuarınızda hansı mahnısınız?
- Həyatım boyu gördüyüm hər şeydən dərs almağa çalışdım. Necə olmağı öyrənmədim o dərslərdə. Necə olmamaq lazım gəldiyini mənimsədim. Qaldı mahnılara. Bir yox, üç-dörd mahnıda varam:
Əzəl gündən dünya yalan dünyadır...
Baha satan ucuz alan dünyadı,
arzularım nakam qalan dünyadır
***
Yaradanda demişdin ki, sürünmə
Bir dəvəyəm yerdə gəzən sürünən
Yıx üstümə nə dərdin var, ərinmə
Məşəqqətdən , istirabdan İlahi.
***
Bir də... bir də bunda varam:
Yanağıma göz yaşlarım
süzülübdür gilə-gilə
Gözləyirəm sən siləsən
Yoxluğunu bilə-bilə
***
Ulu Tanrı bunu səndən gözləməzdim
Təzə dərdi köhnə dərdə dərman verdin...
Bütün yaşadıqlarımın yekunu budur qızım:
Min nəfərə bir dərd olsa
O da gəlib tapar məni
Yer üzündə bir it varsa
Gəlib tapıb qapar məni...
Çətin oldu, amma mən də dişləyənə qədər o itin dişini çıxarıb zərərsizləşdirə bildim.
Bir söz də deyim sizə, bəlkə bundan sonra bir ay, beş gün, üç gün, üç il sonra köçüb gedəcəm dünyadan Özüm haqda dəqiq bildiyim bir-iki şey var. Heç zaman millətimə sayğısızlıq etmədim, satqın adam olmadım. Buna görə qazancım da bu olacaq: Millətimin çiynində gedəcəm o dünyaya!..
Jalə Mütəllimova