Son günlər N. Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökuməti üzləşdiyi siyasi böhrandan  repressiv tədbirlərə əl atmaqla, siyasi rəqiblərini həbs edərək susdurmaqla çıxmağa uğursuz cəhdlər göstərir. Lakin koronavirus pandemiyasının ölkəni fəlakət həddinə gətirməsi və hökumətin bu vəziyyətdən çıxmaq üçün təsirli tədbirlər görə bilməməsi cəmiyyətdə narazılığı son həddə çatdırmaqdadır.

Siyasi rəqibləri pandemiyanın fəlakətli nəticələrinin əsas günahkarının N.Paşinyan olduğunu, onun vaxtında zəruri tədbirlər görmək əvəzinə, “Koronavirus kimin itidir?”, “Maska taxmağa ehtiyac yoxdur” kimi sərsəm bəyanatlar verdiyini xatırladırlarlar.

Bu cür əsaslı ittihamlara tutarlı cavab verə bilməyən baş nazir vəziyyətdən çıxmaq üçün  özünün və ailəsinin COVİD-19-a yoluxduğunu və 14 gün ərzində infeksiyanı heç kimə keçirmədiyini  bəyan edir və  fəlakətli statistikaya haqq qazandırmaq üçün aparıcı avropa dövlətlərində vəziyyətin daha pis olduğunu sübut etməyə çalışır.

 Siyasi rəqibləri isə ona uzağa getməməyi və Ermənistanın vəziyyətini Azərbaycandakı vəziyyətlə müqayisə etməyə çağırırlar. N.Paşinyana xatırladırlar ki, əhalisinin sayı 3,5 dəfə az olmasına baxmayaraq Ermənistanda Azərbaycana nisbətən yoluxma təqribən 2 dəfə, ölənlərin sayı 2 dəfədən artıq, gündəlik yoluxma sayı 2 dəfə çoxdur. Müxaliflər bildirirlər ki, ölkədə test çubuqlarının çatışmadığını bəhanə edərək ümumi test sayını mümkün qədər az etməklə(cəmi 70000, Azərbaycanda 343391) yoluxanların sayını azaltmağa, fəlakətli vəziyyəti xalqdan gizlətməyə çalışmaq ağılsızlıqdır və hökumət üçün heç bir yaxşı nəticə verməyəcək.

Ermənistanda koronavirus pandemiyasının geniş yayıldığı dövrdə tətbiq edilən məhdudiyyətlərə görə ölkə iqtisadiyyatının iflic vəziyyətə düşəcəyi ehtimalı günbəgün artır və ekspertlər həyacan təbili çalırlar. Ermənistanın sabiq İqtisadiyyat naziri Armen Yegizaryan bildirir ki, artıq ölkədə koronavirusa yoluxanların cayı o qədər artıb ki, alınan karantin tədbirləri belə arzuolunan nəticəni verməyəcək. Sabiq nazirin sözlərinə görə, son aylarda hökumətin tətbiq etdiyi antiböhran proqramı maliyyə cəhətdən yetərli deyil, vətəndaşlar üçün ciddi nəticə vermir və onların sosial-iqtisadi problemlərini qətiyyən həll etmir.
Koronavirus pandemiyasının Ermənistanı saldığı son dərəcə ağır durumda vəziyyəti necə düzəldəcəyini bilməyən “demokrat” baş nazir  gah əhalini, ilk növbədə siyasi rəqiblərini “müharibə dövrünün qanunları ilə davranaraq panika yayanları məhv edə biləcəyi” ilə hədələyir, gah da, yoluxma halları artdıqca səhiyyə sisteminin bunun öhdəsindən gələ bilməyəcəyi, xüsusilə ağır vəziyyətdə olan xəstələrin təhlükə ilə qarşılaşacağı, xəstəxanalarda yer olmayacağı barədə panik bəyanatlar verir. 

Populist vədlərlə hakimiyyətə gələn, verdiyi fantastik sözlərin girovuna çevrilən və günbəgün əhali arasında nüfuzunu itirən  N.Paşinyanın və başçılıq etdiyi hökumətinin son dərəcə ağır durumda olduğu danılmazdır və bu vəziyyətdən çıxaraq konstitusion müddətinin sonuna qədər işləyə bilməsi qeyri-mümkün görünür.

Abutalıb Səmədov
Azərbaycan Naminə Alyans partiyasının sədri

.